QARANLIĞIN SÜKUTU: Simvol, mif, el bilgisi və çağdaş təfəkkür işığında Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Göz yumma Günəşdən, nə qədər nuru qaralsa,

Sönməz əbədi, hər gecənin gündüzü vardır! 

                                                         Tofiq Fikrət 

 

Qaranlığın yenidən oxunması

Qaranlıq uzun yüzilliklər boyunca insan şüurunda qorxu ilə assosiasiya olunub, “yoxluq”, “ölüm”, “bəlirsizlik” kimi mənfi anlamlar daşıyan bir simvola çevrilib. Halbuki mədəniyyətlərin dərin qatlarında, ulusal gələnəklərdə, miflərdə və gələnəksəl təbabətdə qaranlıq tam da bu təkölçülü anlamı inkar edir. O, bir bəsləyici, qoruyucu, yetişdirici mahiyyət daşıyır. Biz bu yazıda qaranlığı bir “işıqöncəsi mərhələ”, bir “nurun bətnindəki dönəm” kimi dəyərləndirən anlayışlara işıq tutmağa çalışmışıq.

 

Gün hələ düşməyib…

Qaranlıq – varlığın bir formasıdır; görünməzlikdə var olmaq kimi... Bu anlamda, qaranlıq yoxdur – yalnız görünməyən işıq var - desək, qüsur olmasın gərək…

Yəni Gün işığının hələ çatmadığı yerlərdəki qaranlığı “yoxluq” kimi deyil, “işığın gələcəyi” kimi düşünmək mümkündür. Beləcə, qaranlıq bir “keçid” mərhələsinə çevrilir. Gecə gündüzün qarşısında duran yoxluq deyil – onun sükutla hazırlanan başlanğıcıdır sanki...

 

Qaranlıqda mayalanan: xalq bilgisi, loğman irsi

Gələnəksəl türk təbabəti (türkəçarə) üzrə loğmanların təcrübəsində – məlhəmlər 40 gün qaranlıqda saxlanılırdı. Bu, təsadüfi bir sürəc deyildi; burada həm doğal dönəmləmə, həm də simvolik bir yetişmə sürəci vardı. Loğmanlar bilirdilər, şəfa verən maddə qaranlıqlar içində – yəni dış etkidən uzaq, sakit, toxuntusuz və içəriyə yönəlik bir mühitdə formalaşır. Qaranlıq burada (necə deyərlər) yetişdirici rahim rolunu oynayır.

Bu analogiyanı sadə məişət örnəyində də görürük: analarımız çalınmış südü – yəni hələ qatıq olmayan, amma potensial olaraq ona çevriləcək mayeni – qaranlıqda saxlayırdı. Bu örtülü saxlama həm fiziki, həm də simvolik mahiyyət daşıyır. Qaranlıq – bir növ iç enerjilərin, gizli kimyanın baş verdiyi sahədir. Belə gizli kimyanın pozulmaması istəyi “yumurtlayan (yaxud kürt yatan) toyuğun gözünə baxmazlar” tapşırığında da vardı…

Yeri gəlmişkən, 

“40 gün”ün gizəmi - gələnəklərdə qaranlığın qoruyucu rolu başlı-başına bir dərin mövzu olsa gərək.

Türk dünyasında və ümumən Gündoğar mədəniyyətlərində təzə doğulan körpə, eləcə də yeni gəlin 40 gün ev-eşikdən el-obaya çıxarılmazdı. Görünür, bu, “40 gün” motivi – həm kosmik dövrlə, həm bədən ritmləri ilə, həm də ruhi sabitliklə bağlıdır. Körpə hələ “dünyaya düşməyib” – yəni bədənlə ruhun tam uyğunlaşması üçün zaman tələb olunur. Qaranlıq bu keçidi qoruyur.

