Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
“Uşaqlar bizim gələcəyimizdir” - Bu ifadəni hamımız eşitmişik, çoxumuz da demişik. Bəs bu gələcəyi necə inşa edirik? Döyərəkmi, əzərəkmi, sözlərimizlə incidərəkmi? Yoxsa sevgi, qayğı və azadlıq bəxş edərəkmi?
Bu gün susdurulan bir uşaq sabah da susacaq — duyğularını, haqlarını, fikirlərini… Çünki o öyrənəcək ki, səsini eşidən yoxdur.Uşaq böyütmək təkcə onun ehtiyaclarını qarşılamaq deyil: yedizdirmək, geyindirmək, oxutmaq kifayət etmir. Uşağı bir şəxsiyyət kimi görmək, onun fikirlərini anlamaq, hisslərini tanımaq, səhv etdikdə cəza vermək əvəzinə səbəbini izah etməkdir əsas məsələ. Sevgi ilə böyüyən uşaq içində sevgi toxumu əkir. Əzilərək böyüyən uşaq isə ya üsyankar olur, ya da itaətkar.
Əgər gələcəyi gözəl şəkildə formalaşdırmaq istəyiriksə, uşaqları dəyərlərlə və sevgi ilə böyütməliyik. Axı “gələcək” dediyimiz şey elə bu gündən başlayır. Bu gün biz onlara şans verməsək, sabah heç nə verə bilmərik.
Bir dəfə parkda üç uşaq sürüşkəndə əylənirdi. Mən də kənarda dayanıb onları seyr edirdim. Bir müddət sonra uşaqlardan birinin anası onların şəklini çəkmək üçün yaxınlaşdı. Uşaqlar isə oyunun şirinliyində idilər, durmaq istəmirdilər. Ana isə şəkil çəkə bilmək üçün tərpənmədən dayanmağı tapşırırdı. Biri dayansa da, digəri tərpənirdi. Anası nə qədər çalışsa da, üçünü bir yerdə istədiyi kimi çəkə bilmədi. Qadın əl çəkmirdi, uşaqlar isə oyuna davam edirdilər.
O an dediyi bir cümlə məni dərin düşüncəyə saldı: “Siz insan deyilsizmi, bir düzgün dayanmadız?”
Bu söz, şəkil çəkmək istəməyən uşaqlara deyilmişdi. Və hər kəsin eşidəcəyi səslə.
Dörd-beş yaşlı uşaqlardan “insanlıq” gözləyən ananın özü hansı nümunəni göstərirdi? Uşaqlar sadəcə əylənmək istəyirdilər. Anası isə “gözəl gün” başlığı altında bir şəkil paylaşmaq üçün o anı məhv edirdi.
Sonda, uşaqları istədiyi kimi dayandıra bilməyən ana kənara çəkildi. Uşaqlar isə heç nə olmamış kimi oynamağa davam etdilər. Bir neçə dəqiqə sonra getmək vaxtı çatdığını deyərək oradan uzaqlaşdılar. Onlar üçün bəlkə də heç nə dəyişmədi. Amma mənim üçün üç uşağın gələcəyi ilə bağlı bir fikir dəyişdi.
Onlarla birlikdə növbəsini gözləyərək sürüşən bir kiçik uşaq da vardı. Gününü, anını yaşayan. Onun şəklini çəkmək istəyən anası isə əvvəlcə soruşdu:
“Qızım, istəyirsən şəklini çəkim?”
Və şəkillər yalnız uşaq istədiyi anlarda çəkildi. O şəkillər mənim üçün xoşbəxtliyin, azad gələcəyin və seçim haqqının simvoluna çevrildi.
Bəlkə də gələcəyin necə olacağı çəkilən şəkillərdə yox, çəkilməyən, amma hiss edilən bir azadlıqda gizlidir…
“Ədəbiyyat və incəsənət”
(30.05.2025)