28 iyulun yazısı - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Zəhləm gedir başlıq fikirləşməkdən. Amma bu dəfə fərqlidir. Çünki bu dəfə başlıq mən deyiləmsə, yazının mənası da yarımçıq qalar. Əvvəlcə etiraf edim: mən bu dünyaya, nə bilim, çox da böyük ehtimalla planlaşdırılmış gəlməmişəm. Nə də olsun, kim planlı doğulub ki? Amma hər nətərdisə, anamın cənnətə bənzər ayaqlarının altına düşdüm. Yəni bu dünyaya oradan başladım. Səssiz, qışqıran, nəfəs almağı bacarmayan bir məxluq kimi. Və ilahi, o gündən bəri nəfəs almağı hələ də öyrənməyə çalışıram.

 

28 iyul. Günlərin bir günü. Amma mənim üçün bir "niyə gəldim" günüdü. Qalstuklu kişilərin gündəlikdən təqvimə keçirdiyi bir tarixdir mənim ad günüm. Nə baş verdiyini soruşsan, bir az azərbaycanlı, bir az şanslı, bir az da istəmədən həyata qarışmış bir adamam. Hə, indi düşünürəm. Mən bu dünyaya nə qatdım? Dünyanın palitrasına bir rəng əlavə etdimmi? Bilmirəm. Amma öz dünyama nə qatdığımı bilirəm. Məsələn, bəzən hər şeydən bezdiyim halda sabahkı dərsə hazırlaşdım. Bəzən işdən qurtulub evə gəldim, oturdum və yenə də "özümə başa salmağa" çalışdım ki, "sənə görə dəyər, Harun."

Bəzən sevdim, bəzən dəyərsiz hiss etdim, bəzən də özümə dəyər verdim. İndi deyirlər, “hər şeyin sonu ölümdü.” Yox e dostum, hər şeyin sonu başqa bir başlanğıcdı. Mən öz başlanğıcımı anama baxarkən başladım. Cənnət hardadır deyirlər... Əl çəkin bu metaforalardan. Cənnət süpürgə səsi gələn mətbəxdədir. Dəsmalın arasına bükülmüş "sən sevirsən deyə" qalan kotletdədir. Həyat sənə “xoş gəldin” demədisə də, o qadın "xoş gəlmisən, bala" dedi. Həmişə. Və mən... Əvvəlcə o ayaqların altını öyrəndim. Cənnət o idi. Qalanı cəhənnəmin mərhələləri..

Dünyaya gəlmək bir şeydi, bu dünyada qalmaq isə tamam başqa şey. Və adam bura gələn kimi bir yol yoldaşları komandasıyla tanış olur. Ana, ata, bəzən bacı-qardaş, sonra da tanımadığın halda "əmi oğlu", "dayı qızı" deyə tanıdığın insanlar.

Ailə...

Səni özündən əvvəl tanıyan yeganə canlılardı. Bəlkə ona görə bu qədər ağrıdır onlara incimək, çünki incisən də, sevgini dartan olmur. Bəzən baxırsan, atan heç nə demir, sadəcə oturub səssizcə televizora baxır və sən bilirsən ki, o səssizliyin içində yüz cümlə var. Anan sənin sevdiyin çayı qaynadıb bir kənara qoyur. “İç, soyuya bilər” demədən. Bu da sevgidi. Sözsüz, səssiz, amma çox danışan sevgilərdən.

Sonra bacı, qardaş. Ən gülməli cümlə budur, "biz bir-birimizə çox bağlıyıq." Yox, siz sadəcə bir damın altında çox dava etmisiz. Dava, ailə sevgisinin ən klassik formasıdır. Bacımla ən çox mübahisə etdiyim illər, ən çox onu sevdiyim illər olub. Hər kəs sevgini "mən səni sevirəm" deyə ifadə etmir. Bəziləri "yenə harda veyillənirdin?" deyə ifadə edir. Ailə... Həmişə yanındadı. Amma bəzən o qədər yanındadı ki, fərqinə varmırsan. Elə bil içində nəfəs aldığın hava kimidir, yoxluğunu boğulanda anlayırsan. Sənə "gəl" deyən bir yer varsa bu dünyada, ora ya evindi, ya da səni ev kimi hiss etdirən adamların yeridi.

