“Ədəbiyyat və incəsənət” portalı Ağdamdan pedaqoq Xaləddin Tağıyevin yurd sevgisinə köklənən məqaləsini təqdim edir.
Mən Tağıyev Xaləddin Həsən oğlu 16 aprel 1983-cü ildə Kəlbəcər rayonu Başlıbel kəndində anadan olmuşam. 1993-cü il aprelin 1-də Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvamızdan didərgin düşmüş, məcburi köçkün kimi Bərdə rayonu Gülgəzli kənd tam orta məktəbində müvəqqəti məskunlaşmışıq. 2013-cü ilədən isə Bərdə rayonu 866 saylı Yeni qəsəbədə yaşayırıq.
Hazırda Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə Şöbə müdiri vəzifəsində çalışıram.
32 ildən sonra doğulduğum, təəssüf ki boya-başa çatmadığım cənnətməkan Kəlbəcərimizin ən böyük yaşayış məskənlərindən olan, öz ziyalı, qonaqpərvərliyi, milli mənəvi dəyərlərə bağlılığı və zəngin təbiəti ilə seçilən kəndimizə - Başlıbelə səfərə çıxmağımız, məxsusi bir sevinc hissi ilə uzun yolçuluq nəsibim oldu. Üzü Murova sarı hərəkət edərək məşhur Ömər aşırımını keçəndən sonra məni dəhşətli bir həyəcan bürüdü. 32 il 3 ay keçəndən sonra doğma yurdumuza doğru qəribə duyğyuların burulğanından boylanaraq uşaqikən ayaqyalın və piyada 10 km-lərlə məsafə qət edərək qarlı-şaxtalı həmin Ömər aşırımı ilə qaçqınlıq dövrünün məşəqqətli və əzablı günlərini sanki yenidən, bir də yaşadım...
...Nəhayət, günorta saatlarında mənim üçün bu dünyanın cənnəti olan yurdumuza-Başlıbelə çatdıq. İlahi nələrə şahid olduq... nələr gördük....Bəşər tarixində bəlkə də ən barbar davranışın istisnasız olaraq əməli sübutu idi gördüklərimiz. Əsrarəngiz təbiət incisi olan elimizdən bir salamat nişanəyə rast gəlmədik, erməni vəhşiliyinin sərhədi yoxumuş ki... Əzəmətli Dəlidağın ətəyində, saf və billur Tutqu çayının sahilində yerləşən bu ulu türk yurdundan əsər-əlamət qalmayıb. Mənfur düşmən nəinki, ata-babalarımızın qurub yaratdıqları ev-eşiklərimizi, hətta insanlığa sığmayan hərəkətləri ilə qəbirlərimizi dağıtmaqla kifayətlənməyib, eyni zamanda onları təhqir etməkdən belə çəkinməyiblər. Şübhəsiz ki, düşməndən mərhəmət gözləməzlər ki....amma insanlıq tarixində erməni vandalizminin sərhəddi yoxdur. Yaşı 300 ildən artıq olan kənd məscidimizin mövcud durumu, 480 yerlik ilk addımlarımı atdığım doğma məktəbimizin bu günkü halı isə məni dəhşətli təlatümə qərq etdi. Kəndimizin yuxarı hissəsində yerləşən təzə məhlələrdə talan olmuş evimizə yaxınlaşanda isə elə bil itkin düşən uşaqlığımı, məhv olan gəncliyimi dəli kimi axtarmağa başladım....gücüm yalnız göz yaşlarımı sel kimi axıtmağa çatdı. Vüqarlı dağların, zirvələrində qartallar məskən salan yurd yerlərimizi doyunca seyr edərək, ömrün yarısında ən müqəddəs ziyarətgahımıza ayaq basmaq şərəfinə nail olmaq qismətimdə varmış. Vətənsizlik, qəriblik və ondan doğan yurd həsrəti nə imiş ilahi...nələr itirdik, nələr...qayğısız keçən uşaqlığım göz önümdə canlandı, haqq dünyasına köçən sinəsidağlı nakam və vətən nisgilli qohum-əqrəbalarımız bir anın içində gözümdə canlandı. Talan olan evlərimizin bir növ incik ruhu sanki adamın belini qırır. Düşmənin amansız və qəddar, qeyri-insani davranışları adamda nifrət və ikrah hissi doğurur.Tam məsuliyyətlə deyə bilərik ki, mənfur düşmən keçən bu müddət ərzində ancaq dağıntı və insan izini silməklə məşğul olub.
Amma keçən 30 ilə yaxın müddətdə heç zaman ümidimiz kəsilmədi, bəlkə də yaşamağımıza ən böyük səbəb olan amil, Ali Baş Komandanımızın müdrik və qətiyyətli siyasəti, eyni zamanda doğma elimizə olan bağlılığımız, dövlətimizə və ordumuza olan inam, bizlərdə böyük ümid yaratdı. O, inam ki, bizi möhtəşəm qələbəyə daşıdı. Şanlı 44 günlük Vətən müharibəsində parlaq zəfər çalan Azərbaycan haqq-ədaləti bərpa etdi. Şəhidlərimizin canı bahasına, qazilərimizin qanı hesabına və əsgər-zabitlərimzin rəşadəti, şücaəti, Ali Baş Komandanımızın müdrik və uzaqgörən siyasəti nəticəsində biz əbədi olaraq erməni mifologiyasını darmadağın etdik.
Artıq doğma elimiz mənfur düşməndən azad olunub. İnşəallah dövlətimizin gücü ilə biz əziz Başlıbelimizi cənnətə çevirəcəyik.
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)