Hər kəs yaralıdır - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hər gün dənizin üzərində dövrə vuran quşu bu gün sahildə, Səmaya həsrətlə baxarkən görəndə anladım – hər kəs yaralıdır. Bu dünyada yarası olmayan heç bir varlıq yox imiş. Və düşündüm ki, mükəmməl olmayan dünya üçün mükəmməl olmağa çalışmaq mümkündürmü?

 

Həyat bizdən bunu istəyirmi?

Nə üçün hər dəfəsində mükəmməl olmaq, mükəmməl olanı əldə etmək istəyirik? Hardandır bizdə bu sonsuz istək?Axı sən insansan. Səhvlərin, yanlışların var. Mükəmməl ola bilməzsən və mükəmməl olmaq üçün yaradılmadın. Bu məqama sahib olan bir tək yaradandır. Sən Onun üçün bu həyatda varsan. Sənin üçün önəmli olan – mükəmməl münasibətlər qurmaqdır. Peşman olmayacağın, peşman etməyəcəyin yaşanmışlıqlar yaratmaqdır.Sən hər şeyə sahib ola bilərsən, çox ağıllı, zəkalı da ola bilərsən,sənə verilən bütün suallara cavab tapa bilərsən ancaq bir sual var ki, ona cavab  tapmadığın müddətdə bir heçsən.

Bəs sən nə istəyirsən? Bu sualı özünə verməkdən qorxma. Özünə qarşı ədalətli ol. Yoxsa bütün cavabların içində ən vacib həqiqəti itirəcəksən-özünü. Olduğun yer olmaq istədiyin yerə çevrilmədikcə hər kəs səni tanısa belə özünə  yad qalacaqsan...

Bir dəfə velosiped sürə bilmədiyi üçün ağlayan bir uşaqla qarşılaşdım. Pedalları çevirmək onun üçün çox çətin idi. Yanına getdim, ona kömək etmək istədim. Amma o, bacara bilməsə belə, özü etmək istədi. Yorulmadan, qorxmadan davam edirdi – özü bacara bilmək üçün. O gün anladım ki, bəzən bizə mükəmməl nəticə deyil, sadəcə cəhd etmək lazımdır – özümüzü görmək, kəşf etmək üçün. O uşağın gözlərindəki qərarlılıq mənə çox şeyi öyrətdi. Və anladım ki, insan olmaq – yıxıldığın yerdən qalxmağı öyrənməkdir. Özünü sevməyi öyrənməkdir. Səhvlərinə sahib çıxaraq onlardan utanmaq yerinə, onlarla böyüməkdir.Çünki insan – düşdükcə, sınandıqca, sındıqca özünü tapır. Və ən vacibi, insan olmaq – özünü tapmaqdır. Özünü tapan isə artıq heç kimin gözündə “mükəmməl” olmaq məcburiyyətində deyil...

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.