"Ortaq şəhər" - Ülviyyə Tahirin “Ortaq şəhər” hekayəsindən ilhamlanaraq Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bura hekayədəki həmin "Ortaq şəhər" idi. Sakinlərinin gözündə böyük, xəritədən baxanda isə böyüklü-kiçikli milyonlarca şəhər arasında yerləşən kiçik bir şəhər.  Gündüzlər səmasında günəşin bərq vurduğu, gecələr qaranlığın yorğan kimi üzərini örtdüyü və qoynunda minlərcə insanın qarışqa kimi qaynadığı bütün digər şəhərlər kimi adi bir şəhər.

 

Matruşka kimi idi sanki bu qoca kainat. Dünya içində dünya, dünya içində dünya var idi. Kainat, Qalaktika, Yer kürəsi, ölkələr, şəhərlər, insanlar və ən nəhayət  insanların içindəki dünyalar...

Bəli, hər insan özü də elə bir dünya idi bu dünyalar içində.

Onun da içində öz maqnit qütbləri, öz cəzbetmə qüvvəsi, öz səması, öz torpağ, öz suyu var idi. Onun dünyasında da günəş çıxır, axşam düşür, bəzən yağış yağır, tufan qopur və ya fəlakətlər olurdu. Onun dünyasında da zaman məhfumu, təqvimlər, illər, fəsillər, onun dünyasında da isti-soyuq hava şəraiti var idi.

Lakin, onun içindəki dünya, içində yaşadığı dünyaya nəzərən fərqli, daha çox nağılvari idi.

Çöldəki dünyadan fərqli olaraq burda bəzi şeylər fərqli ritmdə işləyirdi. Burada zamanlar və məkanlar arasında gedib gəlmək, həttda istədiyin zamanda yaşamaq olurdu. Burda fəsillərin yeri və zamanı təqvimdən deyil havadan aslı idi. Burada bəzən bahardan sonra qış, bəzənsə payızdan sonra bahar gələ bilirdi.

Və bu dünya hərdən çöldəki dünyadan əks qütbdə dayanırdı. Çöldəki dünyada qızmar günəş olanda, insan iç dünyasında üşüyə bilirdi.

Bir bənzər nöqtəsi bu dünyaların torpağı və səması idi. Torpağına nə əksən onu biçirdin, səma isə olan bitən hər şeyə şahidlik edirdi. Və arada dayana bilməyib gördüklərinə, şahid olduqlarına öz təbirincə reaksiya verirdi.

Bəli, bura hekayədəki həmin "Ortaq şəhər idi" burda dünya içində dünya, dünya içində dünya var idi...

Burda hər irqdən, hər dindən, hər millətdən, hər əqidədən insan tapmaq mümkün idi. Amma, tapılmayan şeylər də var idi əlbət.

Burda hər kəsin öz peşəsi var idi. Kimininki fayda, kimininki zərər kimininki zəhər.

Burada hər kəsin öz məşğuliyyəti var idi kiminin yeyib-yatmaq, kiminin yatanları oyatmaq, kiminin qurmaq, kiminin dağıtmaq.

Burda hər kəs fərqli bir məzhəbə qulluq edirdi. Kimi riya, kimi həsəd, kimi nəfs, kimi haqq, kimi nahaqdan yapışmışdı.

Burda qınamaq asan, anlamaq çətin idi. Burda insanlar unutmamalı olduqlarını yadından çıxarır, unutmalı olduqları isə hər daim onları narahat edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.