“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında bu gün təqdimatda Naqxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvü Ebru Bayramovadır. O, gənc yazar Ulucay Akifin yaradıcılığı barədə esse yazmışdır.
Ebru Bayramova,
“Uşaqlığın izləri...”
Oxuduğumuz kitablarda da, baxdığımız filmlərdə də, eləcə də, gündəlik həyatımızda, yaşamımızda görürük ki, uşaqlıqdan necə idiksə, elə də davam edirik. Düzdür, bəzi xüsusiyyətlərimiz dəyişə bilir. Lakintam dərinlərə ensək, bunun belə uşaqlığımızla əlaqəli olduğunu görərik.
Bəzilərimizin travma, bəzilərimizin xoş bir xatirə, bəzilərimizin isə bir vərdiş şəkildə arxasınca izləyir uşaqlıq illəri... Uşaqlığımızda yaşadığımız hadisələr böyüdükdən sonra belə vərdiş olaraq daima arxamızca gəlir.
Buna misal olaraq Ulucay Akifin “Pul axtaranlar” hekayəsindən bəhs etmək istəyirəm. Hekayədə göstəririlir ki, Ceyhun ilə İbiş adlı iki qardaş daima pul axtarışında idilər. Onlar kiçiklikdən bəri dostları ilə oyun oynamaq yerinə pul axtarmağı seçirdilər. İndi hekayəni oxumayanlar deyəcək: Pul axtarmaq?
Bəli, pul axtarmaq. Onların daim baxışları yerdə lur, çox insan keçən ərazilərdən, mağazaların qabağından daima pul axtarırdılar. Təəccüblüsü də odur ki, onlar həmişə axtardıqları pulu tapa bilirdilər. Hətta, dostları belə onlara təəccüblənirdi. “Onların hər dəfə yerdən pul tapmağına təəccüblənirdik. Eyni yollardan, eyni küçələrdən keçirik, bizim qabağımıza niyə çıxmır? Biz niyə tapmırıq?”
Və hekayənin sonunda da görürük ki, İbiş artıq bir oğru olaraq həbsdədir. Görünür ki, onlara artıq o pulu hərdən axtarıb tapmaq bəs etməyib. Əslində, hekayəni diqqətlə oxusaq, görərik ki, İbiş elə kiçikliyindən oğurluq etməyə meyilli idi. Hekayənin bir hissəsində İbiş ilə dostu yolla gedərkən, İbiş dostuna bir ev göstərib evdə heç kəsin olmadığını və oradan ərik yeyə biləcəklərini deyir. Onlar hasarı aşıb həyətə keçirlər. Sonra...
“Ağacdan düşəndən sonra İbiş evin həyətində gəzişməyə başladı. Əllərini pəncərənin şüşələrinə dirəyib bir xeyli evin içinə baxdı. Sonra bir müddət ehmalca evin qapısını dartışdırdı. Bir azdan mənə “bəsdi, gəl gedəy eee” deyib hasara dırmaşdı.”
Bəlkə də, qapı açılsa, İbiş girib o evdən oğurluq edəcəkdi, kim bilə bilər?”
Unutmayaq ki:"Uşaqlıqda atılan toxumlar, gələcəyin ağaclarını yetişdirir."
Elə hekayənin də mesajı budur.
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)