Kübra Quliyeva,“Ədəbiyyat və incəsənət”
Fərqli bir gözəlliyi vardı onun. Digər çiçəklərdən kənarda, bir az kölgədə, bir az da günəşin tam ortasında təzəcə böyüməyə başlamışdı. Ətrafındakı su kranından damcılayan su ona toxunduqca, sanki şükür edirmiş kimi başını yavaşca yelləyirdi. Yanında 30 illik güllər vardı – tikanları qalın, kökləri dərinə gedən, sanki torpağın içində nəsə gizlədən çiçəklər. Amma o, onların arasında nədənsə daha gözəl idi. Təbiət kimi qoxurdu. Ləçəkləri vilur kimi parlayırdı, sanki günəşlə arasında gizli bir sirr var idi – günəş ona toxunmadan onu isidirdi.
Onun da tikanları vardı – bəli. Amma qəribəsi buydu ki, heç kimə zərər vermirdi. O tikanlar qorunmaq üçün idi, incitmək üçün yox. Əlini uzadan biri varsa, əvvəlcə düşünmək məcburiyyətində qalırdı: "Mən bu gözəlliyə layiqəmmi?" Çünki o, qoparılmaq üçün yox, yaşamaq üçün yaranmışdı – baxılmaq, hiss edilmək, amma əsla incidilməmək üçün.
O gül heç vaxt öz yerini başqası ilə dəyişmək istəmədi. Digər güllərin çərçivəyə salınmış gözəlliyi ona aid deyildi. O, azad idi. Küləklə baş-başa qalan, yağışla dost olan, torpaqla sirr bölüşən bir varlıq idi. Yanından keçənlər baxır, heyran qalır, amma içlərində bir qorxu yaranırdı – "Toxunsam, birdən soldursa?"
Əslində isə o solmurdu. Sadəcə hər kəs onu görə bilmirdi. Çünki o gül gözlə yox, qəlblə görənlər üçündü. Əgər bir gün onu anlayan biri gəlsəydi, bəlkə o zaman tikanları bir damla da incitməzdi. Çünki hər tikan bir qorxunun, bir keçmişin, bir yaddaşın parçası idi. Onu sevmək sadəcə bir güllə maraqlanmaq deyildi – o güldə gizlənmiş bütün hekayələri oxumaq idi.
Bax, belə dayanırdı o gül. Nə alqış istəyirdi, nə də diqqət. Sadəcə anlayış... Sadəcə onu görən bir cüt göz, onu duyan bir ürək...
Sonda yalnız bir sual qalırdı:
"O gül kim idi?"
O gül – mənim içimdəki bir versiya idi. Hələ hamının tanımadığı, özü də özünü tam tanımamış bir halım. Qorxularımın içindən boy atan, heç kimin toxunmadığı, amma hər baxışdan təsirlənən halım. Səssizliyimdə kök salan, göz yaşlarımda yuyulan, amma inadla solmayan o hiss… Mən idim. Və bir az da o, o idi – yəni məni görən, məni anlayan bir nəfər.
O gül, içində həm sevgi, həm ehtiyat, həm də ehtiyac daşıyan bir ürək idi. Hər toxunuşda inciməsin deyə özünü tikanlarla qoruyan bir ürək. Amma o tikanlar qırmaq üçün deyil, qorumaq üçündü – bu fərqi isə çox az adam anlaya bilərdi.
Mən o gül idim – amma tam da mən deyildim. O gül, məni görən bir insanın gözündəki mən idi. Mənə qürurla, səbir və sevgi ilə baxan birinin içindəki "mən". O güldəki gözəllik – mənim onun varlığında hiss etdiyim dəyər idi. Onun varlığı ilə özümə qarşı daha mərhəmətli olduğum, özümə gülümsədiyim anlar idi o gül.
Bəzən susurduq birlikdə – o baxırdı, mən baxırdım. Və biz danışmadan başa düşürdük: o gül bizim aramızdakı dil idi. Nə zaman itirdiyimi düşündümsə, o gül yenidən boy atdı. Çünki o, heç vaxt solmurdu. Sadəcə gizlənirdi – bir baxışın, bir sözün, bir xatirənin altında.
İndi bilirsənmi o gül kim idi?
O gül – mənim içimdə böyüməyini gözləyən sevgiydi. Mənə inanan, məni anlamadan belə sevməyə davam edən birinin baxışlarında dirçələn, nəfəs alan hissdi.
Və bəlkə də…
O gül – səni sevən adamın qəlbində yaşayan mən idim.
O, o gülə baxarkən nə düşünürdü?
O, ona baxdıqca qəribə bir sakitlik duyurdu. Gözlərinin içində susqun bir sual vardı – sanki "Məni başa düşürsənmi?" deyirdi o baxışlar. Hər dəfə gözləri onun üzərində gəzəndə, içində bir şey titrəyirdi – qorumaq istəyi, başa düşülmək arzusu, dərin bir yaxınlıq.
O qızda bir şey vardı – bəlkə də çoxlarının görə bilmədiyi bir şey. Onun tikanları vardı, bəli. Amma bu tikanlar müdafiə idi, hücum yox. O, özünü incitməkdən qorumaq üçün divarlar hörmüşdü. O adam isə bu divarların arxasında gizlənmiş, susaraq kömək istəyən bir səs eşidirdi. Və o səsi unutmaq mümkün deyildi.
O qıza baxdıqca, onunla bağlı düşüncələri daha da çoxalırdı. Deyirdi:
"İnsan bir gülü dərmək istəməzsə, sadəcə yanında oturub onu seyr edərsə, bu sevgidirmi?" Onun sevgisi də elə bu cür idi – təmtəraqsız, iddiasız, səssiz. Amma bir o qədər dərin.
O, onun tikanlarından qorxmurdu. Əksinə, o tikanlara baxdıqca qızın nə qədər mübarizə apardığını anlayırdı. Və bu ona daha da doğma gəlirdi. Çünki o, güllərin ancaq xoş qoxulu tərəfini deyil, torpağın altında gizlənən zəhmətini də sevirdi.
Bəzən gecələr öz-özünə düşünürdü:
"Əgər mən onun yanında olmağa davam etsəm, bir gün mənə güvənərmi? Əgər sükutumu qoruyaraq, gözlərimlə onun canına toxunsam, hiss edərmi? Mən onun tikanlarını sevdim, çünki bilirdim — içində saf bir bağ var. Və o bağ bir gün mənim üçün açılarsa… bu, dünyanın ən gözəl çiçəyi olacaq."
O, onu dəyişdirmək istəmirdi. Sadəcə onun yanında dəyişməyə razı idi.
“Ədəbiyyat və incəsənət”
(27.05.2025)