Hind kinosunun parlaq ulduzu - Cuhi Çavla Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cuhi Çavla (Juhi Chawla Mehta) — Hindistanın tanınmış aktrisası, modeli və kino prodüseridir. Bollivud kinosunun 1980-ci illərin sonu və 1990-cı illərin ən məşhur qadın ulduzlarından biri hesab olunur. O, xüsusilə romantik, komediya və dram filmlərindəki rolları, təbii aktyorluğu, şən xarakteri və özünəməxsus təbəssümü ilə tanınır.

 

Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Haryana ştatının Ambala şəhərində anadan olub. O, təhsilini Mumbay şəhərində yerləşən Fort Convent məktəbində davam etdirib. Daha sonra Sydenham College-də ali təhsil alıb. 1984-cü ildə Hindistanın nüfuzlu gözəllik müsabiqəsi olan Miss India yarışmasının qalibi olub.

Həmin il Miss Universe müsabiqəsində Hindistanı təmsil edib və milli geyim nominasiyasında xüsusi mükafata layiq görülüb. Cuhi Çavla kino karyerasına 1986-cı ildə çəkildiyi Sultanat filmi ilə başlayıb. Lakin onun geniş tamaşaçı auditoriyası tərəfindən tanınması 1988-ci ildə ekranlara çıxan Qayamat Se Qayamat Tak filmi ilə bağlıdır.

Bu filmdə Aamir Xanla tərəf-müqabil olub. Film böyük uğur qazanıb və aktrisanın Bollivudda məşhurlaşmasına səbəb olub. Bu roluna görə Filmfare mükafatının ən yaxşı qadın debütü nominasiyasında qalibi olub. 1990-cı illərdə Bollivudun aparıcı aktrisalarından birinə çevrilən Çavla müxtəlif janrlarda özünü sınayıb. Xüsusilə romantik komediyalardakı çıxışları tamaşaçılar tərəfindən sevilib.

 1993-cü ildə çəkildiyi Hum Hain Rahi Pyar Ke filmindəki ifasına görə Filmfare mükafatının ən yaxşı aktrisa nominasiyasında qalib gəlib. Həmin il Darr, Aaina və Lootere filmlərində də rol alıb. Sonrakı illərdə daha ciddi və mürəkkəb obrazlara üstünlük verərək aktyorluq imkanlarını genişləndirib. 3 Deewarein, My Brother... Nikhil və Gulaab Gang kimi filmlərdəki çıxışları ilə diqqət çəkib.

 

Cuhi Çavlanın çəkildiyi filmlərin

1. Sultanat (1986) — Sultanlıq

2. Premaloka (1987) — Sevgi dünyası

3. Qayamat Se Qayamat Tak (1988) — Qiyamətə qədər

4. Swarg (1990) — Cənnət

5. Pratibandh (1990) — Qadağa

6. Bol Radha Bol (1992) — Danış, Radha, danış

7. Raju Ban Gaya Gentleman (1992) — Racunun centlmenə çevrilməsi

8. Lootere (1993) — Soyğunçular

9. Aaina (1993) — Güzgü

10. Hum Hain Rahi Pyar Ke (1993) — Biz sevgi yolçularıyıq

11. Darr (1993) — Qorxu

12. Ram Jaane (1995) — Tanrı bilir

 

Mükafatları və nailiyyətləri

- 1984 – Miss India müsabiqəsinin qalibi.

- 1984 – Miss Universe müsabiqəsində ən yaxşı milli geyim mükafatı.

- 1989 – Qayamat Se Qayamat Tak filminə görə Filmfare mükafatı.

- 1994 – Hum Hain Rahi Pyar Ke filminə görə Filmfare mükafatının ən yaxşı aktrisa nominasiyasının qalibi.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.