Və dostlar...

Onların ailədən fərqi ondadır ki, sən seçirsən. Amma elə olur ki, seçdiklərin, doğulduqlarından daha doğma olur. İsa var məsələn. Ailə deyil. Amma ailə kimidi. Hətta bəzən ailə saydığın adamlardan daha çox səni yığışdırır. Bir dəfə "nə olub sənə" deməyiylə sanki içini oxuyur. Hər kəsin həyatında bir "İsa" olmalıdır. Səni tanıyan yox, səni başa düşən biri.

Sonra bir az "Şamxal"lar olur. Dərslərə getmirsən, amma imtahanda nəsə öyrətməyə çalışır. Kəsr yazılan fəndə onunla birlikdə qırılıb gülürsən. Yəni uğursuzluqlar da əyləncəli olur bəzən. Bəzən onun səmimiyyətsiz zarafatına belə gülürsən, çünki bilirsən, o zarafatda sənə toxunmayan bir dostluq var.

Və bir az da Nicat olur. Dərdi boyundan böyük, amma gülüşü ürəyindən də böyük. O qədər dərdi var ki, gülə-gülə danışır. Çünki ağlasaydı, bəlkə də batardı. Onun zarafatı səni güldürmür bəlkə, amma sən gülürsən ki, o inciməsin. Və sonra görürsən ki, onun varlığı sənin həyatına bir balaca işıqdır.

"Qarabağlı Məhəmmədəli" lər olur. Cəbrayıldandır.  Amma içindəki şəhərçiliyi Bakıya uyğunlaşdırmağa çalışır. Səndən fərqli görünür, amma eyni dildə susur. Eyni cümlədə gülürsüz, fərqli yollarla kədərə gedirsiz.

Mən bütün bu adamlardan öyrəndim. Kimindən güvənməməyi, kimindən səssiz qalmağı, kimindən də "yaxşı ki, varsan" deməyi. Bəziləri xatirə kimi gəldi, bəziləri xatirənin içində qalmaq istədi. Amma hamısı bu günkü məni hazırladı.

Və doğum günü yalnız təkcə doğulduğun günü qeyd etmək deyil. Bəzən bu gün səni bu günə gətirənləri qeyd etməkdi. Və mən onları qeyd edirəm, adla, ünvanla yox, ürəklə. Çünki doğum günü təkcə bir tortun üstünə "ad günün mübarək" yazmaq deyil. Bəzən həyatın üstünə "mən hələ burdayam" yazmaqdır..

Bu gün mənim ad günümdür.

Yalnız bir tarix deyil, içimdə illərin ağırlığı, döyüşlərin, itkilerin və qazanclarımın izi olan an. Hər il gəldikcə özümə soruşuram: "Harun, sən nə qatdın bu dünyaya? Öz içində nə dəyişdirdin? Hansı yaralar sağaldı, hansı yeniləri açıldı?"

