İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü və Sumqayıt şəhər Bələdiyyəsinin dəstəyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, eləcə də Sumqayıt Gənclər Evinin tərəfdaşlığı ilə “Gənclər Paytaxtı Sumqayıt – 2025” ili çərçivəsində "Yay məktəbi" layihəsi uğurla həyata keçirilir.
Layihə çərçivəsində Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov xarici könüllülərlə görüş keçirib. O, əvvəlcə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını çatdıraraq, qonaqlara Sumqayıt haqqında ətraflı məlumat verib. Görüşdə qeyd olunub ki, Sumqayıt bir sıra xarici şəhərlərlə qardaşlıq əlaqələri qurmuş, beynəlxalq əməkdaşlığa böyük önəm verən şəhərlərdən biridir.
Bələdiyyə sədri, Sumqayıtda həyata keçirilən sosial və infrastruktur layihələri, o cümlədən gənclərin inkişafına yönəlmiş tədbirlər barədə də danışıb. Bildirib ki, şəhər rəhbərliyi daim gənclərin təşəbbüslərini dəstəkləyir və onların potensialının reallaşmasına şərait yaradır.
“Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Səadət Təhməzzadə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, layihənin Sumqayıt üçün önəmini vurğulayıb. Xarici könüllülər də öz növbələrində gördükləri isti münasibət və yaradılan imkanlardan məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, Layihənin əsas məqsədi məktəblilərin yay tətilini səmərəli, maraqlı və öyrədici şəkildə keçirməsinə şərait yaratmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Yay məktəbi çərçivəsində iştirakçılara fərqli təlim metodları, interaktiv oyunlar və qrup işləri vasitəsilə praktiki biliklər aşılanır.
Ən diqqətçəkən məqamlardan biri isə layihəyə xarici ölkələrdən olan könüllülərin də cəlb olunmasıdır. Danimarka, Rumıniya, Türkiyə, Polşa, İtaliya, İspaniya və Qazaxıstandan gələn tələbə gənclər Sumqayıtda yay təcrübələrini keçərək, həm yerli könüllülərlə birgə fəaliyyət göstərir, həm də Sumqayıt məktəbliləri ilə öz mədəniyyətlərini və qeyri-formal təhsil metodlarını bölüşürlər. Bu, yerli gənclərin dünyagörüşünün formalaşmasına, müxtəlif xalqların dəyərlərini tanımasına töhfə verir.
Görüşdən sonra qonaqlar Sumqayıt Bələdiyyə Parkı ilə tanış olublar. Park haqqında verilən ətraflı məlumat, şəhərdə aparılan abadlıq və yaşıllaşdırma işləri onlarda müsbət təəssürat yaradıb.
Belə layihələr bir daha göstərir ki, Sumqayıt gənclər üçün təkcə təhsil və inkişaf mərkəzi deyil, həm də beynəlxalq mədəniyyətlərarası mübadilə üçün əlverişli platformadır. “Yay məktəbi” layihəsi bunun bariz nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(09.08.2025)