TƏLƏBƏ YARADICILIĞI – “3-cü mərtəbənin balkonu”, hekayə Featured

 

“Ədəbiyyat və incəsənət” portalı yay tətilinə baxmayaraq, Tələbə yaradıcılığı rubrikasını davam etdirir. Bu gün sizlərlə Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə III kurs tələbəsi Gənc Yazarlar və Ədəbiyyatşünaslar klubunun üzvü Fərasət Babazadəni görüşdürürük.

Fərasət “3-cü mərtəbənin balkonu” adlı hekayəsini təqdim edir.

 

Üçüncü mərtəbədəki evlərdən birinin balkonunda bir qoca oturmuşdu. Hər zamankı yerində. Sükut içində... Ağarmış saçları başına toplanmış qar kimi idi. Bir az gec yağan, amma iz qoyan. Saqqalı da o qarın davamıydı, çənəsindən ürəyinə qədər uzanan bir ağrı kimi. Gözləri də böyük, gerçəkləri, yalanları, səhvləri, düzləri – hamısını görmək üçün böyük. Dərisinin qırışları bir kitab kimi, hər qırışın altında bir cümlə – deyilməmiş, oxunmamış... Qulaqları daha haqsızlıq eşitməkdən bezmiş şəkildə. O qədər də diqqət çəkməyən, bəlkə də hər gün ətrafımızda yüzlərlə görüb bir dəfə belə baxmadığımız insanlardan biri kimi idi. Cizgi belə çəkmədim amma heç vaxt indi olduğumdan daha böyük bir rəssam olmadım...

O, sadəcə həyatı yaşamamışdı. Yeri gəlib tələbə olub zamandan, həyatdan nələrsə öyrənib, yeri gəlib müəllim olub zamana, həyata nə isə öyrədib. Bir vaxtlar çox yazırdı, məqalələr, şeirlər, hekayələr. Bəzən bir cəmiyyətin boynuna düşən yükü yazırdı, bəzən də bir insanın içində daşıdığı acısını. Adı ilə mətbuata imza atmışdı. Amma indi yadına yalnız bir kitab düşdü.
İlk kitabı, “həyatı 11də tapdım”. Ən çox ona bağlanmışdı. Onu çap etdirəndə içində nəsə dəyişmişdi. Elə bil özünü ilk dəfə o zaman “şair” kimi hiss etmişdi. Çox zaman deyirdi ki, “şeir – gülən gözlərinin altındakı kədəri göz yaşları ilə yox, sözlə çatdırmaq üçün yazılır.” Bu söz indi beynində cingildəyirdi.

İlk kitabı, o günlər, o sözlər... Yenidən içində bir şeylər oyanırdı. Amma bu dəfə yazmaq üçün yox. Sadəcə xatırlamaq üçün...
Kitablar arasında böyümüşdü düşüncələri, amma qəribədir ki, gənclik illərində Dostoyevski, Şekspir və digər dühaları oxumağı lüzum görməmişdi. Düşünmüşdü ki, “Mənim işim konkretlikdir. Mən nəzəriyyəni bilməliyəm, cəmiyyətə, özümə, ailəmə faydalı olmalıyam”. Dünya ədəbiyyatına etinasızlıqla, sanki uşaq bir kənar oyuncağa baxan kimi baxmışdı. Anlamamışdı ki, bəzən bir Dostoyevski cümləsi, on nəzəriyyə kitabından ağır gəlir insana.
İndi isə... əlində kiril əlifbası ilə yazılmış bir kitab vardı. Hərflər, sətirlər arasında susan kədərlər vardı. Tozlu balkonda, kitabın yanına qoyduğu balaca taburetkada çay soyumuşdu, çay da yəqin yorulmuşdu içilməyi gözləməkdən. Havadakı sərinlik nəfəs kimi girirdi içəri. Küçədən gələn səslər uşaqların gülüşü, təkərin sürtünməsi, bir it hürüməsi, hamısı xatirə kimi keçirdi. Qoca öz şeirlərini düşünürdü.  Onların içindəki bir vaxtlar yaşamadığını düşündüyü gəncliyini. İmza günlərini xatırladı, insanlar qarşısında dayandığı anları, hər kəsin gözündə bir az da heyranlıq olduğu anları. Və birdən, dodağının kənarına kiçik bir təbəssüm qondu. Həzin, yuxu kimi.