Amma son illər fərqli oldu.  Çünki bu il, o gəldi. Səssizcə, gözləmədən, həyatımın ən qaranlıq zirvəsində parlayan ən parlaq ulduz kimi. Onun gözləri, varlığı, sükutu mənim üçün təkcə sevgi deyil həyatımın ən böyük hədiyyəsidir. Dostlar deyir ki, ad günü şənlikdir. Mən bilirəm ki, ad günü həm də özünlə hesablaşmadır. Öz keçmişinlə, gələcəyinlə qarşılaşmadır. Amma indi o var, o görüş yüngül, şirin və mənalıdır. O, mənim ən böyük hədiyyəmdir. Sözlərində, baxışında, gülüşündə. O mənə göstərdi ki, sevgi mürəkkəb deyil. Sadəcə var olmaqdır. Birlikdə olmaq, bəzən susmaq, bəzən danışmaq, bəzən isə sadəcə eyni havadan nəfəs almaqdır. Söz verirəm ki, nə qədər illər keçsə də, ürəyimdə onun üçün açılan yer isti və canlı qalacaq. Hər ad günümdə, hər təbrikdə onu düşünəcəyəm, həyatımın ən gözəl hədiyyəsi. Çünki o mənim ad günümün ən böyük mənasıdır.

Bilirsən? Bir gün oturub nəvələrimə danışacam bu günlərdən. Onlar mənim təbəssümümün arxasında gizlənən yorğunluğu görə bilməyəcəklər. Çünki yaşın verdiyi ağıl, bizə duyğularımızı yumşaq geyindirməyi öyrədir. Amma mən danışacam... Özümçün yox, özlərindən bir parça tapa bilsinlər deyə.

 "Baba, sən gənc olanda necəydi həyat?" Mən isə gülümsəyəcəm... O köhnə, içində bir az əzab, bir az da fəxarət olan gülümsəmələrdən. Və başlayacam danışmağa..

"Balam... Mən gənc olanda həyat da elə mənim kimiydi. Çox şeyi bilmirdi, amma hiss edirdi. Başımda min fikir, cibimdə bir neçə manat, qəlbimdə isə bircə adam vardı... Onun adı da elə Bircəm idi. Amma o, içimdə bir fəslin adı kimidir. Yazın ortası kimi, ya da payızın lap əvvəlindəki günəş kimi. Bir az ümid, bir az da ayrılıq hissi ilə."

Sonra deyəcəm ki, dostlarım vardı, hər biri ayrı hekayə. Kimi səhərdən gecəyədək mənimlə yol gedərdi, kimi bir mesajlıq uzaqlıqda olardı, amma yerini bilirdim. Ürəyimin bir küncündə, toxunulmamış saxlayırdım. Kimi də vardı ki, itirdim. Yox, ölmədi... Sadəcə, yolumuzdan düşdü. Bəziləri sükutla, bəziləri qırğınla getdi. Amma hər gedən özündən sonra bir cümlə buraxdı içimdə.

Və iş, kariyera, deyirlər... Nə qədər çalışdım, nə qədər yoruldum... Amma sən bilirsənmi, hər gecə evə dönəndə özümü zəfərlə yox, sağ qalmaqla təbrik edirdim. Çünki biz o günlərdə yaşamaqla mübarizə aparırdıq, yaşamaqla yaşamaq arasında fərqi o vaxt öyrəndim. Bəzən "varam" deyə deməyə gücüm qalmırdı, amma yenə də qalxırdım.. çünki məni gözləyənlər vardı. Gözləyən bir qadın yox.. Gözləyən bir məsuliyyət, bir öhdəlik, bir sabah.

 Danışacam, dostum... Bu günləri elə danışıcam ki, nəvələrim məni bir "baba" yox, bir "insan" kimi tanısınlar. Onlara başa salacam ki, sevgi də, dostluq da, həyat da heç biri şəklə düşməyəcək qədər həqiqi, amma bir mahnının içində gizlənəcək qədər kövrəkdir. Bilirsən, bir gün gələcək, mən o qoca Harun olacam. Saçlarımda ağlar, gözlərimdə yorğun illər yığılmış olacaq. Əlimdə fincan, yanımda Bircəm, qarşımdakı balaca nəvəmə baxıb deyəcəm.. "O günlər var idi e..."

