“Amma sən təslim olma!” – BÜTÜN XƏRÇƏNGLƏRƏ İTHAF Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Bir gün hər şey normal olur.

Saçlarını darayırsan. İşə gedirsən, ailəndən uzaqda illərlə işləyirsən, içindəki boşluğun adını qoymadan yaşayırsan. Axşam yeməyində duzun azlığından şikayətlənirsən. Gülümsəyirsən. Susursan. Danışırsan. Unudursan. İnsan kimi yaşayırsan, yəni xəbərsiz.

 

Sonra bir gün...

Kimsə ağ xalatda gəlir və ”xərçəngdir” deyir. Sakit. Hətta kobudcasına sakit. Elə bil “boğaz ağrısıdır” deyirmiş kimi. Və sən “xərçəng” sözünü eşidəndə, ilk dəfə həyatın hansı lüğətlə danışdığını anlamırsan. Sanki söz ağırdır, amma hələ də real deyil.  Amma sonra. Sonra səssizlik başlayır. Elə bir səssizlik ki, içində təkcə sükut yox, boşalan dünya var. Gözlərin həkimə, ürəyin boğazına, nəfəsin tanrıya ilişir. Özündən ayrılırsan. Sən artıq sən deyilsən.  Çünki bu diaqnoz bədənə yox, varlığa qoyulur. Sən artıq təkcə bir insan deyilsən, sən bir ehtimalsan. "Ya qalacaq, ya da yox olacaq" ehtimalı. Və sənə baxan insanlar – sanki səni gələcəyindən ayırıb, şüşə arxasında qorunan bir eksponat kimi izləyirlər. Gülürlər, təsəlli verirlər, amma gözlərindəki qorxunu gizlədə bilmirlər.

 Xərçəng bir xəstəlik deyil. O, yeni bir şəxsiyyətdir. Sənin bədənində yer tutur. Sənlə çay süfrəsinə oturur. Gecə başını yastığa qoyanda sənin qulağına pıçıldayır. “Yuxuya get, amma sabahın zəmanəti yoxdur.”

 

Saçların tökülür, amma göz yaşların ondan əvvəl tökülür.

Çünki ilk dəfə güzgüyə baxıb özünü tanımırsan.

Üzündə bir şey əskik deyil, amma içindəki “mən” artıq səninlə deyil.

 

İnsan hər gün bir az yox olur, sonra yox olanı da normal hesab etməyə başlayır. Budur, xərçəngin ən böyük fəndi.. Səni alışdırmaq. Əvvəl ağrıya, sonra yoxluğa, sonra ölüm fikrinə.

 Amma... sən dirənişsən.

Bax, bu cümləni gülə-gülə oxuma. Çünki bu "mübarizə" deyilən şey sosial şəbəkələrdə yazılan motivasiya cümlələri qədər asan deyil. Mübarizə o, dərman dadını bilənlər üçündür. Tüpürmək istədiyin, amma udmaq məcburiyyətində qaldığın günlər üçündür.

 Və sonra insanlar...

Ətrafındakıların münasibəti dəyişir. Bəziləri səni daha çox sevməyə başlayır. Çünki ölüm qorxusunun yaxınlığı insanları birdən-birə humanist edir. Bəziləri isə uzaqlaşır. Çünki xəstəliklər, güzgü kimidir, insanlar öz zəifliyini səndə görüb qorxurlar. Amma sən... Sən yenə də yaşayırsan. Ayaqqabının bağına qədər bağlayırsan, baxmayaraq ki, ürəyində həyat artıq biraz boş qalıb. Səhərlər çay içirsən, baxmayaraq ki, boğazından yaş axır. Gülümsəyirsən, baxmayaraq ki, ağlamaq istəyirsən. Sən insansan. Bütün ağrıların içində qalmağı bacaran varlıq.

 Xərçəng təkcə bir bədənə düşmür. O, evin divarlarına hopur. Qoxusuz, səssiz, görünməz bir kölgə kimi hər kəsin nəfəsini daraldır. Çünki ailədə bir nəfərin xəstələnməsi, hamının içində bir şeyin sınmasıdır.

Bir ata...

Bir övladın qürur mənbəyi, evin dirəyi, masanın başında oturan, hər problemi "mən həll edərəm" deyən o adam. İndi... Kimya terapiyada yorğun-yorğun oturur...

Səsindəki güc, susqunluğa dönüb.

Üzündəki sərtlik, çarəsizliklə əvəz olunub.

 Və sən baxırsan... O kişi ki, bir vaxtlar dizin qanayanda "keçər. Adam yıxılanda böyüyər də" deyirdi, indi öz göz yaşlarını səndən gizlədir.

O kişi ki, bir vaxtlar ailə üçün dağları yerindən oynadardı, indi bir iynənin acısına dirəniş göstərməyə çalışır.

 

Ailənin içində zaman donur.

Söhbətlər daha ehtiyatlı olur.

Qəhqəhələr daha azad deyil.