Yeni gəlin də eyni şəkildə 40 gün “örtülü” qalırdı. Bu örtü – fiziki yox, (belə demək mümkünsə) sosial bir örtükləmədir. Gözlərdən uzaq, dil-düşüncə təmasından qıraq, yeni bir yaşam formasına uyğunlaşmaq üçün sükut məkanının özü…

Ayrıca, dastanlarımızı yada salaq - örnəyi, 39-a dözən Koroğlu bir azca da toxtaqlı davransaydı, 40 günlük qaranlıq bəsləmə dönəmi tamam olacaqdı və… Qırat qanad çıxaracaqdı…

 

Çağdaş elmin sükuta dönməsi: ruh və zülmət

Yapon alimlərinin ruh üzrə apardığı çağdaş araşdırmalar, çox zaman tam sükut və işıqdan uzaq qaranlıq laboratoriyalarda həyata keçirilir - bunu bir bilgili aydınımız söyləmişdi. Burada məqsəd ruhi reaksiyaların, beyin siqnallarının, bədən-ruh və zehnin qarşılıqlı təsirinin daha təmiz və necə deyərlər, toxunuşsuz qeydə alınmasıdır. Elm sanki qaranlığa dönür – çünki orada “səssiz olanı” eşitmək, görmək ilgi və imkanı var...

Bu da göstərir ki, qaranlıq nə “ilkin ibtidai qorxu”, nə də “bütün anlamlardan boş” məkan deyil. O, öyüdücü (tərbiyələndirici), hazırlayıcı və zərif enerjilərin formalaşdığı bir mərhələdir.

 

Mifik və kosmik yaddaşda qaranlığın mahiyyəti

Mifologiyalarda kainatın yaranışı qaranlıqla başlayır: bir köynək yaxındakı - min ağac uzaqlardakı coğrafiya və zamanlarda “Qara kainat”, “Qara su”, “İlkin sular” – qaranlıq və xaos içindəki yaradıcı potensialı ifadə edir. - Qaranlıq ilkin varlıq qatı – yəni yaradıcı enerjinin mərkəzidir. Qara sulardan torpaq çıxar, qaranlıqdan tanrıçalar doğular, işıq ora yönəlməsə belə, yaşamın özü ilk oralarda mayalanar...

Qaranlıq burada ölüm deyil – doğumdur.

Bəli, qaranlığın dərin üzü: mifdən ideologiyaya, dindən coğrafiyaya uzanır… Qaranlıq təkcə fiziki bir hal deyil. Yəni o, insanlığın təbii qorxularından biri, eyni zamanda ruhani yolçuluğun ilk pilləsidir. Dinlərdə günahın simvolu olduğu kimi, sufizmdə “batin”in gizlinidir. Filosofların qəlbində təzadların məkanı, siyasətin tarixində senzura və basqının pərdəsi, qütblərdə yaşayanlar üçünsə gündüzün daha dəyərli görünməsinə səbəb olan gecədir o...

 

Günah, vəhy və təbərrük - səmavi dinlərdə qaranlıq

Səmavi dinlərdə - yəhudilik, xristianlıq və İslamda səmavi qaranlıq çox vaxt şər və azğınlığın metaforu kimi tanıdılır.

-“Tövrat”da qaranlıq, Misirdəki on bəladan biri kimi təqdim olunur: “Sonra Rəbb Musaya dedi: əlini göyə uzat, Misir torpağına qaranlıq gəlsin – elə bir qaranlıq ki, hiss olunsun”! (Çıxış 10:21);

-“İncili”n “Yuhanna” kitabında deyilir: “İşıq dünyaya gəldi, amma insanlar qaranlığı işıqdan çox sevdi, çünki əməlləri pis idi”. (Yuhanna 3:19);

 -“Qurani-Kərim”də isə qaranlıq həm fitnə və cəhalətin, həm də yaradılışın ilkin mərhələsinin simvoludur: “O, sizi analarınızın bətnində, üç qaranlıq (pərdə, uşaqlıq və qarın) içində, bir yaradılışdan digərinə salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır)”.

Burada ilginc bir dönüş var: qaranlıq həm yaradılışın bətnidir, həm də cahilliyin pərdəsi... Söhbət, necə deyərlər, ikili (dualist) doğadan - bətn və fitnədən gedir.

Səmavi dinlərdə qaranlıq həm də sınaqdır – ya aydınlığa doğru addımlayacaqsan ya da elə oradaca itib-batacaqsan…

Bir sözlə, səmavi dinlərdə qaranlıq yaradılışın başlanğıcı kimi də, sınaq yeri kimi də - ikili anlamda çıxış edir – bu dual doğa onun həm qorxuducu, həm də doğurucu funksiyasını göstərir.

 

Qaranlığın doğurucu və gizəmli doğası - qeyri-səmavi inanclarda:

Hinduizm, buddizm, zərdüştilik və şamanizm kimi dini-fəlsəfi sistemlərdə qaranlıq daha çox kosmik dəngənin tərkib hissəsi, bəzənsə özünü dərk etmənin qapısı kimi təqdim olunur.

