Bütün sadə anları böyük sevgi ilə yaşamaq - ESSE Featured

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Bəzən susuram. Bəzən də üsyankar, deyingən oluram. Amma bir şey var ki, dəyişmir: mən yaşamağı sevirəm. Həyatı duyaraq, içimdə hiss edərək yaşamağı...

 

Günəş gözümün içinə düşəndə, o işığın içimdə yaratdığı istini sevirəm. Kitab vərəqlərinin və torpağın qoxusunu, yağış yağanda saçlarımın islanmasını...

Sakit, uzun yürüyüşlərdə özümü tapıram. Həmişə deyil, amma bəzən bir limonlu çayın buxarında ruhumu isidirəm.

 

Mən çox dost axtarmıram. Az dost, tək-tük sirdaş bəs edir. Çünki bu həyatda mənim üçün səmimiyyət miqdardan önəmlidir. Pişiklərlə oynamaq, gülüşümü bir qız uşağına vermək, insanlara müsbət bir aura ötürmək mənə yaşadığımı xatırladır.

 

Təbiət mənzərələrində nəfəs alıram. Günəşin və dənizin şəklini çəkərkən, bir anı əbədiləşdirirəm. Anamın darçınlı keksləri uşaq qəlbimə yol tapır, mandarin qoxulu ətirlər isə xatirələrin qapısını aralayır.

 

Bəzən sadəcə bir KFC-də oturub tək başıma yemək yeyirəm. Bu, tək qalmaq deyil – özümü dinləməkdir. Yaşlılarla söhbətləşmək və onların sükutundakı təcrübəni anlamaq məni dəyişdirir. Hər oxuduğum kitabda, hər baxdığım filmdə içimdə bir obraz yaranır – onların psixologiyasını yaşayıram.

 

Və ən çox sevdiyim şeylərdən biri də – başıboş sətirlərimdir. Onlar bəlkə də başıboş deyil. İçimdən çıxan, amma hər kəsin ürəyinə yol tapa biləcək qədər səmimi və azad olan sətirlərdir...

Çünki mən insanam. Hiss edən, sevən, darıxan, gülən, düşünən bir varlığam. Bəlkə də həyat budur – bütün bu sadə anları böyük sevgi ilə yaşamaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.