37 MİN AĞACIN XİLASI - “Yaşıl ASAN” proqramının 10 ili tamam oldu Featured

 

“Yaşıl ASAN” ekoloji proqramının yaradılmasının 10 ili tamam oldu. Proqram 2015-ci ildə ASAN könüllüləri tərəfindən irəli sürülüb və ölkəmizdə ekoloji mədəniyyətin formalaşmasında, ictimai təşəbbüslərin gücləndirilməsində mühüm rol oynayıb.

 

Əsas məqsəd kağız israfının qarşısını almaq, təkrar emal prosesini təşviq etməklə ağacların qorunmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına töhfə verməkdir. Bununla yanaşı proqram əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına və təbiətə qarşı daha həssas yanaşmanın formalaşdırılmasına yönəlib.

Bu məqsədlə bu günədək 2.200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Nəticədə 37.400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb.

 

Proqram çərçivəsində 500-dən çox ekoloji və sosialyönümlü layihə, 100-dən çox təmizlik və ağacəkmə aksiyaları təşkil olunub.  “Balaca Ekoloqlar” layihəsi çərçivəsində 100-ə yaxın təhsil müəssisəsində şagirdlərlə görüşlər keçirilib, gənc nəslə ekoloji biliklərin aşılanmasına xüsusi diqqət yetirilib. 

Respublikamızın müxtəlif regionlarında ümumilikdə 6 dəfə “Yaşıl dağ” ekoloji-sosial aksiyası gerçəkləşib. Eləcə də təkrar emaldan hazırlanmış əl işlərindən ibarət sərgilər təşkil edilib.

 

Yeri gəlmişkən, istifadə edilmiş kağız məhsullarını “Yaşıl ASAN” proqramı çərçivəsində təhvil vermək istəyən vətəndaşlar, idarə və təşkilatlar “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa və ya 108 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.

 

10 il münasibətilə il ərzində “Yaşıl ASAN” proqramının davamlılığını və təsir dairəsini daha da artırmaq məqsədilə müxtəlif tədbir və layihələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər cəmiyyətin bütün təbəqələrində ekoloji düşüncə tərzinin daha da gücləndirilməsinə xidmət edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.