-Hinduizmdə Kali tanrıçası qaranlıqla bağlanır lakin o məhv edən yox, “keçidə hazırlayan” ana simvoludur. Qaranlıq burada “maya” – illüziyanı yaradan örtüdür;

-Zərdüştilikdə isə Ahura Mazda işığı, Angra Mainyu isə qaranlığı təmsil edir – ancaq bu, dualist öyüdücü savaş formasında təqdim olunur, biri digərini yox etməyə deyil, onu tanımağa yönəlir;

-Şaman inancında qaranlıq – ruhun səfərə çıxdığı, “alt dünya”ya endiyi mərhələdir. Şaman gözlərini yumur, işığı söndürür – deyir “həqiqət görünməzlikdədir”.

 

Qaranlıq - fəlsəfi axınlarda - ziddiyyətin özülü kimi

Batı fəlsəfəsində qaranlıq çox vaxt mənəvi təzadların məkanı kimi çıxış edir.

-Plotin (Plotinus ~204/5 – 270) və Yeni-Platonçular qaranlığı “maddi dünyanın kölgəsi” kimi dəyərləndirir – yəni ruhani kamilliyə əngəl olaraq...

-Yeni fəlsəfi məktəb kimi yaşam fəlsəfəsinin yaradıcısı sayılan Fridrix Nitşe (1844-1900) isə qaranlığa pozitiv yanaşır – onun üçün “öz dərinliyinə baxan insan, qaranlığın ona baxdığını anlamalıdır”. Burada qaranlıq – insanın öz kölgəsi ilə qarşılaşdığı andır.

- Fenomenologiya və ekzistensializmin önəmli nümayəndələrindən olan alman filosofu Martin Haydegerə (1889-1976) görə “zamanın unudulmuşluğu”nda qaranlıq “unutuş” və “vəhy”in yanaşı getdiyi məkandır. O, işığı yalnız qaranlığın kontekstində anlayır və s.

Qaranlıq – düşüncənin sınırıdır və ona yaxınlaşdıqda ya fəlsəfə doğulur ya da şeir...

 

İctimai-siyasi formasiyalarda qaranlığın ideoloji istifadəsi

Qaranlıq totalitar rejimlərin metaforik sözlüyündə sıxlıqla yer alır.

-Senzura, mətbuatın bağlanması, ictimai bilgidən yoxsunluq – bunlar “qaranlıq dönəmlər” adlandırılır;

-Corc Oruellin ünlü “1984” romanında insanlar daima “işıq”da yaşasa da, həqiqət onların gözlərindən qaranlığa salınır. Yəni “qaranlıq” fiziki yox, epistemoloji - bilgiyə bağlı anlayışa çevrilir;

-Sovet ideologiyası isə “qaranlıq feodalizm” anlayışı ilə öz keçmişini inkar edir və “aydın sabahlar” şüarını önə çəkirdi. Uzağa getməyək - örnəyi, respublikamızda 28 aprel - işğal günü “bayram edilirdi”…

Qaranlıq formasiyalar üzrə ideoloji manevrdir – bir şeyin önünü bağlamaq, digərini aydınlatmaq üçün...

 

Coğrafi baxış: qütblərdəki qaranlıq və ağ gecələr

Qaranlığın doğayla bağı bəzən onun qəbulunu da dəyişdirir.

Qütb bölgələrində, özəlliklə Norveç, İslandiya, Sibir və bəzi b. yerlərdə, qaranlıq qış aylarında 24 saat davam edir. Bu coğrafiyada yaşayanlar üçün qaranlıq yaşamın ayrılmaz hissəsidir, o artıq qorxu yox, sükut və dərinlik məkanıdır.

Əksinə, “ağ gecələr” – yəni Günəşin batmağa “macal tapmadığı” dönəmlər – qaranlığın dəyərini artırır. Dostoyevskinin “Ağ gecələr” povestində olduğu kimi, məhz gecənin içində duyğu dərinliyi yaranır...

 

Qaranlıq – yolun özüdür bəlkə?..

İşıq - yönümüzdür, bəli; amma bəlkə qaranlıq yolun özüdür - başqa sözlə, yolun özü qaranlıqdan keçir, sıyrılıb-silkinib çıxır?..

