Təhminə və Zaur pərəstişkarları üçün xoş bir sürpriz Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Və inanılmazı baş verdi. Gözüm afişalar sırasında “Təhminə və Zaur” sözünü aldı. Özü də bu dəfə teatr tamaşası qismində.

 

Heç şübhə etməyə dəyməz, bu gün rəy sorğusu aparılsa, Azərbaycanın ən sevilən sevgi romanı Anarın "Beşmərtəbəli evin altıncı  mərtəbəsi" romanı, ən sevilən sevgi filmi isə bu roman əsasında ekranlaşdırılmış “Təhminə və Zaur” filmi olacaq. Və indi bu sırada kitabla və filmlə yanaşı bir tamaşanın da dayanması perspektivinin yaranması, əlbəttə ki, incəsənətsevərlər üçün əsl sürprizdir. Xüsusən də sevib sevilənlər üçün.

Tamaşanı səhnələşdirən istedadlı dramaturq Ülviyyə Heydərovaya müraciət etdik və bəzi detalları aydınlaşdırdıq. Yeni ilin ilk ayında – 29 yanvar tarixində, saat 19:30-da Heydər Əliyev Sarayında premyerası baş tutacaq tamaşa Anarın həm sözügedən "Beşmərtəbəli evin altıncı mərtəbəsi", həm də məzmun cəhətcə onun istinadgahı və başlanğıc nöqtəsi hesab edilən "Ağ liman" romanları, eləcə də görkəmli ədibimizin qızı, yazıçı Günel Anarqızının "Altıncı" əsərlərinin motivləri əsasında ərsəyə gətirilibdir.

Tamaşanın prodüseri Ziya Ağa, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Təhminə rolunu Əməkdar artist Mələk Abaszadə, Zaur rolunu isə Tural Rza ifa edəcəklər.

Tamaşanın ssenarisi Təhminənin xatirlamaları üzərində qurulubdur. Sirlərlə dolu, keşməkeşli, ancaq qəfildən yarıda qırılan bir ömür və bu ömrün ən qiymətli qəniməti – şiddətli, ehtiraslı qara sevda. Hisslərin və düşüncələrin kontrastı və kulminasiyası. Azadfikirliliyi sevməyən cəmiyyətin təzyiqi şəraitində mental sədləri aşıb keçmək istəyən istəklər, bunlardan qaynaqlanan səhvlər və sonluqda tam fiasko!

Bu texnologiyalar, internet və süni intellekt dövründə get-gedə korşalmaqda olan əsl sevgi hisslərini oyatmağa hədsiz ehtiyac var. Odur ki, əfsanəyə çevrilmiş Təhminə və Zaur sevgisinə təkrar-təkrar qayıtmağa dəyər.

Düşünürük ki, tamaşa bizə əsl incəsənət zövqü yaşadacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.