“MƏN KİMƏM” LAYİHƏSİ – Kübra Quliyeva ilə Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Gecə yarısı. Bütün şəhər susub. Hamı yatır, amma mən özümə oyana bilməmişəm hələ. Sanki içimdə hər gün yaşadığım, amma heç vaxt tam başa düşə bilmədiyim bir kitabxana var. Gecənin tam ortasında o kitabxanaya girirəm. Orada sükut var, bir az da köhnə kağızların qoxusu.

 

O kitabxananın bir rəfinda “Mən kiməm?” yazılmış köhnə, amma toxunanda titrəyən bir kitab var. Bu kitab nə avtobioqrafiyadır, nə xəyalların tərifi. Bu kitab mənimdir — mümkün olduğum, ola bilmədiyim, olmaqdan qorxduğum bütün "mən"lərin birgə sükutu.

Nora Seed adında biri də bu kitabxanada gəzir. O da mənim kimi. Həyatın yorğunluğundan, davamlı “kaş ki”lərdən bezib bir sığınacaq axtaran biri. Amma onun sığınacağı fantastik, mənimsə gerçəkdir. Çünki Nora alternativ həyatlara girə bilirdi. Mən isə ancaq bir həyat yaşayıram — içində çoxsaylı "əgər"lərlə.

Mən kiməm?

Mən, atamın "vəkil olacaq" dediyi, amma hüquq oxumağı arzuladığı zaman dəstəksizliklə susan bir qızam. Mən, ailəmin gözləntiləri arasında var olmağa çalışan, amma onların “nə olmağını” deyil, “niyə olduğumu” soruşan bir fərdəm.

Mən kiməm?

Yolda sakit gedib, içində fırtınalar daşıyan, danışmaq yerinə yazmağı seçən biriyəm. Qələm mənim səsimdir. Heç kimə danışmadığım hər şeyi yazılarım bilir. Bəzən gündəlik, bəzən bir notun arxası, bəzən isə heç göndərilməyən məktublar. Mən yazdıqca sağalıram.

O kitabxanada Nora özünü tanımaq üçün həyatları dəyişdirdi. Mən də hər səhər “Mən kiməm?” deyə yuxudan oyanıb, gün ərzində fərqli versiyalarımı yaşayıram. Səhər güclü, günorta yorğun, axşam şübhəli, gecə isə dərin. Mən bir günün içində özümün neçə versiyasını görürəm. Bəzən onların heç biri mən deyil.

 

Amma bəzən... bəzən tam özüm olmağı bacarıram.

Məsələn, bir kitabın ortasında gözlərimi qıyıb gülümsəyəndə.

Məsələn, sevdiyim insanın adını eşidəndə içimdə bir işıq yananda.

Məsələn, bir fincan çayın buxarında özümü itirəndə.

Mən orada oluram. Tam orada — özümün içində.

Bəzən elə bilirəm ki, əgər başqa bir yolda getsəydim, indi daha xoşbəxt olardım. Bəlkə hüquq oxusaydım, ya başqa şəhərdə böyüsəydim, ya da daha anlayışlı ailədə böyüsəydim... Amma Nora kimi mən də anladım: heç bir alternativ özünü sevmədən yaşana bilmir.

Mən özümü sevməyə qərar verdiyim gündən həyatım dəyişdi. Artıq başqalarının “ol” deyə təkid etdiyi biri deyiləm. Artıq mən “niyə varam?” sualının cavabını axtarıram. Mən varam ki, yazım. Mən varam ki, danışa bilməyənlərə səssizliyimi örnək olum. Mən varam ki, başqalarının “ay səni çox pozitiv qız” dediyi təbəssümün arxasında, yaşamadıqlarını yaşadığımı göstərə bilim.

Gecə yarısı kitabxanasında artıq seçim etmirəm. Mən artıq öz kitabımı yazıram. Heç bir səhifəsi silinmir, heç bir xəta redaktə olunmur. Çünki mənim hekayəm elə səhvləri ilə gözəldir.

Mən kiməm?

Mən, uşaqlığında oyuncaqları əlindən alınan, amma xəyallarını heç kimə verməyən bir qızam.

Mən, ailəsinin içində yadlıq hiss edən, amma sonra özü-özünə ailə olan qadınam.

Mən, kitab oxuyan, amma kitab olmaq arzusu ilə yaşayan bir yazıçıyam.

Mən, özü ilə danışa biləcək qədər güclü, başqalarına lazım olmadığını hiss etsə də, özünə dəyər verə biləcək qədər ayıq bir ruham.

Əgər sən bu kitabı əlinə alıb sona qədər oxuyursansa, bil ki, bu yalnız bir yazı deyil. Bu, Kübra Quliyeva adında bir insanın həyatının özü, qırılmaları, təbəssümləri, itkiləri və ən əsası — qurtuluşudur.

İndi növbəti səhifəni sən yaz.

Və soruş:

Mən kiməm?

Səsin titrəməsin. Cavab sənsən.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

 

 

© Kübra Quliyeva

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.