Bəlkə də sən artıq heç yoxsan... - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Biz bu günlərdə çox danışırıq. Hər şey haqqında. Hətta danışa bilmədiklərimiz haqqında da danışırıq. Belə, gözəl, təmiz, qaydasında, mədəni, elmi.. Seminar otaqlarında, konfrans salonlarında, universitet auditoriyalarında, panel müzakirələrdə. Geyimimiz ütülüdür, səsimiz kontrollu, mimikamız öyrədilmiş. Hər şey "fikir" adıyla bəzədilmiş, amma heç biri dərd deyil. Heç biri yanmaq deyil. Nə vaxtsa fəlsəfə bir ehtiyac idi. İndi isə bir nümayişdir. O vaxtlar sual vermək, yaşamaq üçün idi. İndi isə sual vermək, fərqli görünmək üçündür. O vaxtlar düşünmək, xilas yolu idi. İndi isə düşünmək, özünü satmaq vasitəsidir. Biz artıq başqasının ağrısına deyil, başqasının təsdiqinə ehtiyac duyuruq. Oxuduğumuz fikri yaşamaq deyil, təəssürat yaratmaq üçün istifadə edirik.

 

Amma bəs fəlsəfə nə idi əslində? Sözlərdən əvvəl nə vardı?

 Məncə, cavabsızlıq, aclıq, içə sıxılan bir nida.. Bir kimsəsizlik ki, adını düşüncə qoymaq mümkün deyildi. Sadəcə yaşanmalıydı. Fəlsəfə orda doğuldu, nəfəs almaq kimi, heç kimə izah edilməyəcək qədər daxili və özəl.

Yaxşı, bəs biz fəlsəfəni nə vaxt itirdik? Yəqin ki, onu "mövzuya giriş" kimi izah etməyə başladığımız gündən. Yəqin ki, onu qiymətləndirməyə, dərəcə verməyə, kağıza köçürməyə cəhd etdiyimizdən. Yəqin ki, onun ruhunu analiz, ağrısını slayd, iniltisini isə "tədris planı" etdiyimiz andan..

 Bu yazı, izah etmə yazısı deyil. Bu yazı ifadə olunmamış bir ağrının tanınması üçün bir cəhddir. Bu yazı heç bir elmi iddia daşımır, amma insani bir yaddaşın harayına çevrilmək istəyir. Bu yazı fəlsəfəni tərif etmir. Bu yazı fəlsəfəni öz evinə yəni, sürgünə, çəlləyə, soyuq otaqlara, kasıblığın ortasına qaytarır. Çünki biz bu gün fəlsəfədən danışırıq, amma fəlsəfəni yaşamırıq. Biz ona toxunuruq, amma onu duymuruq. Və ən dəhşətlisi, biz fəlsəfəni yalnız danışanların adına yazırıq. Amma susaraq yaşayanların adına deyil. Elə buna görə də, indi aşağıdakı sətirlərdə danışacağım adlar, sadəcə filosoflar deyil. Onlar özü düşüncəyə çevrilmiş adamlardır. Düşünmək üçün yaşayan yox, yaşamaq üçün düşünənlər.

Oxu, amma sadəcə başa düşmək üçün yox.

Oxu, xatırlamaq üçün. Çünki sən də bir zamanlar düşünürdün...

Amma bəlkə də çoxdan susmusan. Və susmağın səbəbi, cavab tapmamağın deyildi. Əksinə, cavabların çoxluğundan yoruldun. Hər küncdə səni izah edən biri var idi, hər sözdə sənə etiket yapışdıran biri. Hər şey bu qədər izah ediləndə, heç nə hiss edilmədi artıq. Sən sadəcə düşüncəni itirmədin. Sən içini təhvil verdin. Əvəzində sənə təriflər verdilər, emosionallıq, obyektivlik, elmi analiz, metodoloji ardıcıllıq.. Amma sənə heç kim demədi ki, bəzən ağlamaq, ən güclü fəlsəfi ifadədir. Heç kim demədi ki, sən bir gün varlığını izah etməyəcəksən, sadəcə onunla baş-başa qalacaqsan. Heç kim demədi ki, fəlsəfə, bir gün boğazında düyünlə səssiz qalmaqdır.

