İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O həqiqətən də ədəbi dahi idi. Çox təəssüf ki, yaradıcılığı həqiqi dəyərini hələ də almayıbdır. Amma hökmən alacaq. Onun ən azı “Məhşər” və “İdeal” romanları dünyanı fəth etməyə layiqdir.
Söhbət Azərbaycan SSR xalq yazıçısı İsa Muğannadan gedir. O İsa Muğannadan ki, bu gün onun doğum günüdür.
İsa Muğanna deyəndə onun fəlsəfi, dərin məzmunlu romanlarını oxumayanlar belə ən azı “Tütək səsi” filmini xatırlayırlar. Bu film də bir neçə mükəmməl romanı kimi bud ahi sənərkarın adını mədəniyyətimizin qızıl fnduna saldırıbdır.
İsa Muğanna (Hüseynov) 1928-ci ilin 12 iyununda Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub.
Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra İsa kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, Ssenari şurası üzvü, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür", "Tütək səsi", "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
Düzdür, bəzi işlər, xüsusən “26 Bakı Komissarı” filmi ideoloji işə yaradığı üçün bu gün bizim üçün yabançıdır, bu da dövrün tələbinin bir qanunauyğunluğudur. Amma “Məhşər” və “İdeal” kimi şedevrlər də var ki, bütün dövrlər üçün aktualdır.
Kitabları
1. "Bizim qızlar" pyesi
2. "Dan ulduzu" pyesi
3. Hekayələr
4. Ömrümdə izlər
5. Pyeslər
6. Yanar ürək
7. Doğma və yad adamla
8. Cəhənnəm
9. Qəbiristan
10. "Saz" povest
11.”Məhşər”
12.”İdeal”
Filmoqrafiya
Ulduzlar sönmür,
26 Baki komissarı,
Tütək səsi,
Nəsimi,
Nizami
İsa Muğannanın şəxsiyyəti və yaradıcılığı oxucusu tərəfindən rəğbətlə qarşılandığı kimi, dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Ədibə Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adları verilmiş, 1998-ci ildə o, Ümummilli lider Heydər Əliyev tərəfindən İstiqlal ordeni ilə təltif edilmişdir. Daha sonra Nəsimi milli mükafatına layiq görülmüşdür. Yazıçının Nəsimi mükafatına layiq görülməsi onun Ədəbiyyata və Mədəniyyətə göstərdiyi xidmətlərlə bahəm, Nəsimi şəxsiyyətinə və tariximizə verdiyi töhfələrə dəyərdir.
Uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıbdır İsa Hüseynov. Hey yazıb, yaradıb, fəal olub. 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etdi. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşdi.
Xalq yazıçısının növbəti ömrü onun ölümsüzlüyü ilə başlandı və bu gün də davam edir. Bu dönəmdə onun əsərləri yenidən nəşr olundu, 2009-cu ildə tamamlanmış "Türfə” romanı 2015-ci ildə çap edilərək Muğannasevərlərə təqdim olundu. Ədəbiyyatşünas alim Şəmil Sadiqin müəllifi olduğu "İsa Muğanna yaradıcılığı İdeal işığında” adlı monoqrafiyasının nəşri də bu dönəmə təsadüf etdi.
İsa Muğannanın əsərləri ailəsi, oxucuları, haqqında yazılan elmi tədqiqat işləri (yaradıcılığı ilə bağlı) yazıçını bu gün də yaşadır. Muğannanın yaradıcılığı yalnız ədəbiyyatşünas alimlərin deyil, böyük şairlərin də maraq dairəsində olmuşdur. Xalq şairi Xəlil Rza Ulutürk ədibin "İdeal” romanının yazılmasından sonra "Sən mənə bir silah verdin” poemasını yazmışdır. Xalq şairi Zəlimxan Yaqub isə "Ün” poemasını İsa Muğanna yaradıcılığına həsr etmişdir.
Ruhu şad olsun dahi yazarın!
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)