Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Mənuşağ olandahər şeybirazbaşqacüridi.
Küçələr səssiz, amma ruhlu idi. İnsanlar az danışırdı, amma bircə baxışla çox şeyi başa salırdılar. Babalar var idi, nənələr var idi... Saçları ağ, əlləri qırış-qırış, gözləri yorğun, amma içi dolu insanlar. Hərəsi bir həyat yaşamış, çox şey görmüş, amma heç nəyi üzə vurmayan adamlardı onlar.
Onların cibində bir sirr vardı. Həmişə sağ cibdən çıxan bir konfet...
Heç vaxt gözləmədiyim anda, heç tanımadığım bir baba, bir nənə, sakitcə əlini cibinə atar, bir konfet çıxarar və uzadardı.
Adımı bilməzdi, kim olduğumu bilməzdi. Amma bircə o hərəkətiylə mənə bir hiss ötürərdi:
“Vacibsən. Var olmağın yetər. Paylaşmağa dəyərsən.”
Mən o konfetləri heç vaxt sadəcə şirniyyat kimi qəbul etmədim.
Bəzən çantamda günlərlə saxlayardım.
Əriməsin deyə günəşə qoymazdım.
O konfet mənə uşaqlığın bir hissəsi idi. Sanki bir gün yox olsa, uşaq olduğum sübutunu itirəcəkdim.
O insanlar mənim doğma nənəm, babam deyildi. Bəlkə onların nəvəsi başqa şəhərdə idi, bəlkə də ümumiyyətlə yox idi. Amma o anlarda, o konfet verəndə biz doğma olurduq.
Heç danışmadan bir münasibət qurulurdu aramızda. Sözsüz, səssiz, amma səmimi.
İndi böyümüşəm. Böyüdükcə adam daha çox şey görür, amma daha az hiss edir.
İndi babalar var — telefona baxan. Nənələr var — yadlaşmış.
Ciblər boşdu. Sözlər süni. Baxışlar ötəri. Küçədə kimsə kimsəyə gülümsəyəndə belə, insanlar şübhə ilə baxır: “Niyə baxdı?” deyə.
Heç kimin cibində konfet yoxdur artıq. Kimsə kimsə üçün o qədər də maraqlı deyil.
Bəzən dayanacaqda dayananda, içimdəki o uşaq yenidən başını qaldırır. İnsanlara baxır, əllərinə baxır. Bəlkə bu dəfə? Bəlkə yenə kimsə əlini cibinə atacaq? Amma yox. İndi cibdən ya telefon çıxır, ya da açar dəstəsi.
Konfetlərin yeri indi marketdədi — plastik, soyuq, sevincsiz.
Amma mən o günləri unutmuram. Cibdən uzanan o kiçik konfetlər, böyük bir sevgidən xəbər verirdi.
Onlar qayğı idi, sevgi idi, xatırlanmaq idi.
O günlərdə xoşbəxtlik var idi — sadə, lakin saf bir xoşbəxtlik.
İndi isə biz xoşbəxtliyi axtarırıq, amma harada olduğunu unutmuşuq.
Yəqin mənim xoşbəxtliyim o cibdə qaldı.
Və yəqin ki, o konfetlər — uşaqlığın içində gizlənmiş, bir də heç tapılmayacaq qədər saf idilər.
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)