  İndi biz fəlsəfəni danışılası bir şey kimi görürük, hiss ediləsi bir şey yox. Ona görə də fəlsəfəyə toxunanda ruhumuz ağrımır. Ona görə də oxuyanda dəyişmirik. Ona görə də danışanda yalnız eşidilirik, amma dinlənilmirik. Çünki biz artıq yanmırıq. Əslində bu yazı da sənin ağrını tanımır. O, sadəcə səni xatırlamağa çağırır. O, səni bir kitabxanaya yox, öz içinə qayıtmağa çağırır. Çünki harada ağrı var, orda sual var. Harada sual var, orda fəlsəfə. Və harada fəlsəfə var... orda sən varsan.

 Biz fəlsəfəni elitaya çevirdik. Əl çəkmədən, utanmadan, düşüncəni kostyumun, diplomun, seminarın arxasına kilidlədik. İndi fəlsəfə universitet divarlarının içindədir. İçində hər şey var, yalnız bir şey yox, ağrı. Amma fəlsəfənin doğulduğu yer heç vaxt nizamlanmış sinif otaqları olmayıb. Onun beşiyi, aclıqdır, qorxudur, tənhalıqdır, itki və cavabsız sualların tüstüsüdür. Antik Yunan filosofları platonlar, diogenlər, eliktetlər imperatorun süfrəsində deyildilər. Diogen bir çəlləkdə yaşayırdı, o qədər yoxsul idi ki, ehtiyacla varlığı bir-birinə qarışmışdı. Amma onu susdura bilmədilər, çünki ağzında çörək yox idi, amma içində alov vardı.

Epiktet kölə idi. Bəli, fiziki olaraq kölə. Amma ruhu azad idi və azad ruhla danışırdı. "Bizi incidən şeylər hadisələr deyil, onlara verdiyimiz mənalardır." Bu cümləni qızıl çərçivəyə yox, yaralı bir sinəyə yazmaq lazımdır.

 Sokrat... O da susmadı. Qərarın qarşısında diz çökmədi. Zəhər dolu piyaləni əxlaqına dəyişmədi. Fəlsəfəni "yaşamaq sənətinə" çevirdi. Amma ona da bu cəmiyyət "qeyri-müvafiq danışıq" diaqnozu qoydu və öldürdü. Elə bu gün olduğu kimi...

 Dostoyevski, varlıların süfrəsində roman oxumurdu. Sürgün edilmişdi. Sibir donunda, aclıqla, təkliklə, içindəki iblislə yaşadı. Amma orda, məhz ordaca  "İnsan nə qədər çox əzab çəkirsə, bir o qədər dərindən hiss edir" deyə bildi. Onun fəlsəfəsi kitabdan doğmadı. O, insanın dibindən doğdu.

 Sartr, Parisin mərkəzində deyildi, baxmayaraq ki, Parisin içində idi. Cəmiyyətin içində, amma ondan uzaqda. “İnsan azad olmağa məhkumdur” deyəndə, o azadlıq bir oyun deyildi. O, öhdəliyi olmayan bir seçim azadlığı deyil, məsuliyyətin və təkliyin içində boğulan bir varlığın çırpınışı idi.

 Nitşe sağlam deyildi, dostsuz idi, çökürdü. Amma o çökmənin içində bizə qışqırdı. "İnsan, hələ aşılmamış bir varlıqdır." Onun fəlsəfəsi yüksəklikdən gəlmədi. O, qaranlıqdan gələn bir çağırış idi. İşığa deyil, bizi işıq sandığımız saxtakarlıqlardan oyatmağa çalışırdı.

