Yalan, yoxsa həqiqət? – ESSE Featured

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünən anladım ki, mənim bu anlamaq dərdim başıma bəladır.

Nə gözəl yaşayardım, hər şeyə aldanaraq – gecəsi gecə, gündüzü gündüz, rahat, qayğısız. Amma mən dünyadan möcüzə gözlədim. Heç özüm də bilmədim niyə.

 

Zaman gəldi, hər şeyi dəyişdi. İnsanlar adiləşdi, saxtakarlar çoxaldı.

Və beləcə hər şey öz rəngində görünməyə başladı – bircə yalandan başqa. O, yenə min rəngə çaldı. Hər evə girdi, hər ürəyi dağıtdı. Həqiqət özünü qoruyarkən, yalan sürətlə böyüdü, yayıldı, şişdi.

Bir sual verim sizə: Sizinləyəm, niyə yalan danışırsız axı? Axı heç də dediyiniz kimi deyil. Doğrudan, həqiqətən bir-birinizi görən kimi sevinirsiniz? İşdən evə, evdən işə tələsirsiniz? Nədən narahatsınız? Yorğunluq özü də yorub?

Tükənirsiniz, bunu anlayıram. Amma bəlkə də özünüzə yalan danışırsınız. Elə bil ki, hər kəsin içində sükutla gizlədilmiş bir həqiqət var – amma onu deməyə cəsarət yoxdur. And olsun bu günə ki, üstəlik də qorxaqsınız.

Hər nə gördünsə, onun saxtası da var artıq. İnsanlara baxanda düşünürəm: görəsən bu özüdür, ya yaxşı hazırlanmış surəti?

Qonşum Əbülfəz illərlə çalışır, amma oğlunu evləndirə bilmir. Deyir, qızlar saxtadır. Kişinin gözü elə qorxub ki, çətin oğlunu evləndirə.

Yəni hər şey saxtalaşıb – hisslər, münasibətlər, dəyərlər. Qınamıram. Bu qədər saxtanın içində haqqı, ədaləti tapmaq çətindir. Həyat bir labirintə çevrilib – çıxış yolu var sanma, çünki o gördüyün çıxış yolu özü də saxtadır.

Uzun zamandır təkəm, o gündən təkəm ki, bütün bunları anlamağa başladım. İşdə, evdə heç kimi özümə yaxın buraxmadım, özüm də heç kimə yaxınlaşmadım. Bəlkə də bu mənim ən doğru həqiqətim oldu.

Bir xeyir iş görmək istəyirsən, bir Allah bəndəsini illərlə xaricdə oxudursan. Pul göndərirsən, əlindən gələn yardımı edirsən. Elə bilirsən savabdır. Amma sonra öyrənirsən ki, o uşaq heç diplom da almayıb, oxumayıb belə. Ömrünün gənc çağında bu uşaq niyə yalan danışa? O saxta diplomu necə hazırlayıb? Necə asanlıqla inanır insan...

Sevgidə də belədir. Sevgisinə inandığım birinin nigah masasında başqasının gözlərinə gülümsəməsi kimi bəsitdir aliliklər. Sənə inamını, sevgisini vəd edən insan, başqasının yanında xoşbəxt görünürsə, belə dünyanın yaxşı tərəfi harada olar?

Az xəstəlik tapmadı gözəl qızları. Xiffətdən dəlirdilər. Ölən də oldu.

Bəlkə də dəyişməməkdir ən böyük inqilab. Bu inqilabın içində sakit, səssiz bir döyüşçüyəm. Hər gün bir az daha tənhayam, amma bir o qədər də azad. Kiminsə oyununa çevrilmədən, yalanına aldanmadan, öz yolumda. Və bu yolun adı həqiqətdir.

Yalan danışmayın. İşin ucunda ölüm də olsa, mən həqiqəti seçərəm. Çünki həqiqət, nə qədər acı olsa da, gözəldir. Mənə bu haqsızlığı etmə.

Hərdən elə bir aydınlıqda görürəm ki, yalanı – yalan baxışı, yalan alqışı, yalan vərdişi, yalan sevgini, yalan sevgilini – deyirəm: Aman Allah, oldumu indi...

Kaş ki, mən də bu qədər aldana biləydim. Kaş ki, mən də bəlkə bir az yalanın içində rahat yaşaya biləydim. Amma yox, gəlin məndən soruşun. Vallah-billah, yalan deməyəcəyəm.

Bu saxtakarı çox olan dünyanın tək sakini də qalsam,

Yer-göy bir olsa da – həqiqəti deyəcəyəm...

Saxtasan, dünya! Öldürüb yerinə keçdiyin əsl dünyanı ver. Orada həqiqət günəş kimi ürəyimi isidir.

Deyirlər, müqəddəs yalan da var – kiminsə ölməsin, dəli olmasın deyə deyilən yalanlar. O, mənim düşüncəmdə ən dözülməzidir.

Ruhən çoxdan getdiyin yerdə qalıb nəfəs almaq isə özünə yalanın pik məqamıdır.

Bir gün yaşa – həqiqətlə yaşa.

Sən sən ol, yalanla ölmə.

Bu bumbuz dünyanı çox gör mənə, çıxım gedim.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.