Qaranlıq sükutdur,

Kölgələr özümüz,

Hər gecə bir rahimdir,

Sabah doğulmazdan öncə...

Qaranlıq – əslində qorxulu deyil. O, işığa çatmadan öncəki yetkinləşmədir, tanrısal susqunluqdur, iç səfərdir.

“Qaranlıqlar yarılsın, 

Ürəyinizdə Günəş olsun!” - Asif Atanın bu çağırısı, alxışı həm şaman duasıdır, həm maarifçi diləyidir, həm də (olsun ki) hər bir ruhun öz içindəki kölgə ilə barışmaq istəyidir.

 

Haşiyə-1:

Azərbaycan folklorunda qaranlıq anlayışı həm qorxulu, həm də qutsal anlam daşıyır. Bu anlayış alxışlar (xeyir-dualar) və qarğışlar (lənətləmələr, bəddualar) vasitəsilə ifadə olunur.

Azərbaycanın müxtəlif bölgələrində, özəlliklə İsmayıllıda toplanan folklor örnəklərində qaranlıqla bağlı alxış və qarğışlara çox rast gəlinir. 

Digər tərəfdən, qaranlıqda baş verən hadisələr və ya qaranlıqla bağlı varlıqlar, qorxu və təhlükə rəmzi kimi çıxış edir. 

Yəni, qaranlıq, Azərbaycan folklorunda çoxşaxəli bir anlayışdır. Həm qoruyucu, həm də qorxulu anlam daşıyan qaranlıq, alxış və qarğışlarda müxtəlif formalarda ifadə olunur. Bu, xalqın qaranlığa olan münasibətinin zənginliyini və dərinliyini göstərir. “İşığın azalmasın”, “Gözünə işıq gəlsin”, “Ocağın qaralmasın”, “Ocağın sönməsin” deyən ulusumuzun qarğışlarını Tanrı göstərməsin, heç bura yazmaq belə istəməzdim…

 

Haşiyə-2:

Xalq yazıçısı İsa Muğanna “İdeal”da Qapalı dairədən və Yanar Ürəkdən söz açırdı. 

İrəvan kökənli, Şəmkir yaşamlı, Bakı oxumlu 

şair-həkim Paşa Qəlbinur, 

Sumqayıt doğumlu, London yaşamlı 

şair Rauf Qaraişıq, 

Sibir ellərində işləmiş Bakı doğumlu

filoloq-alim Yusif Günaydın… isə (göründüyü kimi) qaranlığa münasibətdə “xüsusi təyinatlı” təxəllüslər seçiblər…

Bu arada, “BakuTV”nin ünlü proqramlarından biri“QAPQARA”, RTV-nin bir proqramı isə “Qaranlıqda həqiqət” adlanır…

(Haşiyələrin sonu)

 

Qaranlıq və qara rəngin sənətdə təzahürləri

Rəssamlıqda qara rəng

Qara rəng, rəssamlıqda güc, sirr və dərinlik simvolu kimi istifadə olunur. Azərbaycan rəssamlığında bu rəngin istifadəsi, özəlliklə çağdaş dönəmdə, müxtəlif anlamlar daşıyır. Örnəyi, rəssamlar qara rəngi insanın iç dünyasını, emosional durumunu və ya sosial qayğıları ifadə etmək üçün istifadə edir. 

Belə demək olarsa, qara rəng qaranlığı çəkməkçün deyil…

Azərbaycan təsviri sənətində qara rəng və qaranlıq motivi, yalnız rəng seçimi olmaqda qalmayıb, həm də dərin mənəvi və fəlsəfi anlamlar daşıyan bir ifadə vasitəsidir.

Ümumən, mənim şəxsən tanıdığım, yaradıcılıqları ilə mümkün miqdar tanış olduğum Azərbaycan rəssamlarının əsərlərində qara rəng – yaddaşın toxunuşu kimidir… - baxırsan, qara – fon deyil, nəfəsdir.

Örnəyi, gələnəksəl xalçalarda və ümumən sənət əsərlərində qara - çox vaxt kontur, kölgə və ya necə deyərlər, bədii təmkin vasitəsidir. Lakin biz bir çox sənətkarımızda, yeni nəsil rəssamımızda bu rəngi belə görürük:

-kompozisiyanın sükunət oxunu təşkil edir;

-bəzən parlaq rəngləri udaraq onları daha çox önə çıxarır;

-bəzən isə həddindən artıq parıltının qarşısında duran bir sınır xətti rolunu oynayır…

 

Azərbaycanlı rəssamın fırçasından süzülən qaranın mənanın saxlandığı boşluq kimi işləndiyini – rəngin deyil, onun canlandırdığı bir başqa (bəlkə mistik) boşluğu görürük; mifik yaddaşın rəngini sezirik sanki.