Məhəccərdən boylandı aşağıya. Uşaqlar oynayırdı. Təkərlərin üstünə minib fırlanır, qışqıra-qışqıra gülürdülər. Topu bir-birinə ötürüb qaçırdılar, gah yıxılır, gah ayağa qalxırdılar. Oyun onların həyatına rəng qatırdı. Qoca baxırdı. Gülümsədi, amma dodaqları ilə yox gözləri ilə. Bir qrup uşaq da futbol oynayırdı. Əsəbləşirdilər, çığırırdılar, sevinirdilər, yorulurdular, amma əl çəkmirdilər. Hər şeyləri içdən idi, həqiqi idi, yalandan uzaq...
Qoca ağır-ağır yerindən qalxdı. Əlini balkonun məhəccərindən ayırıb içəri keçdi. Yavaş-yavaş pillələri düşdü. Küçəyə çıxdı. Oğlan uşaqlarının tərəfinə getdi. Orda, kənarda, bir az da toz içində qalmış köhnə skamyada oturdu. Uşaqlara baxdı. Gözlərində uduzmaq qorxusu yox idi, yalnız o ana həbs olmaq vardı.
Birdən oyunun ən həyəcanlı yerində top düz qocanın oturduğu yerə gəldi. Hər şey dayandı. Bir anlıq həm oyun, həm də onun içindəki səs-küy susdu. Qoca topu götürdü. Əlinə aldı, baxdı.
Top köhnə idi. Üzündə yazılar silinmişdi. Küncləri çatlamışdı, dərisi soyulmuşdu. Yorulmuşdu top. Elə özü kimi.
O anda uşaqlardan biri qışqırdı:
– Təhməz dayı, topu tullaa!
Qoca başını qaldırdı. Uşaqlar ona baxırdı. Topu havaya tulladı. Uşaqlar sevinib oyuna davam etdilər. Oyunun səs-küyü geri qayıtdı. Düşündü: "İnsan bəzən bir top qədər yorulur. Bir oyunun ortasında dayanıb, nəyinsə ortasında qalıb, sadəcə gözləyir. Zamanı xatırladan hər şey adamı yorur. Ən çox da gözləmək. Həyat boyu ya nəyisə gözləyirik, ya da kimisə gözlətməli oluruq. Hər ikisi ağırdır. Hər ikisi yorur.
Bir körpənin öncə böyüməsini gözləyirlər. Addım atmağını, danışmağını. Sonra, oxumağını, işləməyini. Zaman keçir, bu dəfə də sevgi göstərməyini, insanlara yaxşılıq etməyini, amma eyni zamanda aldanmağını, aldatmağını gözləyirlər.
Axırda isə... ölümü gözləyirlər.
Amma onun özü də nəsə gözləyir. Bir az anlayış, bir az sədaqət, bir az da hüzur. Və bir də baxır ki, illər keçib. Axtardığı bir çox şeyi tapa bilməmiş, gözlədiyi bir çox şey gəlməmiş bir insan kimi. Elə-belə dolub boşalan bir ömrün içində sakitcə gözləyir. Bir gün o da sadəcə ölümü gözləyir..."
Skamya daşların kölgəsində, bir az sükutda, bir az sükunətdə idi. Qoca bir dəftər gördü. Qəhvəyi, cildli, köhnə, amma nədənsə açıq. Şeir dəftəri idi. Əlinə aldı astaca. Vərəqlər köhnəydi, bəziləri qat yerindən kövrəlmişdi. Yazılar tanışdı fərqli əl yazmaları, fərqli müəlliflər. Mikayıl Müşfiq, Əli Tudə, Vahid Əziz, Zəlimxan Yaqub... Hər misrada bir məna, bir inam, bir itki.
Oxumağa başladı. Vərəqlər arasında bir şeirə çatdı ki, dayandı. Digər şeirlərdən seçilirdi. Qoca barmağını səhifəyə toxundurdu. Bu ad, Salam Sarvan.
Baxdı. Ona çox baxdı. Nə şeiri oxuyurdu, nə də keçirdi. Sadəcə baxırdı. Sanki şeirə deyil, aynaya baxırdı. Özünü orda görürdü, amma fərqli biri kimi.

