Heç vaxt yarımçıq qalmayan - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən özümü bağışlaya bilmirəm. Bəzi şeylər var ki, özümü onlara qarşı əngəlləyirəm. Bir sədd çəkirəm, sevmədiyim şeylərə məruz qalmayım deyə. Və bəzən elə olur ki, özümə əngəllədiyim yollar qarşıma çıxanda o əngəlləri qırıb keçirəm, uydurma bir səbəb taparaq. O an bunu etmək üçün haqlı səbəblərim olur, etdikdən sonra isə geriyə yenə də peşmanlıq qalır. İnsan bəzi şeyləri ata bilmir, hər nə qədər mübarizə aparsa da.

 

Bir şeyləri bitirmək, həyatından çıxarmaq asan deyil. Bir boşluq yaranan kimi gəlib sənə qarışır. İstənməyən qonaq kimi gəlib qapını döyür. Sən onu dəvət etməsən də, o özü qapıdan bir şəkildə girəcək. Adını qoya bilmirəm, çünki onu əngəlləyə bilmirəm. “Bir səhv idi, keçdi, bir yanlış idi, doğrunu tapdım, bir boşluq idi, yerini doldurdum” deyə bilmədiyim üçün həmişə bir yer yarımçıq qalır.

Və mən hər dəfəsində yarım qaldığım yerdən yaralanıram. Hər dəfə elə düşünürəm ki, bu dəfə hər şeyi keçmişdə buraxa biləcəyəm. Amma hər dəfə düşdüyüm yerdə ilişib qalan mən oluram. Bu gerçəklə yaşamaq üzləşmək qədər çətindir.

Amma mən mübarizə aparıram. Bəlkə bir gün hər şey düzələcək, keçmiş xoş xatirələrlə xatırlanacaq. Artıq sənə əvvəlki kimi əzab verməyəcək, çünki sən heç vaxt davam etməkdən, mübarizə aparmaqdan qorxmadın. Və bir gün üzləşməkdən də qorxmayacaqsan.

Unutma, bir gün hər şey bitəcək, sən hər çətinliyin öhdəsindən gələ biləcəksən. Bu hekayənin qəhrəmanı — heç vaxt yarımçıq qalmayan sənsən.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.