Rəssamlarımız, ulusal mifdən, arxaik motivlərdən, qoruyucu simvollar və energetik düsturlardan bəhrələnir. Bu konteksdə qara rəng:

-Qoruyucu qat (şərdən, “göz dəymədən” müdafiə);

-Sirr və gizlinlik (xalçada “qara boşluq” — ilahi toxunulmazlıq zonası);

-Mövcudluğun ilkin dumanı (“qara kainat” – yaradılışqabağı xaos) və s. kimi funksiyaları daşıyır.

Mifolojidən danışsaq, sufi simvolikaya da toxunmalıyıq.

Bəlli olduğu kimi, sufi estetikada qara rəng:

-nəfslə üzləşmənin;

-varlığın özündən keçmənin;

-“qara gecənin sabahı”na çatmaq arzusunun simvoludur.

Bizim rəssamların bəzi kompozisiyalarında qara xallar-güllər, süs və naxışlar — sanki Tanrıya gedən yoldakı “qaranlıq pillələr” kimidir. Bu, həm də çağdaş insanın mənəvi axtarışının vizual ifadəsidir...

Bir baxıma, kompozisiyada qara – nəfəs ala bilən boşluqdur…

Örnəyi, gələnəksəl xalçalarda bütün sahə “doldurulmuş” görünə bilər, lakin sənətkarlıq odur ki, bəzən boşluqdan — yəni qara sahədən fəal istifadə edəsən - oranı, yaddaşın danışdığı susqun məkan olaraq öz dərəcəsinə yüksəldəsən… Bax, bu halda, səssizliyin və məchulluğun estetikasını dil açdırmış olsursan...

Bir sözlə, fəlsəfi baxışı, mifik yaddaşı və aydınlıq eşqi olan rəssamlarımızın hər biri qara rəngi, qaranlıq motivini fərqli üslublarla, yanaşmalarla istifadə edərək, Azərbaycan təsviri sənətində zəngin və müxtəlif ifadə formaları yarada bilib.

 

Ədəbiyyatda qaranlıq

Azərbaycan və Türk ədəbiyyatında qaranlıq tez-tez metaforik anlamda istifadə olunur. Şairlər qaranlığı insanın iç dünyasının, duyğularının və ya toplumun sorunlarının ifadəsi kimi tanıdır. Örnəyi, Gəncəli Nizaminin “Leyli və Məcnun” əsərində qaranlıq, Məcnunun iç dünyasının və sevgi əzabının simvolu kimi çıxış edir. 

Sonrakı çağlarda yaşayıb-yaratmış, o cümlədən çağdaşımız olan şairlər də qaranlıqdan istifadə edərək insanın psixoloji durumunu və ya sosial ədalətsizliyi təsvir edirlər.

Yəni qaranlıq, ədəbiyyatda sadəcə fiziki yoxluq deyil, çox vaxt metafizik boşluq, ruhi qarışıqlıq, ictimai zülm, sevgidə məhrumiyyət, daxili qurtuluş axtarışı və ya Tanrıya gedən yolda tənhalıq kimi təqdim olunur.

Klassik poeziyada qaranlıq – mistik tənhalığın özüdür.

Artıq vurğuladığımız kimi, Gəncəli dahinin “Leyli və Məcnun”unda qaranlıq:

-Məcnunun ruh halı;

-toplumun qəbuledilməzliyi;

və sevgidə bəxtsizlikin poetik fonudur.

Nizamidə qaranlıq həm kədərin örtüyüdür, həm də düşüncə məkanıdır.

 

Nəsiminin poeziyasında qaranlıq motivi çoxqatlı simvolik anlamlar daşıyır. Onun poetik dünyasında qaranlıq – sadəcə fiziki yoxluq, gecə, ya da işıqsızlıq deyil; həm ruhani zahir-batinin, həm tanrısal idrakın, həm də irfani sirlər aləminin açarı kimi işlənir. 

