Naxçıvan Dövlət Kukla Teatrının “Pələng” monotamaşası Bakıda təqdim olunub

Mina Rəşid,

“Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 30 oktyabr 2026-cı il tarixində İttifaqın Mustafa Mərdanov səhnəsində Naxçıvan Dövlət Kukla Teatrının “Pələng” monotamaşası (müəllif: Ülviyyə Heydərova) Bakı tamaşaçılarına təqdim olunub.

 

Tamaşadan əvvəl çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal teatrsevərləri salamlayaraq Naxçıvan Dövlət Kukla Teatrının fəaliyyəti və yaradıcılıq ənənələri haqqında qısa məlumat verib, tamaşanın yaradıcı heyətini təqdim edib.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. İfaçının obrazın daxili aləmini, emosional yaşantılarını və əsərin əsas ideyasını səhnə dili ilə ifadə etmək bacarığı izləyicilərin diqqətini cəlb edib. Tamaşanın sonunda səslənən alqışlar yaradıcı heyətə ünvanlanan tamaşaçı rəğbətinin və sənətə verilən dəyərin ifadəsinə çevrilib.

Sonda İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, müəllif Ülviyyə Heydərova, Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli yaradıcı heyət üzvlərini təbrik edib, onlara uğurlar arzulayıblar.

Monotamaşanın iştirakçısı İlqar Babayev tamaşanın uğurlu təqdimatına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.