Bəzi sabahlar fərqli açılar - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Gözləmədiyin şeylərlə, gözləmədiyin xəbərlərlə səni qarşılayar. Sən axşamdan plan qurarkən, o sənə öz planları ilə gələr. Yaxşı ya da pis olmağından asılı olmayaraq, bu, həyatın gerçəyidir. Bəzi şeylər bizdən asılı olmadan baş verir. Bəzi şeylər sən istəsən də, istəməsən də baş verir.

 

Bu, səni həm sevindirə, həm də kədərləndirə bilər. Və hər ikisi sənə başqa gerçəkləri göstərər. Bu sabah sənə ya gözləmədiyin arzuyla, ya da arzulamadığın kədərlə qapını döyər. Sən isə bu qapını hər iki halda açmağa məcbursan. Çünki bu, həyatın planıdır. Nə dəyişə, nə də poza bilərsən. Həyat elə bir oyundur ki, hər gəliş içində bir sınaq, hər gediş bir iz buraxır. Sən isə bu izlərin içindən keçərək formalaşırsan.

Sən eyni pəncərədən baxırsan, ancaq dünya fərqli görünür. Qorxursan, çünki nə olacağını bilmirsən. Həyat isə sənə deyir: “Bilmədiyin şeylərdən qorxma, çünki ən çox böyüdüyün yer orasıdır.” Qaranlıqdan keçərək işığı tanıyırsan. Ayaqda qalmaq öyrədir sənə nə qədər güclü olduğunu.

Həyat bizə nə versə də, necə daşıdığımızdır önəmli olan. Hər nə olsa da, yıxılmamaqdır. Gözəl sabahları isə gülərək qarşılamaq və o sabahın verdiklərini doya-doya yaşamaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.