Nəsimi üçün qaranlıq – insanda ilahi həqiqətə qarşı korluğun və nadanlığın metaforudur. O, bu zülməti təkcə savadsızlıq və ya bilgisizlik kimi yox, mənəvi korluq, öz mahiyyətindən xəbərsiz yaşamaq kimi təsvir edir.

Hurufilikdə, özəlliklə Nəsimidə, iç (batin)-dış (zahir) qarşıdurması önəmli yer tutur. Dünya – dışarı surətlərin, aldadıcı görüntülərin hökm sürdüyü qaranlıq bir məkandır.

Əgər insan yalnız dışarını görürsə, demək, qaranlığın içindədir, çünki içərini görmək üçün mənəvi göz açılmalıdır.

 

Füzulidə də gecə və qaranlıq ilahi eşqin yanğılı fonudur.

Füzulidə qaranlıq ilahi hüzura çatmaq üçün keçilən zülmət yoludur.

 

“Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm əyri gördüm, özgə babət görmədim”… - Vaqifin qaranlığa poetik vaqifliyidir… Bu beyt Molla Pənah Vaqifin dünyagörüşünün və realist şeir üslubunun ən təmiz örnəklərindən biridir. Sözlərindən süzülən “qaranlıq içində ayıq baxış”, haqq axtarışı, bəşər xislətinin tənqidi – məhz Vaqifin poetik vaqifliyini təcəssüm etdirir. Bu beyt, dünyaya ayıq baxışın, sosial və mənəvi ədalətsizliyə qarşı poetik etirazın ifadəsidir. Vaqif burada həm fərdi qaranlıqla, həm də toplumsal qaranlıqla qarşı-qarşıyadır. Onun bu qaranlığa baxışı — sadəcə şikayət deyil, kəsərli, müşahidəçi və sorğulayıcı bir baxışdır.

XX yüzil ədəbiyyatında qaranlıq – ruhun parçalanması kimi çıxış edir.

Cəfər Cabbarlının dramatik əsərlərində (örnəyi, “Almaz”, “Oqtay Eloğlu”) qaranlıq:

-cəhalətin;

-ulusun öyrətidən (maarifdən) uzaq düşməsinin,

-patriarxal basqıların simvoludur.

 

Rəsul Rzanın poeziyasında qaranlıq – intellektual metafordur.

Rəsul Rzanın poeziyasında qara rəngi və qaranlıq anlayışı müxtəlif anlamlarda istifadə olunur. Onun ünlü “Rənglər silsiləsi”ndə “Qara” belə görünür: 

“Namərd düşmən.

Şüurdan gizlənmiş qorxu.

Əbədi ayrılığın ağrısı.

Yaşamaq üçün sürünənlərin çoxu.

(Şikəst olub sürünənlər xaric)

Ağ yalan.

Dodaqları yandıran ah.

Edam gününə açılan sabah.

Ləkəli sözlər.

Gözlərin alovu.

Saçlar, qaşlar.

Qaranəfəs olmuş ceyranın əti.

Birdə

bəzi insan niyyəti”.

Bu isə “Qaranın dərd çaları”dır:

“Həsrətli gözlər.

Pərişan saçlar.

Titrək dodaqlar.

Sürət yolunda dəstəbaşı çolaqlar.

Söz eşidəbilməyən qulaqlar.

Sındırılmış puçurlu budaqlar.

Nəğməsiz dağlar

Kör bulaqlar.

Ovsuz ovlaqlar.

Odsuz ocaqlar.

Yaşamalı ölülər.

Ölməli sağlar.

Dili ali məclislərdən qovulan,

qolları buxovlu olan,

qəbilələr, xalqlar”.

Qara rəngi və qaranlıq anlayışı həm doğa təsvirlərində həm də metaforik anlamlarda istifadə olunan Rəsul Rza şeirlərində bu anlayışlar insanın iç dünyasının, doğanın və toplumun müxtəlif aspektlərinin poetik ifadəsi kimi çıxış edir.

 

Çağdaş poeziyada qaranlıq – fərdi və kollektiv yaralar kimi təcalla tapır.

Məmməd Araz, Məmməd İsmayıl, Zəlimxan Yaqub və digərlərində də qaranlıq bəzən köçkünlük, itki, yurd həsrəti, bəzən də mənəvi boşluq kimi çıxış edir.

 

Qaranlıqdan doğan işıq – metafizik umud

Ədəbiyyatda qaranlıq təkcə bir bəlirsizlik, tənhalıq və ya faciə rəmzi deyil, bəzən də ağrı içindən çıxmalı olan və də çıxan aydınlanmanın zəmini olur.