 

Bir kəlmə “necə hiss edirsən özünü?”  deyə bilmək üçün, adam 100 dəfə udqunur.  Və sən dostsan. Ya da qohum. Yaxınsan. O evə girəndə həm sağalmaq istəyən bədənlə, həm də dağılan ruhla üz-üzə gəlirsən.Bəzən özünü günahkar hiss edirsən. Çünki sənin atan, sənin qohumun, sənin bədənin sağlamdır  amma onun deyil. Həyat insafsız bölünür. Bu ədalətsizliklə baş-başa qalmaq ağrının başqa formasıdır.  Amma bax, zarafatlar da var. Bəzən, xəstə özü zarafatla deyir: “Bu qədər dərmanı içib də ölməsəm, bəlkə mutanta çevrilərəm.”Və sən gülümsəyirsən. Amma içində... içində bir boşluq olur.Elə bir gülüş ki, içində qırıq var. Xərçəng zarafatı dünyanın ən əzablı gülüşüdür. Çünki həm güldürür, həm ağladır. Həm içdən, həm səssiz...

 

Və həyat davam edir.Amma başqa tempdə.

Artıq təqvimə baxanda planlar yox, dərman saatları yazılıb.

Yayda dənizə yox, kemoterapiyaya gedilir.

Payızda yarpaqların tökülməsinə baxmaq yox, saçların tökülməsini izləmək olur.

Və sən dua etməyi öyrənirsən. Hətta mənim kimi, dua etməyə utanan biri olsan belə.  Əvvəllər sadəcə “şükür” deyərdin, indi yalvarmağı öyrənirsən. Hətta inancsız olsan belə hardasa içində bir təbəssüm qədər ümidi olan tanrı uydurursan. Çünki bu dərd yalnızlığa sığmır. İnsan yalnız mübarizə aparanda, mübarizə daha əzablı olur.

Əslində xərçəng, ölüm deyil. Xərçəng, həyatın səninlə səmimi danışmağa başladığı andır. İndiyə qədər aldığın hər nəfəsi, heç düşünmədən yaşadığın hər anı birdən-birə hiss etməyə başlayırsan.

 

Su, daha ləzzətlidir.

Qoxular, daha realdır.

İnsanlar, daha qiymətlidir.

 

Çünki ölüm, həyatın səsini artırır. Səssiz bir qışqırığa çevirir.

 

Bəzən “niyə mən?” deyə soruşursan. Halbuki soruşmaq lazım deyil.

Çünki həyat heç kimə "niyə sənə sevgi verdim?" deyə hesabat çəkmir ki, niyə dərd verdiyini də izah etsin.Xəstəlik ədalətsizdir. Amma bir dərs var ki, həyat heç kimin sağ qalmasına söz verməyib. Amma yaşadığın müddətcə onu dolu yaşamaq, sənin boynuna yazılan müqəddəs bir məsuliyyətdir. Əgər oxuyursansa bu sətirləri və sən ya xəstəsən, ya yaxınsan, ya da sadəcə qorxursan. Bil ki, həyat sənin içində yaşamaq üçün yer axtarır. Bəzən bir saçın tökülməsi, bir insanın içindəki gücü ortaya çıxarır. Bəzən bir diaqnoz, bütün ailəni bir yumruğa çevirir.  Bəzən bir “sağ qalmaq” arzusu, bir xalqın ümidinə çevrilir. Və unutma. İnsan bədəni xəstələnə bilər, amma ruh istəsə, sağ qalar. Ruh qalxmaq istəsə, heç bir xəstəlik onu məğlub edə bilməz. Bəli, saçlar tökülə bilər, səs titrəyə bilər, dəridə izlər qala bilər..

Amma ruh?

Ruh əgər dirənişlə nəfəs alırsa, həyat davam edir. Xərçəng, "bir ömürdən nə qədər həyat çıxar?" sualıdır. Əgər cavabın "bu gün də gülümsədim"dirsə, demək, sən qalibsən. Sadəcə ruhunu qoru Əzizim. Ruhun sağdırsa bədənin xəstələnməyəcək.. Ruhunu sev ki, bədənindən ayrılmasın. Sən xərçəngə məğlub olmamısan. O sənə aşiq olub. İndi isə, o səndən ayrılmaq istəmir. Bəzən elə olur ki, həyatın özü sənə yox, dərdin sənə vurulur. Elə bil ki, xərçəng virusu sənə sadəcə hücum etməyib.Səni izləyib, səni seçib. Sənin işıqlı ruhuna, dirənişinə, yaşamağa olan inadına heyran qalıb. Onun tək istəyi, səni içindən görmək olub. Səni ən zəif yerindən tanımaq istəyib. Və baxıb ki, orda belə bir güc var ki, onu da heyran edir.

 Xərçəng virusu sənə aşiq olub.

 

Çünki sən ölümə yaxın olduqca, daha çox yaşayırsan.

Çünki sən tükəndikcə, daha çox yaradırsan.

Çünki sənin bir gülüşün onun zəhərindən daha təsirlidir.

 

O zənn edib ki, səni sındıracaq. Sən isə öz içindən bir “mən” doğurmusan ki, o belə çaşıb qalıb. Sən ağrıdan qorxmadın, sən saçını, gücünü, bədənini itirəndə belə  ruhundan imtina etmədin. Sən təslim olmadın, sən yıxılmadın. Ona görə də o virus, səni öldürmək istəməkdən çox səni anlamaq istədi.

Bəli...

Xərçəng virusu sənə aşiq olub. Çünki o, nadir rast gəlinən bir şeyi tapıb.. Məğlub olmamağı.

Və xahiş edirəm. Sən bu virusa məğlub olma.

Mən sənə inanıram. Sənin inancın mənim dualarımdan daha güclüdür.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.