Bilmirəm keçirim hansı halını?
Oynayım toyuna, batım yasına?
Hər gün neçə məktub yazıb cırıram,
Cırıb tullayıram… poçt qutusuna.

Sətirlər nəfəs kimi idi. Onun keçmişindən çıxıb bu səhifəyə düşmüş kimi. Amma bir şey gözündən yayınmadı.
Adın altında imza vardı, Salam Sarvan. Amma… bir ləkə göründü gözünə. Qara mürəkkəb izinin ortasında balaca bir qırılma sanki qələm titrəyib dayanmışdı. Ad indi bir başqa cür oxunurdu: Salam, Sarvan. Araya sanki bir vergül düşmüşdü. Kiçik bir ləkə. Amma bütöv bir məna dəyişmişdi. Bu artıq tanınmış bir şairin adı deyil, bu bir müraciət kimi görünürdü. Demək ki...
Bir vergül necə ki, bütün yazının məğzini dəyişirsə, balaca bir hadisə də, bir baxış da, bir gülüş də, bir kitab da, bir söz də, bir hekayə də insana bu qədər təsir edib, hər şeyi dəyişdirə bilər. Bir daş belə dəyişdirə bilər min il suyun qumluğa vurmasını. Sadəcə bir daş. Əlindəki dəftərçəyə bir də baxdı. Onu astaca skamyaya geri qoydu. Elə qoydu ki, heç toxunulmamış kimi qalsın. Bəlkə bir başqası da onu oxuyar, başqa cür anlayar. Bunu bilməsəm necə dəyişdirərəm, səni, məni, bütün dünyanı…
Sonra yerindən qalxdı. Əlləri arxada, beli bir az bükük, asta addımlarla binanın həyətində biraz yeriyirdi. Həyat isə davam edirdi. Vergüllərlə, nöqtələrlə, yeni başlayan cümlələrlə...

Sərin bir meh gəldi. Üşüyürdü. Soyuq idi. Birdən dodağındakı təbəssüm sönmüş bir işıq kimi çəkildi. Sanki nəsə içindən düşdü. Görünməz, toxunulmaz bir şey. Soyuq idi. Amma bu soyuq barmaqlarını üşüdən payız havası deyildi, bu, daha dərin bir soyuqluq idi. Düşüncələrin içindən süzülən, qəlbinə çökən. Hava soyuyurdu, bəli, amma o, havanın içindəki sükutu hiss edirdi. Sözlərin qırıldığı, xatirələrin donduğu o qəribə boşluğu.
Binanın qabağına çatanda başını qaldırıb 3-cü mərtəbəyə baxdı. İçəri keçmək istədi, pencəyini götürmək, çiyninə atmaq, bir az qızınmaq. Soyuq olan düşüncələri, onlar bəzən gecələrdə baş qaldırır, bəzən səhərlər susurdu. Amma indi onlar danışmaq istəyirdi.
Evinə girib qapını bağladı. Səssiz idi hər tərəf. Qarderobun qarşısından dönüb kitab rəfinə tərəf getdi. O rəf evin ən səssiz, amma ən çox danışan yeriydi. Qoca bilirdi orada onu tamamlayacaq fikirlər var. Orada yarımçıq qalan düşüncələrə nöqtə qoya biləcək sözlər var. Hər kəsin xəzinəsi pullardır, yadigarlar, foto albomlar. Onlar təkcə kağız deyildi. Onlar onun keçmişiydi, itirdikləriydi, axtardıqlarıydı.
Əlini uzatdı, bir kitabı seçdi. Əli titrədi ya soyuqdan, ya da içindəki həyəcanla. Kitabın tozunu barmaqlarıyla sildi. Sanki yaddaşındakı bir xatirəni təmizləyirdi.
Balkona çıxanda gələn soyuq havanı o hiss etmirdi. Çünki bu dəfə onun əlində bir paltar yox, isti bir düşüncə vardı. Oturdu hər zamankı yerinə. Hava sərin idi, amma nə nəfəs dondururdu, nə də isinməyə ümid verirdi. Qoca əlindəki kitaba baxırdı. Ağ cildi vardı kitabın. Qırmızı hərflərlə yazılmış bir ad: “Yaşamaq” Əlini yavaşca kitabın üzərində gəzdirdi. Tanış bir toxunuş idi bu, illərdən qalan.