 Heydger  meşədə yaşadı. Susdu. Cəmiyyətə yaxın durmadı. "Ölümə doğru varlıq" deyəndə, bu yalnız intellektual bir cümlə deyildi. Bu,onun gündəlik nəfəsi idi. Çünki o, var olmağın özü ilə mübarizə aparırdı. Amma indi onu mühazirələrdə yalnız terminoloji çərçivədə xatırlayırlar.

 Simon Veyl öz könüllü ac qalması ilə fəlsəfəni yaşadı. O, sadəcə düşünmürdü. O, düşündüyü kimi ölürdü. Düşüncəsi ilə fiziki ağrısını eyni lövhədə daşıyırdı. O, fəlsəfəni danışmırdı. O, onu bədənində daşıyırdı.

Və indi... Biz bu adamlara baxırıq, amma heç birinə oxşamırıq. Biz fəlsəfəni seminar keçənlərə, CV yazanlara, panel müzakirəsi aparanlara aid etdik. Ruhunu yandıranlara yox, sadəcə onu izah edənlərə. Kitabı başa düşənlərə yox, kitabın içində özünü tapanlara yox...

 Biz fəlsəfəni yaşamaqdan çox idarə etməyi öyrəndik. Artıq fəlsəfə bir sual deyil, slayddır. Bir hiss deyil, reklam cümləsidir. Və bu səbəbdən də o bizə şəfa vermir. O bizi dəyişmir. O sadəcə dekordur.

Antik Yunanların Diogen kimi ac qalan fəlsəfəsi, Sokratın zəhər dolu piyalənı qəbul edərək əxlaqi mövqeyindən dönməməsi, Epiktetin köləliyə baxmayaraq ruhunu azad saxlaması bunun ən canlı nümunələridir. Fəlsəfə tarix boyu insanların ən dərin və kəskin həyat təcrübələrindən, dözülməz şəraitlərdən və acılardan doğub.

 Daha sonra, Mişell Foukault xəstəxanaların, həbsxanaların, dəlixanaların içindən danışdı. Onun üçün fəlsəfə ağılın deyil, nəzarətin tarixini anlamaq idi. O, göstərdi ki, cəmiyyət ağıllı olmaqdan çox, itaətkar olmağı öyrədir. Biz "normal" dediyimiz şeyin arxasında hansı ağrılar, hansı susdurmalar, hansı qandallar durur bunları açıb ortaya tökdü. Mişel düşüncəni sistemin mərkəzindən deyil, kənara itələnmişlərin baxış bucağından yazdı. O deyirdi ki, “Həqiqət, güclü olanın adlandırmasıdır.” Bəs biz kimin həqiqətini danışırıq? Kimə uyğun düşünürük? Bu suallar Foukault üçün yalnız nəzəri deyildi, öz varlığının yarası idi.

 Bundan əlavə, Fridrix Hegel fəlsəfəni tarix və dialektikanın inkişafı kimi təqdim etsə də, onun fəlsəfəsinin kökündə də insanın əzab içində özünü tapması dayanır. Hegelin “dünya ruhu” metaforası var. Bu Aristoteli inkar edir. Bu da bir qaranlıqdır.. Həmin qaranlıq ki, insanın ruhunun ən dərin qatlarında yanan ümid və məhvə işarədir.

 Simona de Bovuar insanın azadlığı və varoluşunun qadınların təcrübəsi ilə necə formalaşdığını ortaya qoydu, burada tənhalıq, inkar və azadlıq bir-biri ilə iç-içədir. O, fəlsəfəni yalnız ağıl oyunu deyil, həyatın çətinliklərini yaşayanların qisası kimi göstərdi.

 Jan PaulSartr, “Varoluş əvvəl gəlir, mahiyyət sonra” deyərək, insanın dünyada təkbaşına olduğunu, öz seçimləri ilə özünü yaratdığını vurğuladı. Bu azadlıq bəzən insanı uçuruma atır, amma insan özü bu azadlıqdan qaça bilməz.