Qaranlıq çox vaxt ünsiyyətə açıq olmayan gerçəkliyin fonu kimi təqdim olunur. Onun arxasında ya səssiz bir üsyan ya da Tanrıya dönük bir təslimiyyət yatır.

 

Musiqidə qaranlıq

Qaranlıq və qara rəng musiqidə də müxtəlif formalarda təzahür edir. Azərbaycan musiqisində bu, özəlliklə muğam janrında özünü göstərir. Muğamın bəzi bölümləri, örnəyi, “Segah” və “Rast”, dərin emosional ifadə və qaranlıq tonlarla xarakterizə olunur. Bəstəkarlar bu tonları istifadə edərək insanın hisslərini və yaşamın mürəkkəbliyini əks etdirir.

Dahi sənətkar Üzeyir bəy Hacıbəylinin çıxarılmalı qaranlıqlardan çıxardığı musiqimiz —

not-not, bəstə-bəstə, nəfəs-nəfəs dünyəviləşdi…

Yüz illər boyu sükutun içindən boy verən bir səs kimi…

O musiqi ki, zəminindən ayrılmadan zirvəyə qalxmağı bacardı.

Bu, sadəcə musiqi təkamülü deyildi —

bu, bir dahilik hadisəsi idi.

Dahilik ki, millilikdən qopmadan çağdaşlığı qucaqladı.

Qopmadı!

Çünki o musiqinin yaddaşında ozan ruhu vardı, muğam vardı, bayatı vardı, elin nəfəsi vardı.

Gələnək idrakla qucaqlaşmışdı yəni... Yəni klassika köklərlə danışmışdı...

Və bu musiqi — Türk-İslam Gündoğarının sükutlu səhərlərinə elə Gün kimi doğdu.

Günbatarla Gündoğarın arasında savadlı bir körpü,

milliliklə dünyəviliyin iç-içə keçdiyi irfanlı bir dil yaradılmış oldu.

 

Qara Qarayev. Qaranlığın musiqidəki səsləndirilməsi

Qara Qarayev (1918–1982), dahi Azərbaycan bəstəkarı olaraq, əsərlərində qaranlıq və qara rəngin simvolikasını ustalıqla istifadə edib. Onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, həmçinin “Leyli və Məcnun” simfonik poeması, insanın iç dünyasının və toplumun mürəkkəbliyinin musiqi vasitəsilə dərin ifadəsidir.  

Qarayevin musiqisində qaranlıq, yalnız kədər və ya qorxu deyil, həm də düşüncə, introspeksiya - yəni öz-özünə baxmağın, içə yönəlmənin və insanın özünü dərk etməsinin simvoludur. Onun əsərlərindəki qaranlıq tonlar, dinləyicini düşünməyə və hiss etməyə təşviq edir.

 

Beləliklə, qaranlıq və qara rəng, sənətin müxtəlif sahələrində dərin və çoxqatlı anlamlar daşıyır. Azərbaycan və Türk dünyasında bu simvollar, insanın iç dünyasının, toplumun durumunun və yaşamın mürəkkəbliyinin ifadəsi kimi istifadə olunur. Qara Qarayevin musiqisi isə bu simvolikanın ən parlaq örnəklərindən biridir, onun əsərləri qaranlığın musiqidəki səsləndirilməsinin gözəl örnəyidir.

 

Qaranlıq – işığın özü olmadan işığın yoludur

Qaranlıq artıq susqunluq deyil, səsin əvvəlidir. Gecə gündüzdən öncə gəlir və gündüz onun içində doğulur. Biz qaranlığı yalnız yoxluq kimi deyil, “olmaq üçün lazım olan sükut” kimi oxumalıyıq. Çünki ən dərin köklər torpağın zülmət qatlarında uzanır, ən təmiz məhlullar işıqdan uzaqda amma onu “düşünərək”, ona köklənərək, onu arayaraq… yetişir, ən zərif ruhlar qaranlığın bətnində formalaşır…

Qaranlıq qaranlıq deyil sanki – işıq bağıdır, nur bostanıdır… 

Nə bilim... - Qaranlıqdır - işıq varsa, yəqin, o da vardır… “Ayrılıq sevdaya daxil” deyən Atilla İlhan “Qaranlıq işığa daxil” demiş olmasın?..

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.