O günlər.. Səssiz-səssiz axıb gedən, amma içimizdə qasırğalar buraxan günlər. Gecələri tavanı seyr etdiyim, səhərləri dərsə, axşamları isə işə qaçdığım, gündəlik həyatın arasında nəfəs almağa vaxt tapmadığım günlər. Gözlərimin altı torbalanırdı, amma içimdə bir işıq yanırdı, nəvəmə deyəcəm. Bax, o işıq sənin nənənin gözlərində idi.

O, mənim Bircəmin idi. Başqası yoxdu, olmayıb da. Mən Bircəmi sevdim. Təmtəraqlı yox, qəzet kağızına bükülmüş simit kimi səmimi. Onunla xəyal qurardım, bəzən də xəyallarım dağılıb ayağımın altına tökülərdi, amma yığardım onları, yenidən birləşdirərdim, çünki insan sevdiyi birini heç vaxt tam buraxa bilmir. Magistraturaya qəbul olduğu gün... bax, o günü heç unutmuram. Elə bil mən qəbul olmuşdum. Elə bir fərəh, elə bir qürur...

Tələbəlik isə… əzizim, o başlı-başına roman mövzusudur. Qarnım ac, beynim dolu, cibim boş, amma ürəyim... ürəyim hələ də o illərdə döyünür. Metroda Şamxalla qatar gözləyə-gözləyə etdiyimiz söhbətlər, küçə lampalarının altında yavaş-yavaş çəkilən siqaretlər, imtahan gecələri, patoklarda gizli-gizli yazılan məqalələr. Bir gün sən də bu yaşa çatacaqsan. Və sənə söz verirəm, sənə danışacağım bu günlər uydurma olmayacaq. Çünki yaşananlar bəzən uydurulmuşlardan daha qəribə, daha gözəldir.

 ...Bir də o gün var ha... Bircəm magistrə qəbul olmuşdu. Telefonda oxuyqnda ki, "UNEC" bir anlıq qulaq asmaq istəmədim. Susdum. Elə bil beynimdə musiqi dayandı, ağaclar belə səs salmadı. Bilirdim, bir gün uçacaqdı. O, həmişə məndən bir az yuxarı idi... Həm zəkasıyla, həm də arzularıyla. Amma elə mən də onu sevdiyim üçün susdum. Bəzən sevgini qorumaq üçün bir az aralı durmaq lazımdı... mən bunu o gün anladım.

 Dostlarım çoxdu demərəm, amma az da olsa, yanımda qalanlar var idi. Biz o günlərdə gülməyə belə vaxt tapırdıq. Tələbəlik illərində metroda gülə-gülə gedib, dərsdə müəllimin zarafatına belə susan adamlardıq. Mən bir az fikirlə, bir az da gərgin. Çünki həm işləyirdim, həm oxuyurdum. Hər səhər yuxudan duran kimi "yetərincə çalışırammı?" sualıyla günə başlayırdım. Nə deyim, o yaşda adam özünü sübut etmək istər, amma kimin üçün? Özü üçünmü, yoxsa dünyanın bircə dəfə belə baxmadığı insanlar üçünmü? bunu heç kim bilmir.. Amma məncə sevdiyi şəxs üçün..

 O günlərdə bir stəkan çay içmək belə bir bayrama çevrilirdi. Mən avtobusda gedə-gedə roman xəyalları qururdum, işdə açarların arasında gizlətdiyim kitablarla özümə sığınacaq tikirdim. Kimi yuxuya sığınır, kimi xatirəyə, mən də yazıya...

Və bilirsən, bütün bu keşməkeşin içində... bircə o vardı. Mənim baxanda içimdəki susqunluğu anlayan. Bircə o bildi ki, mənim zarafatlarım çox vaxt göz yaşlarımı örtmək üçündü. Mən işdən çıxanda onunla səsli mesajda danışmaq üçün yolun bir tərəfində, kölgədə dayanırdım. Onun "yaxşısan?" sualı, sanki bütün günü çəkilən yorğunluğu silib atırdı.

