Bu dünya səni anlamır, sən də onu. Bərabərsiz bir müharibədəsiniz Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bəzən elə olur ki, həyat səni süfrəyə yox, birbaşa qazanın içinə atır. Deyəsən, mən də elə o adamlardanam. Yəni yaşamaqla bişmək arasında konkret fərqi hiss etməyənlərdən. Səhərlər başını yastıqdan ayırmaq, günün ilk "hansı gündü axı bu?" sualı ilə savaşmaq, metroya minib yuxu ilə reallıq arasında ilişmək... Və bu ritmin içində elə bir an olur ki, başın bir fayl olur.  "Sənin içində hələ də insan var" deyə çığırmaq istəyir, amma o da imtahan cədvəlini yadına salıb susur.

 

Bu günlərdə başım o qədər qarışıqdı ki, sanki içimdə bir marketin endirim günüdür. Hər şey bir-birinə girib. Dərs? Var. Fiziki iş? Gecədən qalmadı. Zehni iş? O da evə gizlincə gəlib, "sürpriz, sən mənə hələ vaxt ayırmamısan!" deyir. Bir yandan tələbəlik, bir yandan iş həyatı, digər yandan isə sosial mövcudluq.. Sən deyə bilmirsən ki, “bir az ləngiyin, növbə ilə gəlin” Çünki bu həyat növbə tanımır - hər şey birdən gəlir və sən onsuz da boş olan sinirlərini daha da boşaldırsan.

  Yazmaq? Məqalə, esse, notlar, qeydlər? Əzizim, mənim indi yalnız "gündə neçə dəfə başımı əllərimin arasına alıb dərin nəfəs almışam" mövzusunda dissertasiya yazmağa halım var. Bəlkə də bir gün "Tələbə Beyni və Üzərinə Yüklənmiş Gözləntilərin Psixo-fiziki Təsirləri" adlı bir kitab yazaram. Ən pis halda bestseller olmaz, amma bəlkə də psixoloqlar məni tədqiqat obyekti kimi götürər.

  İmtahanlar – ah, onlar haqqında saatlarla danışmaq olar. Amma onsuz da heç birini yadda saxlamıram. Onlar sanki bir növ beyində qısamüddətli kirayənişin kimidirlər. Gəlirlər, stress gətirirlər, və sonda heç nə buraxmadan çıxıb gedirlər. Bəzən suallara baxanda düşünürəm: “Bunu mən öyrənməliydim? Doğrudanmı?” Çünki beyin artıq yalnız "səhər işə gecikməmək", "borcu necə ödəyim", "tezliklə yuxuya getməliyəm, çünki 5 saat sonra ayılacam" kimi əsas funksiyalara proqramlanıb. Qalan hər şey “əlavə əlavələr”dir.

  Fiziki iş isə öz növbəsində zehni işi təxirə salır, zehni iş isə bədəni o qədər yükləyir ki, sonda heç nə etməyib sadəcə tavanı izləməyə məcbur qalırsan. Çalışdığım işdə günün sonunda əlimdə qalan sadəcə bir az yorğunluq, bir az kir, bir az da “hələ dərs də oxumamışam” stressidi. Bu balanssız həyat mənə fizikanın qanunlarını sorğulatdırır. Yəni, enerji itməməli idi axı? Niyə mənimki bu qədər itir?

  Zehnimi sakitləşdirən tək şey qalıb: musiqi. Və... onun səsi. Bəzən bir melodiya gəlir, sənə "dayan, nəfəs al, sən insansan" deyir. Bəzən bir insanın sakit, amma içində dənizlər olan səsi gəlir – və sən, ətrafındakı bütün xaosun ortasında, bir anda sükun tapırsan. Sanki bütün şəhər yuxuya gedib, yalnız ikiniz oyanıqsınız. Musiqi isə bu oyancağın fon sədasıdır – və sən başa düşürsən ki, bu səs olmasa, bəlkə də çoxdan səsin özü itibdi.

  Əgər biri soruşsa ki, “sənə vaxt qalıbmı?”, cavabım hazırdı: “Vaxt yoxdur, vaxt da yorulub, o da bir az istirahətə çəkilib.” Mən indi hər şeyə “gecikmişəm” baxışı ilə baxıram. Söhbətə gecikmişəm, hisslərə gecikmişəm, bəlkə də özümə belə gecikmişəm. Amma hələ ki gəlirəm. Bir az gec, amma gəlirəm.