Albert Kamyu absurdu qəbul edən adam idi. Onun üçün dünyanın mənasızlığı qarşısında insan ya ölməli, ya da üsyan etməliydi. Amma o üçüncü bir yol seçdi, sakit və inadcıl yaşamaq. “İnsan öz həyatına mənanı özü verir” deyə bildi, çünki o mənanı heç yerdə tapmadı. “Siz Tanrını itirmisiniz, mən isə heç vaxt inanmamışdım” deyə pıçıldayan Kamyu, yaşamağı absurda qarşı sükutlu bir qiyam saydı. Səssiz, amma dərin bir müqavimət...

 Lev Şestov, ağlın məğlubiyyətindən danışan yeganə filosof idi. O deyirdi ki, insan ağıl axtarışında məhv olur. Onun yazılarında məntiq dağıdılır, çünki insan əzab çəkərkən silogizm qurmaz, yalvarar, sual verər, diz çökər. O, Raselə, Dekarta qarşı duraraq, fəlsəfəni “sarsılmaq” adlandırırdı. Fəlsəfə bir sistem deyil, mümkünlüyün çökdüyü yerdə yaranan bir iniltidir. Və bu iniltidə heç bir mükəmməllik yoxdur. Sadəcə həqiqət qədər çılpaq bir qorxu var.

 Bleyz Paskal riyaziyyatçı idi, amma qaranlığa daha çox inanırdı. “İnsan ağılın yox, ürəyin vasitəsilə anlayar”, "Öz varlığınızın başqalarınınkından üstün olduğuna inanaraq özünüzü aldatmayın."  deyirdi. Onun üçün insan sonsuzluqla sıxışdırılmış bir varlıq idi. Bir yandan toz, bir yandan Tanrı. Və bu paradoks insanı nə yerdən, nə göydən edə bilmirdi. Pascal üçün ağıl yalnız öz acizliyini qəbul etmə mərasimiydi. Onun fikirlərində fikir parıldamırdı, dua sızlayırdı.

 Franz Kafka  yazıçı idi, amma ondan daha çox daxili bir metafizik idi. Onun hekayələri fəlsəfə oxumadan fəlsəfədir. “Dəyişilməyən bir cəzanın içində yaşamaq”. Onun yazılarında hər bir varlığın taleyidir. Kafka üçün insan öz varlığını nə dəyişə, nə izah edə bilərdi. O, qəbul olunmayan, dinlənilməyən və həmişə gözləyən varlığın obrazını yaratdı. “məhkəmə prosesi” və “Qəsr”  sadəcə əsər adları deyil, insanın öz varlığı ilə olan əsəb pozucu dialoqudur.

 Soren Kierkeqard təkliyin peyğəmbəri idi. Onun üçün insan Tanrı ilə bir müqavilə deyil, tənhalıqla bir savaş bağlayırdı. “Hər axmaq özünə heyran olan bir axmaq tapar” deyəndə, o bu sözləri masa arxasında yazmamışdı. Onun həyatı, sevgisi, inamı hamısı yaxınlıq arzulayan, amma əbədiyyətə doğru çaşan bir insanın harayı idi. Kierkeqard üçün fəlsəfə təkbaşına ağlayan bir insanın içindəki Tanrının səsini eşitmək cəhdi idi

  Son olaraq, Emil Çoran fəlsəfi pessimizmin simvolu, insanın varoluşunun sonsuz mənasızlığı qarşısında yaşadığı dərin qaranlıq və umidsizlik hissini ifadə etdi. Onun fikirlərində fəlsəfə insanın öz boşluğuna baxışı və bu boşluqda yaşamaq cəhdi idi.

Və indi...