Amma... vaxt keçdi. O magistrə getdi, mən işə daha çox bağlandım. Düşünürsən ki, zaman insanı dəyişir. Yox, əslində zaman insanı özüylə tanış eləyir. Mən o günlərdə tanıdım ki, içimdə bir uşaq var, o hələ də sevilmək istəyir. Və eyni zamanda içimdə bir ata var, gələcəkdə nəvəsinə bu günləri danışacaq qədər dolub-daşmış bir adam..."

 Bax, bu hissəni bir gün nəvələrimə danışacam... Qoca bir paltoya bürünüb, yelləncəkli kresloda oturmuşam, qarşımdakı uşaq soruşur. "Baba, sən cavan olanda kimlərlə gəzirdin?" Mən də başımı azca yana əyib, gözlərimdə o uzaq illərin tozu ilə cavab verirəm..

 "Əzizim, mən elə dostlar tanımışam ki, onların adını çəkəndə hava dəyişirdi..."

Əsl dostluq, səs salmadan gəlib, həyatının ən dar vaxtında səndən pay aparan adamdır. Və sən heç xəbərin olmur. Elə bil ki, içində nəsə azaldı, amma yüngülləşdin. Bəli, dostlar bəzən yük aparır, bəzən yük olur. Amma haqsız yerə yük olan dost da elə öz dərdinə çevrilir, çiynindən atmırsan. Biz dostlarımla hər şeyə birgə güldük. Maaşdan əvvəl bitən pula, gözümüzə girib çıxmayan borclara, yalançı sabahlara... Amma elə ağladığımız anlar da oldu. Və o ağlamaqlar elə ağrımırdı, çünki yanımda kimsə vardı ki, sakitcə çay süzürdü. Mən danışıram deyə yox, sadəcə yanında olmaq üçün.

Bir dəfə, bunu mütləq danışacağam. Biz metroda qatar gözləyə-gözləyə ədəbiyyatın dibinə getmişdik. Heç kim bizi dinləmirdi, amma biz danışırdıq. Çünki dostluq, səni kimsə dinləməyəndə də birinin sənə qulaq asmasıdır. İndi onlar hara getdi? Bəziləri evləndi, bəziləri qəribə oldu. Bəziləri dəyişdi. Amma o çayxanadakı stəkanların dibi hələ də boşdu. Čünki bizim sözümüz orada bitmədi. Sadəcə biraz susduq. Bilirsən, mən dostlarımı itirməmişəm. Onlar sadəcə bir az uzaqdadırlar. Bəlkə də, bir mesaj qədər. Bəlkə də, bir ölüm qədər. Deyirlər, insan sevdiyini niyə itirdiyini unutmur. Amma mən düşünürəm, insan əsl dostunu niyə sevdiyini belə izah edə bilmir. Sadəcə baxıb deyirsən. "Bu idi...""

 Bilirəm, sən də soruşacaqsan dostum. "Bu qədər təlatümün içində necə dayanırdın ayaqda?"Vallah, düzünü desəm, bəzən özüm də bilmirəm. Amma deyə bilərəm ki, adamın hər səhər işə getmək üçün oyanmağa səbəbi olmalıdır. Mənim səbəbim... Bircəm idi. Sonralar isə səbəb birlikdə olmaqçün doğulan ümid oldu.

Elə günlər olub ki, kartımda son qəpikləri avtobusa vermişəm, amma axşamkı iş növbəsinə gecikməmişəm. Elə vaxtlar olub ki, universitetin dəhlizində dərsə tələsən tələbə olurdum, axşam işdə çörəkpulu qazanmaq üçün əlini yağlı maşın hissələrinə uzadan usta. Kariyeram, əslində bir çoxlarının xəyal etdiyi kimi "böyük uğur hekayəsi" ilə başlamadı. Mən bir balaca müdir stuluna yox, hər gün azacıq daha rahat nəfəs almağa can atdım. İlk maaşımı aldığım gün... bax, onu heç vaxt unutmayacam. Pul çox deyildi, amma o hiss "artıq kiminsə yükü deyiləm" hissi, məni yerimdən göyə qaldırdı.