  Nəticə? Bilmirəm. Ola bilsin, bu həyat mənim üçün bir növ psixoloji gimnastikadır. Bəzən gülürəm, bəzən çökürəm, bəzən də sadəcə baxıram. Bəzən ironiyanı tapıram – məsələn, nə vaxt ki ən çox iş var, o vaxt daha çox musiqi dinləyirəm. Nə vaxt ki ən çox dərd var, o vaxt ən gözəl zarafatlar ağlıma gəlir. Bəlkə də bu, beynin müdafiə mexanizmidir – ya da, sadəcə, mənim dəli versiyamın gündəliklə yaşadığı bir həyat...

  Bəzən insanın başı elə qarışır ki, sanki içində küçələr var. Biri işə aparır, biri evə, biri də elə-belə dolanmağa. Amma elə bir küçə var ki, adı yoxdur. Sadəcə gedirsən. Yəni, səncə mən hər səhər oyananda "bu gün motivasiya ilə doluyam" deyirəm? Əsla. Mən daha çox "bu gün məni yolda hansı absurdluq gözləyir" sualı ilə başlayıram. Və həmişə də cavab tapılır – metroda itmiş bir uşaq baxışı, dərsdə anlamadığın bir formul, işdə “səni əvəz edən yoxdur, gəlməlisən” tipli zəng...

  Təqvimlər dəyişir, saatlar keçir, insanlar danışır. Amma mən susuram. Çünki danışmaq, bəli, o da enerji tələb edir. Bəzən beynimdə o qədər fikir toqquşur ki, sanki orada kiçik miqyaslı bir müharibə gedir. Bir tərəfdə “oxumalısan, Harun”, digər tərəfdə “sən onsuz da yorğunsan, nə olacaq bir gün oxumasan?” deyən səslər. Arbitraj yoxdur. Sonda qərarı musiqi verir. Hər şeyi bir kənara qoyub qulaqlığı taxıram. Səssizcə bir az həyatın içində yox oluram. Çünki bəzən sadəcə yox olmaq da yaşamaqdır.

  Bəziləri deyir ki, qarışıq olmaq zəiflikdir. Amma əgər zəiflik gündə 10 fərqli məsələni həll etməyə çalışmaq, həm ruhi, həm fiziki, həm maddi yükü daşımaqdırsa – o zaman bəli, mən zəifəm. Amma bu zəifliyin içində dirəniş var. Axı biz necə öyrənmişik? “Güclü olmaq” dedikləri şey çox zaman susmaq, boğmaq və gülümsəməkdən ibarətdir. Mən gülümsəmirəm. Mən sadəcə davam edirəm. Və bəlkə də bu, daha güclü bir davranışdır.

  Bir də insanlar soruşur: “Necəsən?” Cavab vermək istəmirəm. Çünki “normalam” demək yalandır, “pisəm” desəm sorğular başlayacaq, “əla” deyəndə isə, özümə xəyanət etmiş olaram. Ona görə də cavab vermirəm. Çünki mənim “necəliyim” bir neçə cümləyə sığmır. Mənim halım hər axşam yataqda “bu gün də keçdi” deyib dərin bir nəfəs almaqdadır. Hər dəfə yeni günə başlamağa qərar verməkdədir.

  İnsan bəzən durub güzgüyə baxır və düşünür – bu mənəm? Bu yorğun, amma inadkar adam kimdir? Niyə bu qədər yüklənib? Bəlkə başqa bir yolda daha az əziyyət çəkərdi? Amma yox. Biz o yollardan keçmək istəmirik. Çünki bizim yolumuz – bəzən tikanlı, bəzən dolama, bəzən də bomboş – bizim özümüzü tapdığımız yoldur.

  Bir də var, axşamlar. Axşamlar mənim ən sevdiyim hissədir günün. O anlar ki, hər şey bir az susur. İnsanlar az danışır. Yollar boşalır. Mən isə, oturub fikirləşirəm – bugün nəyi bacardım, nəyi çatdıra bilmədim. Və bəzən, içimdən gələn bir səssiz səs deyir: “Bacardın, Harun. Heç olmasa bu gün də bacardın.” Və bu səsin, nə qəribədir ki, insan səsi olduğunu anlayıram. Bircəmin... Onun sakit, amma arxayınlaşdırıcı səsi. Sanki deyir: “Gecə gəlir, dincəl. Sabah yenə savaş var.”

