Hollivudun ən tanınmış qadın rejissorlarından biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ketrin Biqelou (Kathryn Bigelow) — amerikalı kinorejissor, ssenarist və prodüserdir. O, Hollivudun ən tanınmış qadın rejissorlarından biri olmaqla yanaşı, döyüş, hərbi, siyasi və psixoloji triller janrlarında çəkdiyi filmlərlə məşhurdur. Biqelou xüsusilə gərgin hadisələri, təhlükəli əməliyyatları və insan psixologiyasını realist üslubda ekranlaşdırması ilə seçilir. O, kino tarixində «Ən yaxşı rejissor» nominasiyasında Akademiya mükafatını qazanan ilk qadın kimi tanınır.

 

Ketrin Ann Biqelou 27 noyabr 1951-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Karlos şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə maraq göstərib. İlk olaraq rəssamlıqla məşğul olub və San-Fransisko İncəsənət İnstitutunda təhsil alıb. Daha sonra Nyu-Yorkda Uitni Muzeyinin müstəqil təhsil proqramında iştirak edib.

Biqelou sonradan kino sənətinə yönəlib və Kolumbiya Universitetində kino üzrə magistr təhsili alıb. 1970-ci illərin sonlarından film çəkməyə başlayıb. Ketrin Biqelou rejissorluq karyerasına 1981-ci ildə çəkdiyi The Loveless filmi ilə başlayıb. Film motosikletçilər haqqında idi və aktyor Uillem Defo baş rolda çıxış edib. 1987-ci ildə çəkdiyi Near Dark filmi ona daha geniş tanınma gətirib.

Bu ekran əsəri vampir mövzusunu vestern janrı ilə birləşdirib. 1990-cı illərdə Biqelou Hollivudun diqqət çəkən rejissorlarından birinə çevrilib. O, əsasən kriminal hadisələr, təhlükəli əməliyyatlar, zorakılıq və insanın daxili mübarizəsi haqqında filmlər çəkib.

 

Tanınmış filmləri

- The Loveless - Sevgisizlər

- Near Dark - Qaranlığa yaxın

- Blue Steel - Mavi polad

- Point Break - Sərhədi keçmək

- Strange Days - Qəribə günlər

- The Weight of Water - Suyun ağırlığı

- K-19: The Widowmaker K-19: - Ölüm gətirən

- The Hurt Locker - Ağrılı dolab

- Zero Dark Thirty - Sıfır otuz

- Detroit Detroyt

- A House of Dynamite -  Dinamit evi

 

Ketrin Biqelou kino sahəsində çoxsaylı mükafatlar qazanıb.

 

- 2010 — «Oskar», Ən yaxşı rejissor (The Hurt Locker)

- 2010 — «Oskar», Ən yaxşı film (The Hurt Locker, prodüser kimi)

- 2010 — BAFTA, Ən yaxşı rejissor

- 2010 — ABŞ Rejissorlar Gildiyasının mükafatı

- 2013 — «Zero Dark Thirty» filminə görə müxtəlif kino mükafatları və nominasiyalar

 

O, xüsusilə hərbi və siyasi mövzuları qadın rejissor kimi deyil, peşəkar kino müəllifi kimi özünəməxsus üslubda təqdim etməsi ilə seçilir.

Ketrin Biqelounun filmlərində bir neçə əsas xüsusiyyət diqqət çəkir:

Gərgin və realist döyüş səhnələri

Hərbi və kəşfiyyat əməliyyatlarına maraq

İnsan psixologiyasının araşdırılması

Siyasi və sosial problemlərin təsviri

Sürətli montaj və güclü vizual həllər

O, Hollivudda döyüş və hərbi filmlərin çəkilişində özünəməxsus yer tutan rejissorlardandır. Ketrin Biqelou müasir kino tarixində həm sənətkarlığı, həm də qadınların rejissorluq sahəsində imkanlarını genişləndirmiş тanınmış kino xadimi kimi yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.