Biz bu adlara baxırıq. Onların sözlərini paylaşırıq. Onların adlarını seminarlarımızda çəkirik. Amma heç birinə oxşamırıq. Onlar düşünmədilər – yaşadılar. Biz isə düşünürmüş kimi edirik – heç nə hiss etmədən. Fəlsəfə artıq səndə yoxdursa, onu heç yerdə tapa bilməyəcəksən.

Çünki o , kitabda deyil. O, yaşadığın susqun gecədə gizlənir. Və əgər sən ağrı hiss etmirsənsə, sənə heç bir düşüncə toxunmayacaq. Bəs biz indi fəlsəfəni kimə aid edirik? Seminar keçənlərə? Diplom verənlərə? Ruhunu yandıran yox, sadəcə danışanlara? Biz fəlsəfəni kağız üzərində yaşayanlara, gözəl sözlər söyləyənlərə aid edirik. Amma onun doğulduğu ocaq aclıq, qorxu, tənhalıq unudulub. Biz fəlsəfəni artıq hiss etməyi unutduq, yalnız təqlid etməklə kifayətlənirik. Bütün bunları oxuyandan sonra, bəlkə də sual yaranır, indi nə etməliyik? Görəsən, bu qədər imitasiya, bu qədər süni dərinlik, bu qədər ssenariləşdirilmiş düşüncə içində həqiqi fəlsəfəyə qayıtmaq mümkündürmü?

Bəlkə də mümkün deyil. Çünki biz artıq o insan deyilik. Biz artıq yanmırıq. Biz artıq bir şey soruşmuruq. Biz artıq gecə tək qalanda özümüzə “niyə varam?” sualını vermirik. Onun yerinə gündəlik planlar qururuq, zaman menecmenti edirik, intellektual görsənmək üçün “paradoks” sözünü tez-tez işlədirik. Amma paradoks, yalnız ağrı varsa doğur. Biz fəlsəfənin şəklini dəyişdik, formasını, formatını, amma ruhunu yox etdik. Ona görə də indi danışdıqlarımız səslənir, amma eşidilmir. Yazdıqlarımız gözəldir, amma yaşanmır. Oxuduqlarımız doğrudur, amma bizə aid deyil.  Çünki biz fəlsəfəni artıq öz həyatımızdan çıxarmışıq. Onu vitrində saxlayırıq. Tozunu silib nümayiş etdiririk. Amma heç vaxt toxunmuruq. İndi adını çəkdiyimiz bütün o adamlar Diogen, Epiktet, Sokrat, Weil, Dostoyevski, Sartre, Nietzsche, Cioran... Onlar sənin bu gün yaşadığın həyata baxsaydılar, susardılar. Susardılar, çünki danışmağa dəyəcək bir ağrı görməzdilər.

 Və sən, əgər bu yazını oxuyub sadəcə təsirləndinsə, deməli sən də artıq çox gecikmisən.

Amma əgər bu yazını oxuyub öz içində sükut hiss elədinsə, orda bir şey səninlə danışmağa çalışdısa, bəlkə də səndə hələ də o ilk alovdan bir parça qalıb.

 Unutma! Fəlsəfə heç vaxt böyük cümlələrlə başlamır. O, bir nəfəsin titrəməsi ilə, bir gecənin tam ortasında yaranan susqun bir “niyə?” ilə, bir qaranlığın içindəki dilsiz “mən kiməm?”lə başlayır.

 Sualın varsa, hələ sağsan.

Susursansa,  içində bir şey var.

Ağrıyırsansa, bəlkə də başlayırsan.

 

Amma... Bəs ya ağrımırsa?

Bəs içindəki sükut, sakitlik yox, boşluqdursa?

Bəs sən , artıq hiss etməyə belə qadir deyilsənsə?

O zaman sən nə yazarsan, nə oxuyarsan, nə danışarsan, heç biri sən olmayacaq. Və o zaman...

Bəlkə də sən artıq heç yoxsan...

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.