 Səni yoran şey sadəcə fiziki yorğunluq deyil. Gündə 8 saat işləmək, sonra dərsə qaçmaq, metronun havasızlığında boğulmaq, evə gələndə ailənin suallarına təbəssüm etmək – bunlar bir yerə qədər yorur. Amma əsl yoran... heç kimə danışmadığın, danışa bilmədiyin hisslərdir. Yəni o yük ki, sənin kürəyindədir, amma heç kim görmür. Özünü yaxşı aparırsan deyə, “güclüdür” deyirlər. Bəlkə də, bir dəfə “yoruldum” desən, səni anlayacaqlar. Amma qorxursan. Çünki bizdə yorğunluq da qüsur kimi görünür.

Əslində görünməyən yüklərin bir növ "tərbiyəsi" var. Danışmazlar. Sadəcə susub, içindəki enerjini yeyərlər. Bir gün səni yatmağa qoymazlar, bir gün səhər oyananda ayağa qalxmaq istəməzsən. Bəzən olur, düz bir saat tavana baxıram. Heç bir şey düşünmürəm. Amma eyni zamanda hər şeyi düşünürəm. Gözləntilər, uğursuzluqlar, kiminsə bir vaxtlar dediyi mənasız cümlə... Bunlar yığılıb içimə, yastıq kimi yumşaq deyil, daş kimidir. Və mən bu daşı hər gün cibimdə gəzdirdiyim halda, birinə “ağırdı” desəm, bəlkə də deyəcəklər: “Hamı yorğundu.”

  Yorğunluq demokratikdir. Hamıya çatır. Amma içindəki yüklə necə yaşadığın fərqlidir. Mən, məsələn, onunla dost olmağa çalışıram. Onu inandırıram ki, sən mənə aidsən, mən sənə yox. Musiqi ilə, yazmaqla, düşünməklə. Və bir də o səs var axı... Hər şeyə rəğmən səni sakitləşdirən səs. Onun səsi. Deyirlər, insanın başı qarışıq olanda bir nəfər yetər ki, səni başa düşsün. Amma o bir nəfəri tapmaq, o səsi tanımaq... çox adamın ömrünə başa gəlir.

  Bəzən bir çay stəkanının buxarı içində boğuluram. Amma yenə də içirəm. Çünki vərdişdir. Vərdiş, insanın başı qarışanda tapındığı ən təhlükəsiz sığınacaqdır. Kimi siqaret çəkir, kimi gəzintiyə çıxır, kimi də səssizcə qulaqlıqla, musiqi ilə özünü unutmağa çalışır. Sən özünü unutdunmu heç əziz Oxucum? Mən çox dəfə. Bəzən öz adımı eşidəndə belə qəribə gəlir. Elə bil bu həyatda sadəcə rollardan birini oynayıram. Günün sonunda isə səhnədən çıxıram. Tək.

 Sən, deyəsən, artıq hiss eləmisən. Bu dünya səni anlamır. Sən də onu anlamırsan. Bərabərsiz bir müharibədəsiniz. Amma ən qəribəsi odur ki, yenə də səhər oyanırsan. Yenə də mübarizə aparırsan. Çünki içindəki o balaca səs – bəzən bir insanın səsinə qarışan o səs deyir: “Bir az da döz. Bəlkə bu dəfə fərqli olar.”

  Mən artıq yorğunam. Elə yorğun ki, bəzən yatmağa da halım olmur. Fiziki yük deyil bu. Deyək ki, çantamda 10 kilo kitab daşıyıram. Bax o asan məsələdir. Amma içimdə daşıdığım şeylər... Onlar ölçülmür. Kiməsə nə isə izah etməyə çalışanda dilim dolaşır. Çünki nə deyəcəyimi özüm də bilmirəm. İçimdə o qədər fikir var ki, bir-birinin səsini batırırlar. Sanki bir otaqda yüz nəfər danışır, mən isə sadəcə divarda asılmış bir tablo kimi baxıram.

 Günüm belə keçir. Səhər oyanıram, telefonun ekranına baxıb “yenə başladı” deyirəm. Bir gözüm saatda, bir gözüm əhvalımda. İşə gedirəm. Orada “qaydasız döyüş” başlayır. Biri deyir, sən cavabsan, biri deyir, sən cavabdeh deyilsən, amma yenə də elə bil sən bütün deyilənlərə cavabdehsən. Zehnimi cəmləməyə çalışıram, amma sanki RAM doludur. Fon proseslərdə hələ də düşünürəm: axşam nə oxuyacam? Sevgilim nə hiss edir? Görəsən son günlərdə ona vaxt ayıra bilməməyimi həqiqətən anlayırmı? Mən hara gedirəm?

