“MƏN KİMƏM” LAYİHƏSİNDƏ Harun Soltanov Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Mən o adamam ki, otağın içində susanda, biri soruşur:  Sən nəsə fikirli görünürsən...

Amma əslində fikrim yoxdur. Sadəcə müəyyən qədər mövcudam. Vəssəlam. Varam, amma məqsədsiz. Hətta bəzən elə bilirəm ki, Allah məni yaradıb, sonra qırağa qoyub çayı qarışdırmağa gedib. O da mənim kimi, kəmşirin sevir yəqin.

 

Mən kiməm?.. Uşaq olanda deyirdim "pilot olacam", böyüyəndə anladım ki, heç olmasa gündə bir dəfə uçub getməmək də bir bacarıqdır. Bəzən metroda qulaqlıqsız adam görəndə özümə deyirəm, "Əşi, sən yenə də normal sayılırsan, Harun. Hələlik..."

Mən sevmirəm. İnsanı da, insanların yaratdıqlarını da.  Ən çox da özümü sevə bilmədiyim üçün başqasına bağlanmışam. Amma sevəndə də bir qəribə oluram. Ya səssizəm, ya çox danışıram, ya çox içirəm, ya heç içmirəm. Yəni məni sevən insanın əsas xüsusiyyəti, səbridir. Mən o adamam ki, deyirlər "pozitiv düşün", amma mənim beynimdə qaranlıq otaqda siqaret çəkən bir Dostoyevski var və deyir: "Hamımız əslində Tanrının yuxusuyuq, Harun... sadəcə, hələ Tanrı oyanmayıb."

Mən kiməm?..

Dostum məndən soruşur: "Harun, niyə belə susqunsan?"

Deyə bilmirəm ki, mən danışsam, sən səhv salacaqsan. Bu nitq deyil, etirafdır. Mənə deyirlər ki, "Tənhalıq gözəldir. "Əla. Gözəldir. Amma iki nəfərlik boş stul görəndə ürəyim azca titrəyir. Sonra isə o titrəyişə ad qoyuram, "mənlik deyil".

İçki süzəndə, dua etməyə ehtiyac qalmır. Çünki səmaya baxmaq yerinə, içimə baxıram və deyirəm. "Bu qədər də dramatik olma, Harun. Bir siqaret çək, keçəcək."

Yalan olmasın, mən kim olduğumu çox axtarmışam. Kitablarda, bir qadının baxışlarında, ailə danışığında, paltar seçəndə, CV yazanda, hətta 20 Yanvar abidəsinin qarşısında, amma heç yerə uyğun gəlməmişəm. Sanki hər şeyin kənar ölçüsüyəm.

Mən kiməm?

Yəni... yalan danışım?

"Özünü tapan bir ruh"?

Yox. Mən hələ özümə salam verməmişəm. Hələ də təzə tanış kimi baxıram aynaya. Amma bilirəm, mən birini sevirəm. O getmir. Və mən deməmişəm: "Bağışla." Çünki mən kiməm ki, bağışlayım? Mən sadəcə... özünü hələ də Tanrının unutduğu yerdə oturtmuş adamam. Və bəlkə də bu, pis deyil. Çünki nə vaxt özümü tam tapsam.. heç kimlə danışmağa ehtiyacım qalmayacaq. Və o günə qədər,bax bu, Harundur. Dərin, gülən, yanan, içən, susan və yalandan "mən yaxşıyam" deyən bir nəfəs.

Mən kiməm?..

Əgər bu sualı kimsə küçədə soruşsaydı, gülümsəyərdim. Çünki bu sual, çörək almağa gedib mağazadan həyatın mənasını axtarmaq kimidir. Yəni mümkünsüzdü... amma adam özünü saxlaya bilmir.Bəzən düşünürəm, bəlkə də mən sadəcə baş qəhrəman ola bilməmiş bir roman personajıyam. Yəni hekayədə varam, amma hər səhifədə yoxam. Arada peyda oluram, bir-iki kəskin cümlə, bir az kədər, bir az ironiya və sonra yenə yox oluram. Əslində mən özümü bayaqdan içki süzüb, siqaret yandıran, amma heç içməyən bir obraz kimi hiss edirəm. Sadəcə poza verirəm, çünki bu pozanın içində sakitcə bağırmaq olur.

Mən kiməm?.. Mən bəlkə də səhv düşmüş bir metaforam. Tanrı məni yazanda gərək başqa yerə yerləşdirəydi məsələn, Fyodrun romanına. Orda mən əla intihar monoloqları yazardım. Ya da Kafkanın hansısa qəribə ofisində, sənəd imzalayardım, bir yandan da həyatın mənasızlığını düşünərdim. Amma yox. Məni gətirib Bakıya, aylıq 750 manat maaşa və içində sönməyən filosofik yanğıya qoydu. Əla kombodur.

İndi bəzən dayanıb düşünürəm: "Harun, sən niyə belə dərin fikirlərə gedirsən, a bala?!" Amma sonra beynimin içindən bir səs gəlir, təmiz Albertin yaratdığı Meursault tərzində, "Heç nə dəyişmir ki. Hər şey əyləncəlidir, sadəcə insanlar çox ciddidirlər."Mən də bəzən çox ciddiyəm. Bax, məsələn, sevdiyim qadına qarşı. Sevirəm, amma heç vaxt "mən səninəm" deyə bilmirəm. Çünki nə vaxt nəyinsə "sahibi" olmağa çalışsam, həmin şey daha sürətlə məndən qaçır.Dostlarım deyir: "Sən çox dərin adamsan." Mən gülümsəyirəm. Halbuki içimdə bir qəhrəman yoxdur. Sadəcə bir az tənbələm, bir az düşüncəli, bir az tək. Mənim dualarım da qəribədir. "Rəbbim, bir az sakitlik ver, amma çox da vermə, yoxsa darıxaram.." Bax bu cür möminliklə yaşayıram. Sərxoşluqla müqəddəslik arasında nə tam keçmişəm, nə tam dayanmışam..

 Mən kiməm?..

Mən Harun Meursaultam, yəni qismən Tanrıdan küsən, bir qadına aşiq olan, qismən ailəsinin içində tək qalan və çox zaman öz içində özünə çatmayan bir obrazam. Əgər roman olsaydım, son səhifədə qəhrəman məni yadına salmazdı. Amma oxucu mənim bir cümləmi uzun illər içində daşıyardı.

Bax, bəlkə də mən kiməm sualının cavabı budur, dostum:

"Mən unudulan deyiləm. Amma heç vaxt tam xatırlanan da olmayacam."

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.