Hamının gedən sonuncu bir qatarı var - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Hamının gedən sonuncu bir qatarı var. Fit səsi eşidilir və çatmaq üçün tələsən kimsə az qala relslərin üstünə yıxılacaqkən son anda yetişir o qatara.

Kimi üzündəki şüşə kimi donuq baxışlarla bircə göz qırpımında özünü qatarın altına atır.

Və kimi də gecikir o qatara...

 

Bəziləri gecikdiyinin fərqindəykən, bəziləri də bunu hələ çox sonralar dərk edəcək.

Gecikən sərnişin əlində bilet perronda durub gözdən itməkdə olan qatarın arxasınca baxır.

Qatar uzaqlaşdıqca qalxan boz tüstüylə birlikdə bəlkə neçə-neçə arzular, neçə-neçə xəyallar da quş tək pərvazlanıb səmanın ənginliklərində qeyb olur.

Sevdiyini itirib hər kədərlənəndə ona ağlayanlar tək, sonuncu qatara gecikənlər də hər gün bir dəfə o qatarın ardınca baxarlar.

Hər kəsin gedən sonuncu bir qatarı vardır..

Bu qatar bəzən sonuncu güzəşt, bəzən sonuncu şansımız olur.

Bu qatar bəzən xatirələr, bəzən keçmiş, bəzən də bada verdiyimiz gəncliyimiz, xoşbəxtliyimiz olur.

Bu qatar bəzən ağır yüklərimizi aparır özüylə, bəzən də özü bir ömür çəkəcəyimiz ağır yükə çevrilir.

Bəzilərinin qatarı çoxdan gedib, bəzilərinin qatarı bəlkədə elə indi, bu dəqiqə haradasa fit verir.

Perronlar insanlarla dolub daşır. Həyəcanlı sərnişin yaman tələsir. Başqa biri getməklə qalmaq kimi böyük bir dilemma ilə savaşarkən kimsə çamadanlarını arxasınca sürüyə-sürüyə qatardan enir.

Kimi öz qatarını qarşılayarkən, kimi də gedən qatarı yola salır.

İnsan bəzən o gedən qatarla özünə qayıdır, bəzən də o gedən qatarla birlikdə biryolluq özünü tərk edib gedir.

Bəzən o gedən qatarla hər şey yenidən başlayır, bəzənsə gedən o qatar bir sonu gətirir.

Bəzilərinin qatarı çoxdan gedib, bəzilərinin qatarı bəlkə də elə indi, bu dəqiqə haradasa fit verir.

Kim bilir bəlkə də biz illərlə yalnış qatarın arxasınca baxmışıq, ya bəlkə də elə biz illərlə o qatarı yalnış stansiyada gözləmişik. Biz elə həmişə gözləmişik…Gözü yolda… Qulağı səsdə… Qəlbi səksəkədə!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.