 Musiqi olmasa, bəlkə də bir yerə toqquşardım. Hər gün eyni mahnıları dövr edirəm. Çünki tanış səslər içimi sakitləşdirir. Yeni şeylər eşitmək üçün halım yoxdur. Tanış notlar, tanış səslər. Və bir də onun səsi. Qısa cümlələr deyir, amma mənə bir roman qədər güvən verir. Hərdən zarafatlaşır, hərdən isə susub qulaq asır. Mən danışanda susan insanlara dəyər verirəm. Çünki dinləmək, həqiqətən dinləmək – nadir şeydir bu dünyada.

  Gecələr daha fərqli olur. Bəzən sadəcə yatmaq üçün deyil, düşünmək üçün də gecəni gözləyirəm. Çünki gündüzlər çox səs var. Axşamlar isə beynimin səssizliyinə sığınmaq olur. Tək-tək suallar gəlir: "Bütün bunların axırı nədir?", "Yorulmaq normaldırmı?", "Bəlkə, sadəcə hamı kimi yaşamaq kifayətdir?" Amma cavablar yoxdur. Mən cavab istəmirəm əslində. Mən sadəcə bu sualların mənə aid olduğunu bilmək istəyirəm. Özümə yadlaşmaqdan qorxuram.

  Ən çox da bu hissə ağırdır. Başqalarına güclü görünmək. Gülürəm, zarafat edirəm, daha işə qismən az gecikirəm, dərsə vaxtında çatmağa çalışıram. Amma içimdə bir səssiz dirəniş gedir. Qışqırmıram, amma döyüşürəm. Çoxları məni "sakit və xoşhal" bilir. Halbuki içimdə səs-küy var. Sadəcə danışmıram. Çünki danışsam, nəyi haradan başlamaq lazım olduğunu da bilmirəm.

 İndi isə telefonu söndürürəm. Çünki mənim laptopum yoxdur. Həyat mənə ya batareyası az qalan telefon, ya da sonsuz yuxular təqdim etdi, mən də ikisinin arasında get-gəl edirəm. Çantamın dibində bir dəftər var, bir az əzik, bir az ləkəli-həyatımın metaforu kimi. Sabah yenə işə gedəcəm, əlimdə kofe əvəzinə tərləmiş su şüşəsi, metroda “yer boşalacaqmı?” deyə ümidsiz gözləntilərlə. Yol boyu qulağımda köhnə bir mahnı, cibimdə isə xırda pulla dolu böyük problemlər. Bir anlıq pəncərədən baxıb düşünəcəm: “Bəlkə də həyat, yaşamaq dediyimiz şey, səhv vaqona minmək, amma endiyin stansiyada özünü bir az daha tanımaqdır.”

 Və yenə də içimdə o tanış səs var. Sakit, amma təkidli. Heç vaxt qışqırmır, çünki bilirəm ki, həqiqi güc fısıltıdadır. Deyir ki, “Harun, sən nə qədər yorulsan da, nə qədər sualların cavabsız qalsa da, sən hələ də dimdik, alnın açıq durmusan. Bu xaosun içində sənin adını daşıyan bir sistem var. Sənlik bir sistem.” Bəzən düşünürəm ki, bəlkə də insanın beyni Google Chrome kimidir. Onlarla tab açıq, hamısı “çox vacib”, amma bir internet zəifiliyində hamısı çökür. Yaxşı ki, bizdə "refresh" düyməsi var. Bir musiqi, bir nəfəs, bəzən sadəcə sevdiyinin səsi.

 Hə, başım qarışıqdır, bəli. Amma bəlkə də ən gözəl yollar elə qarışıqlığın içindən çıxır. Çünki səliqəli həyatların tarixini oxuyan yoxdur, amma qarışıqlığın ortasında ayaqda qalanların hekayəsi bəzən bir dünyanın ruhunu daşıyır. Və mən, çantasında cırıq dəftər, cibində metal qəpiklər, beynində min sualla belə, yenə də yaşamağı seçirəm... 

  Və bir həftədir ki, bu sözləri sənə yazmağa çalışıram, əziz Oxucum.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.