Bir dəfə bir dostum dedi ki, "Harun, sən elə bil işləmirsən, elə bil öz ruhunu düzəldirsən bu işlərlə." Bəlkə də düz deyirdi. Mənim üçün iş, təkcə pul qazanmaq deyildi. Mən o mazut iyi gələn iş geyimlərində, cızıq-cızıq əllərimdə, tər içində qalan üzümün altında bir "mən" qururdum. Gələcəkdə balaca bir otaqda oturub kiməsə deyə bilərdim ki, "hə, bu oturduğum stulun hər santimini alın tərlə, susqunluqla, içimdəki fırtına ilə qazandım."

Və nə vaxtsa, bəlkə də artıq danışmışam... O gecələrin birində, işdən çıxıb avtobusa tərəf gedəndə göydə ayı gördüm. Həmin gün bilirdim ki, mən hələ buralarda ilişib qalmayacam. Hələ magistr yolu var, hələ gələcək planlar, hələ reallaşdırılmamış xəyallar. Sanki o ay mənə baxıb dedi, "Davam et. Bu şəhərin işıqları sənin gözlərinin içində yanacaq bir gün."

İndi... bəlkə bir gün deyəcəm bütün bunları. Bəlkə birinə, kim bilir... Bax, bütün bu xatirələri danışdıqdan sonra, yəni bu dolu-dolu keçən illərin, uduzduğum savaşların və yenidən qalxmağımın, itirdiklərimin və qazandıqlarımın ardından, indi sənə həyatımın sonuncu hissəsindən danışıram. Bəlkə də bu, ən sakit, ən səssiz, amma bir o qədər də dərin mərhələdir. O qədər çox qaçdım ki, bir yerə çatmaq üçün yox, sadəcə içimdəki boşluğu doldurmaq üçün. Və bir gün... birdən dayanıb nəfəs aldım. Artıq təlaş yox idi, qorxu yox idi, kiməsə çatmaq tələsmirdi. Mən sadəcə mən idim. Hüzurlu və ya hüzursuz, fərq etməz. Hər şey artıq bir hekayə kimi, gözümün qabağından keçirdi. Evdə bir küncdə oturub, sevdiyim bir musiqini dinləyərkən, məsələn, səssiz bir axşamda, şam işığında Şövkət Ələkbərovanın səsi gələndə, haşa düşdüm ki, həyat elə bu anlardı. Gecikdiyim görüşlər, cavabsız qalan zənglər, ürəyimdə saxladığım sözlər, hamısı bir fəsil olacaq ömrümdə. Və sonda, bir də baxdım ki, mən artıq o adam deyiləm. Amma o adamı sevirəm, yəni keçmişdəki özümü. Gələcəkdəki məni..

İndi artıq heç kimin dalınca qaçmıram. Hətta arzularımın da yoxluğuna öyrəşmişəm. Bircə eşq var, özü də keçmişdə deyil, bu gündə. Elə yaşadığım kimi, olduğu kimi. Bircə nəfər var ki, haqqında danışanda içim fəxrlə dolur.  Gələcəkdə olub-olmayacağını bilmirəm. Amma o var və bu, mənim üçün kifayətdir.

 Ən maraqlısı bilirsən nədir? Mən bu günlərimi bir gün nəvələrimə danışacağam deyə yaşamamışam. Mən bu günlərimi bir gün kiməsə bunları danışacağımı bilmədən, sadəcə yaşamağın zərurətindən doğan bir məcburiyyətlə keçmişəm. Və indi, bu gecənin bu saatında, sənə bunları danışarkən, əslində ilk dəfə anlayıram ki, mən doğrudan da yaşamışam.

Və bəlkə də, bu kifayətdir... Bu günlərimi nəvələrimə danışacam.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.