İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bollivudda, bütün Hindistanda, eləcə də digər dünya ölkələrində hind kinosunu sevən kəsimdə - şübhəsiz, o cümlədən də bir xeyli azərbaycanlı arasında bu gün əlamətdar gündür, Şahrux Xan (Shah Rukh Khan) adına olan gündür. Bu gün Şahrux Xan özünün 61 yaşını qeyd edir.
Şahrux Xan (Shah Rukh Khan) — Hindistanın məşhur aktyoru, film prodüseri və televiziya aparıcısıdır. O, Bollivudun ən tanınmış simalarından biri, dünya kinosunun isə ən məşhur hind aktyorlarından hesab olunur. Onun qədər məşhurluq zamanında yalnız əfsanəvi hind aktyoru Rac Kapura qismət olub.
Romantik, dramatik, tarixi və döyüş filmlərində yaratdığı obrazlarla milyonlarla tamaşaçının sevgisini qazanıb.
O, Hindistanda və beynəlxalq kino aləmində çox vaxt “Bollivudun kralı” (King of Bollywood) və “Kral Xan” (King Khan) ləqəbləri ilə tanınır. Şahrux Xan 1965-ci il noyabrın 2-də Hindistanın paytaxtı Yeni Dehlidə dünyaya gəlib. Atası Mir Tac əhəmməd Xan, anası isə Latif Fatimə olub.
Atası ictimai-siyasi fəaliyyətlə məşğul olurdu, anası isə müxtəlif sosial və inzibati işlərdə çalışmışdı. Şahrux uşaqlıq illərini Dehlidə keçirib. O, gənc yaşlarından idmana, teatra və aktyorluğa maraq göstərirdi. Təhsilini Dehlidəki Müqəddəs Kolumba məktəbində alıb. Daha sonra Hansraj Kollecində iqtisadiyyat üzrə təhsilini davam etdirib.
Cəmia Millia İslamiya Universitetində kütləvi kommunikasiya sahəsində magistratura təhsilinə başlasa da, aktyorluq karyerasına görə təhsilini yarımçıq saxlayıb. Şahrux Xan aktyorluq fəaliyyətinə televiziyadan başlayıb. Onun ilk diqqətçəkən işi 1988-ci ildə yayımlanan Fauji serialı olub. Serialda Abhimanyu Ray obrazını canlandırıb.
Bu layihə ona Hindistan tamaşaçıları arasında tanınmaq imkanı yaradıb.
Daha sonra Circus və Idiot kimi televiziya layihələrində iştirak edib. 1992-ci ildə Deewana filmi ilə Bollivudda kino debütünü edib. Filmdəki çıxışı ona böyük uğur gətirib və Filmfare mükafatını qazanmasına səbəb olub. Şahrux Xan karyerasının ilk illərində ənənəvi qəhrəman obrazlarından fərqli rollar seçməklə diqqət çəkib. O, bəzən mənfi və psixoloji cəhətdən mürəkkəb personajları canlandıraraq aktyorluq imkanlarını nümayiş etdirib.
Onun məşhur filmlərindən bəziləri:
- Deewana (1992) – Aktyorun kino sahəsində tanınmasına kömək edən ilk böyük uğurlarından biridir.
- Baazigar (1993) – İntiqam hissi ilə yaşayan mürəkkəb bir obrazı canlandırıb.
- Darr (1993) – Psixoloji gərginlik və obsesiv sevgi mövzusunda çəkilmiş filmdir.
- Dilwale Dulhania Le Jayenge (1995) – Hindistan romantik kinosunun ən məşhur filmlərindən biridir. Şahrux Xan Raj Malhotra obrazını canlandırıb.
- Dil To Pagal Hai (1997) – Sevgi və münasibətlərdən bəhs edən musiqili romantik film.
Bir müddət kino fəaliyyətində fasilədən sonra Şahrux Xan 2023-cü ildə möhtəşəm şəkildə ekranlara qayıdıb. Həmin il onun üç böyük filmi tamaşaçılara təqdim olunub:
- Pathaan (2023) – Şahrux Xan bu filmdə Hindistanın təhlükəsizliyi uğrunda mübarizə aparan xüsusi agent obrazını canlandırıb. Film böyük kommersiya uğuru qazanıb.
- Jawan (2023) – Aktyorun ən çox diqqət çəkən filmlərindən biridir. Burada iki fərqli obrazı – Vikram Rathore və Azad Rathore rollarını ifa edib. Film sosial ədalət, korrupsiya və cəmiyyət problemlərinə toxunur.
- Dunki (2023) – Rejissor Rac Kumar Hirani tərəfindən çəkilmiş dram-komediya filmidir. Burada Şahrux Xan daha fərqli, emosional və insani tərəfləri olan obraz yaradıb.
Bu üç film onun dünya kino bazarındakı mövqeyini yenidən möhkəmləndirib. Xüsusilə Jawan filmindəki ifasına görə 2025-ci ildə Hindistanın Milli Film Mükafatında ən yaxşı aktyor mükafatına layiq görülüb. Şahrux Xan yalnız aktyor deyil, həm də uğurlu iş adamıdır. 2002-ci ildə həyat yoldaşı Qauri Xanla birlikdə Red Chillies Entertainment adlı kino istehsalı şirkətini yaradıb.
Şirkət filmlərin istehsalı, vizual effektlər və kino texnologiyaları sahəsində fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi layihələr arasında onun özünün də iştirak etdiyi bir çox məşhur ekran əsərləri var. Bundan başqa, Şahrux Xan Hindistanın məşhur kriket komandalarından biri olan Kolkata Knight Riders klubunun ortaq sahibidir. Komanda Hindistan Premyer Liqasında (IPL) mübarizə aparır.
Bu fəaliyyətlər onun kino sənayesindən kənarda da böyük iqtisadi və kommersiya nüfuzuna malik olduğunu göstərir. Şahrux Xan Hindistan kino tarixinin ən çox mükafat qazanan aktyorlarından biridir.
Onun əsas mükafat və təltifləri:
- Filmfare Awards – Ən yaxşı aktyor nominasiyasında səkkiz dəfə qalib olub. Ümumilikdə Filmfare mükafatları ilə bağlı çoxsaylı təltiflərə sahibdir.
- Padma Shri (2005) – Hindistan hökumətinin mülki şəxslərə verdiyi nüfuzlu dövlət mükafatlarından biridir.
- Ordre des Arts et des Lettres (2007) – Fransa tərəfindən incəsənət və mədəniyyət sahəsindəki xidmətlərinə görə təltif edilib.
- Legion of Honour (2014) – Fransanın ən yüksək dövlət təltiflərindən biri olan Fəxri Legion ordeninə layiq görülüb.
- Crystal Award (2018) – Dünya İqtisadi Forumunun qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətinə görə təqdim etdiyi mükafatdır.
- Milli Film Mükafatı (2025) – Jawan filmindəki aktyorluq ifasına görə ən yaxşı aktyor mükafatını qazanıb.
“Ədəbiyyat və incəsənət”
(02.11.2026)


