Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
ASAN Könüllülərinin təşəbbüsü ilə həyata keçirilən ASAN Peşə layihəsi artıq bir neçə gündür ki, maraqlı və ilhamverici fəaliyyətlərlə davam edir. Layihənin məqsədi, gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq və onları foto və video sahəsində peşəkar bacarıqlarla təmin etməkdir.
Ötən gün – 4 avqust tarixində layihənin ən yaddaqalan anlarından biri baş verdi. Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov bizlə – layihə iştirakçıları ilə görüşə gəldi. Hələ salona daxil olduğu andan biz hiss etdik ki, bu, sadəcə bir təlim deyil, bu, görüş zamanın içindən keçib gələn xatirələrin, tarixi anların canlı təqdimatıdır.
Rafiq müəllim çox sadə, səmimi və bir o qədər də dərin məzmunlu çıxış etdi. O, Ulu Öndərlə birlikdə dünyanın müxtəlif ölkələrində iştirak etdiyi rəsmi səfərlərdən, siyasi liderlərlə olan görüşlərdən, çəkdiyi fotoların arxasında gizlənən hekayələrdən danışdı. Onun sözlərindən aydın oldu ki, obyektiv bəzən tarixin susan şahidi, bəzən isə duyğuların ən real ifadə vasitəsidir.
Mən ona bir sual ünvanladım: “Fotoqraf kimi sizi ən çox təsirləndirən an hansı olub?” Bu sual qarşısında o, bir anlıq duruxdu və sonra çox səmimi şəkildə dedi ki, iki an heç vaxt onun yaddaşından silinmir:
Biri, yetim bir uşağın Qarabağ şikəstəsini oxuduğu zaman Heydər Əliyevin kövrəlməsi və göz yaşlarını gizlədə bilməməsi.
Digəri isə, ailə üzvünün qəbir ziyarəti zamanı çəkilən anın duyğusal təsiri.
Bu cavab təkcə mənim yox, salondakı bütün iştirakçıların qəlbinə toxundu. Biz həmin an anladıq ki, fotoqraf olmaq sadəcə düyməni basmaq deyil, hiss etmək, yaşamaq və başqasına da yaşatmaqdır.
Görüşün sonunda Rafiq müəllim hər birimizə təşəkkür etdi, bizimlə xatirə şəkilləri çəkdi, hətta kameranı əlinə alaraq bizi öz obyektivindən çəkdi. Bu, təkcə təlim yox, bir tarix dərsi idi.
Hər anı öyrədici, hər sözü düşündürücü olan bu görüş bizim üçün unudulmaz oldu. ASAN Peşə layihəsinin yaratdığı bu fürsət, biz gənclər üçün həm motivasiya qaynağı, həm də gələcək yolumuza işıq tutan bir addım oldu.
SÖZARDI
ASAN Könüllülərinin təşkilatçılığı ilə 23 iyul tarixindən start götürən “ASAN Peşə” layihəsi çərçivəsində gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə fotoqrafiya və video təlimlərinə başlanılıb. Layihənin əsas məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, onları yaradıcılıqla yanaşı peşəkar istiqamətdə də inkişaf etdirməkdir.
Layihənin iştirakçıları müxtəlif mərhələlər üzrə praktiki və nəzəri dərslərdə iştirak etməklə yanaşı, həm də bu sahədə uzun illər təcrübəsi olan peşəkarlarla tanış olmaq və onlardan öyrənmək imkanı əldə ediblər.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)