28 Oktyabr – Beynəlxalq Animasiya Günüdür Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 Beynəlxalq Animasiya Günü (International Animation Day) 2002-ci ildən  etibarən qeyd edilir.

 

Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə, 1892-ci ilin 28 oktyabrında fransız rəssam və ixtiraçı Emil Reynonun icad etdiyi praksinoskopun ilk nümayişinin 110 illik yubileyi münasibətilə təsis olunub. Bu günün neçə yüz illik tarixi var. İxtiraçı “optik teatr” adlanan bu cihaz vasitəsilə əllə çəkilmiş rəsmləri hərəkətə gətirib. Animasiya sənəti bu gün elə bir dövrünü yaşayır ki, ona nəinki uşaqlar, böyüklər də həvəslə baxırlar.

 

Baxmayaraq ki, Hollivud maraqlı animasiya məhsulu ilə bizi tez-tez sevindirir, lakin milli cizgi filmlərimizin yaddaşımızda öz yeri var.

Azərbaycanda animasiyanın tarixi XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının bir qrup işçisi kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri apararaq Moskvadan lazımi materialları alıb gətirib və həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə edib. “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunub. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib. Bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alır və filmin mövzusu Azərbaycan xalq nağıllarından götürülür.

1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov cizgi filmləri sexini bərpa etdirib, həmçinin bu sahədə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqəti artırıb. Cizgi filmlərinin yaradılmasına 20 nəfərdən ibarət rəssamlar qrupu cəlb edilib. 1969-cu il fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalına başlanılıb. 1990-cı ilin aprelində Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfat üsuluna keçiblər və “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi yaradılıb.

1981-ci ildə dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudov “Başlanğıc” qısametrajlı televiziya cizgi filmini çəkib. Yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açan, xeyir və şərin simasında çətinliklərin aradan qaldırılaraq əmin-amanlıq şəraitində yaşamağın mümkün olduğunu təbliğ edən həmin film Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycantelefilm” tərəfindən istehsal olunub. Həmin illərdə 19 cizgi filmi, o cümlədən “Bir dəfə haradasa…”, “İthaf”, “Oda”, “Göyçək Fatma”, “Karvan” kimi populyar animasiya əsərləri lentə alınıb.

2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibətilə “Bir nağıl söylə mənə” cizgi filmləri toplusu hazırlayıb. DVD şəklində hazırlanmış animasiya toplusunda 80-ci illərin 9 cizgi filmləri yer alıb.

2018-ci ildə Azərbaycanın ilk beynəlxalq animasiya festivalı – ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yaradılıb, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri nümayiş etdirilib. Qeyd edək ki, Rəşid Ağamalıyevin müəllifi olduğu “Azərbaycan animasiyası” kitabı animasiya haqqında geniş məlumat toplanan yeganə mənbədir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.