O düşündü... “Elə günlər gördüm ki… Ümidsizlik, inamsızlıq 4 tərəfimi də sarırdı. Bəzən qəlbimi bir bataqlıqda çırpınanda tapırdım. Ruhum bir heykəl kimi düşüb sınırdı. Bu səsi eşidənlərdə yanımdan keçib gedirdi.  Elə günlər gördüm ki, dost dediyim insanlar mən yanına gələndə dodağını büzdü. Bir zamanlar yanında danışmağa ehtiyyac duymadıqlarım məsləhət verdi, sağ əlinin istiliyini çiynimdə hiss etdirdi. İçində yaşanılmayacaq bir dünyada yaşayıram. Fəqət bir şeylər məni yaşamağa bağlayırdı. Əgər bu gün yaşayıramsa düşünmə ki, həyat şirin, insanlar xoşniyyət olub. Bir addım belə ata bilməyən dizlərim taqəttən düşəndə məni qaçmağa sövq edən bir kitab olub.” Bəlkə də bu düşüncə özü elə bir şeir idi amma heç vaxt yazılmayacaqdı. Yazıçı var şeir yazar, kitab çıxarar, yazıçı da var şeir yazılar, adına kitab çıxarılar… Bu hekayədə onlardan hansısa biridir…

Bu kitab ona hədiyyə verilmişdi. 20-ci yaşlarının başlanğıcında idi o vaxtlar. Həyatı tapdığı vaxtlar. Qocanın baxışları göyə qalxdı. Buludlara. Ağır-ağır hərəkət edən buludlara baxdı.
Kitabın üz qabığını araladı. Vərəqlər bir az saralmışdı sanki illərlə toxunulmamışdı. Açdı ilk səhifəni. Tanış xətt. Tanış sözlər. Başladı oxumağa:
“– Mən həyatı qəlbimin dərinlərində yaşayıram. Zamansız, məkansız, səssiz... Amma sənsiz deyə bilmirəm...
– Edam ediləcəyimi bilsə idim, yenə məkansız, zamansız və səssiz olardım... Nəsimi tək... Tək fərqimiz o edam ipinə, mən isə eşq tülünə məhkumam...”  Qoca kitabı bağlamadan əlində tutub bir az da sinəsinə yaxınlaşdırdı. Elə bil o sözlərdən, o hərflərdən bir az istilik keçdi içinə. Yavaşca gözlərini yumdu. Balkonun səssizliyində keçmişin səsi daha aydın eşidilirdi. 
Balkonun qapısı astaca aralandı. Hər şey o qədər sakit idi ki, elə bil zaman belə nəfəsini tutmuşdu. İçəri bir nəfər keçdi. Addımları yüngül idi, sanki taxta döşəmənin xatirələrini incitməməyə çalışırdı. Qocanın çiyinlərinə bir pencək qoyub bir anlıq başının üstündə durdu. Sonra əyilib saçlarını oxşadı. Ağarmış, dən-dən ağlar əkilmiş,
amma yenə də tanış olan o saçları.
Stolun üstündəki soyuq çayı götürdü diqqətlə, əvəzində bir fincan isti çay qoydu. Qoca heç nə demədi. Gözlərini buludlardan çəkmədi. Amma çiynindəki o yüngül istilik, fincandakı buxar və saçında hiss etdiyi o tanış əl... Təsvirinə aciz olduğum bu mənzərə danışmadan hər şeyi izah edirdi...

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.