Hər kəs buradan daha tez qurtulmaq üçün bir yol axtarır – ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

İnsanlar tələsir — kimisi işə, kimisi evə, kimisi də problemlərinin ardınca yollanır. Bu gün də mən onlardan biri kimi xəstəxanaya yollandım. Adətən xəstə olanda biz bura gəlirik və ən qısa zamanda həll edərək qaçmağa çalışırıq. Bu gün xəstə olmasam da, ətrafım xəstələrlə dolu idi. Bura gəlmə səbəbim fərqli idi.

 

Mən kənarda oturub ətrafa baxırdım. İnsanların nə üçün gəldiyini, nə istədiklərini anlamağa çalışırdım. Bu vaxta qədər fərqində olmadan keçdiyim yolları indi daha yaxından görmək ehtiyacı hiss etmişdim. Baxmaq hər zaman görmək deyil. Bunu bildiyim üçün bu dəfə fərqli gəlmişdim.

Gəlib-gedən hər kəsə, xəstəxana işçilərinə, həkimlərə diqqətlə nəzər saldıqda ilk gördüyüm şey bu idi — kimsənin üzündə təbəssüm yox idi. Sanki hər kəsin ağır bir yarası vardı. Çatılmış qaşların arasından boylanan kədər sanki qəlbinin içindən süzülüb gəlib gözlərinə dolmuşdu.

Və elə bil divarlara “Burada gülmək qadağandır” yazısı asılmışdı. O an düşündüm ki, biz xoşbəxtliyi başqa yerdə, başqa şeylərdə axtararkən, əsl xoşbəxtlik sağlamlıq imiş. Bir çox insan bunun fərqində olmasa da, hər şey sağlam olmaqla başlayır. Və kimsə xəstə olmaq istəmir. Bədənin narahatlığını bir problem kimi görür, şikayətlənməyə başlayırıq — heç şükür etməyi düşünmədən.Bəlkə də bu xəstəlik sənin daha yaxşı olmağın üçündür. Bədəninin sənə, dincəlməyə ehtiyacı olduğu üçündür, bəlkə də. Sən isə gülmürsən. Bu azmış kimi, kimsə gözləmək də istəmir. Heç soruşmadan, icazə almadan hər kəsi əzərək növbəni gözləmədən keçmək istəyən kim, işlərini tez həll etmək üçün gözləri bir tanış, bir yaxın axtaran kim, min bir bəhanə edərək öndən keçməyə çalışan kim, səs-küy salaraq ortalığı qarışdıran, haqq-ədalət axtarışında olan kim…

Və bir də ən küncdə səssizcə dayanıb növbəsini gözləyənlər var. Hər kəs buradan daha tez qurtulmaq üçün bir yol axtarır. Xəstələr kimi, işçilər də.  Onlar da gülmür. Hətta danışmırlar da. Verilən suallara cavab əvəzinə sükut verirlər Ya da öz hekayələrini danışırlar.

Əlinə verilmiş kağızla hara gedəcəyini bilməyən yaşlı qadın, soruşduğu cavabı resepsiyadan ala bilmir. Başlayır öz başına gəzməyə, kimlərdənsə soruşaraq gedəcəyi yeri axtarır. Anlamırlar ki, kağızda yazılanı bu yaşlı insanlar necə başa düşsün?! Cavab vermədən “növbəti” deyib işlərinə davam edirlər. Səssiz robotlar kimi. Edilən təşəkkürə qarşılıq verəcək gücü belə özlərində hiss etmirlər, ya da hiss etmək istəmirlər.

 

Bu qarışıqlığın içində özümə sual verdim:

-Biz niyə bu qədər tələsirik? Niyə şikayət edirik? Niyə bir-birimizin ağrısına toxunmaqdan çəkinirik?

 

Xəstəxana divarları kimi insanlar da soyuqdur burada.

Mən isə bu dəfə fərqli gəlmişdim, fərqli bir şey götürüb getmək istəyirdim buradan. Təkcə bir analiz cavabı, bir resept deyil… Daha çox insanları anlamaq, həyatı daha dərin görmək istəyi idi bu gəlişim. Çünki sağlamlıq yalnız bədənə aid deyil — ruhun da sağalmağa ehtiyacı var.

 

Bəlkə bir az yavaşlasaq, bir-birimizə təbəssüm etsək, bir-birimizi dinləsək, xəstəxana divarları da bu qədər ağır görünməzdi…

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.