Müxtəlif mədəniyyətlərin daşıyıcısı Viqqo Mortensen Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Viqqo Mortensen (Viggo Mortensen) — amerikalı-danimarkalı aktyor, rejissor, yazıçı, şair, fotoqraf, rəssam və musiqiçidir. O, dünya şöhrətini əsasən Üzüklərin hökmdarı (The Lord of the Rings) film trilogiyasında canlandırdığı Araqorn obrazı ilə qazanıb. Mortensen aktyorluğunda müxtəlif xarakterləri canlandırması, rollarına ciddi yanaşması və incəsənətin bir neçə sahəsində fəaliyyət göstərməsi ilə tanınır.

 

Kiçik Viqqo Piter Mortensen (Viggo Peter Mortensen Jr.) – onun adı belə qeyd edilir, çünki ata və oğulun adı eyni olduğundan o kiçik, atasa böyük  Viqqo Mrtensendirlər. Kiçik Viqqo 20 oktyabr 1958-ci ildə ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində anadan olub.

Atası danimarkalı, anası isə amerikalı idi. Onun uşaqlıq illəri müxtəlif ölkələrdə keçib. Ailəsi ilə birlikdə Venesuela, Argentina və Danimarkada yaşayıb.

Müxtəlif mədəniyyətlərlə erkən yaşlarından tanış olması onun dünyagörüşünə və sənətə münasibətinə təsir göstərib. Mortensen Nyu-York ştatında yerləşən Sent-Lourens Universitetində (St. Lawrence University) təhsil alıb və 1980-ci ildə ispanşünaslıq üzrə bakalavr dərəcəsi əldə edib. İngilis və ispan dilləri ilə yanaşı, danimarka dilini də bilir.

 Universiteti bitirdikdən sonra Mortensen aktyorluq sahəsində özünü sınamaq qərarına gəlib. O, əvvəlcə teatrda fəaliyyət göstərib, daha sonra kino sahəsinə keçib. 1985-ci ildə rejissor Piter Uirin (Peter Weir) Şahid (Witness) filmində rol alaraq kino debütünü edib. Bu filmdə Harison Ford (Harrison Ford) da iştirak edirdi. Sonrakı illərdə Mortensen müxtəlif janrlarda filmlərdə çəkilib.

 O, əvvəlcə daha çox ikinci dərəcəli rollarla tanınsa da, zaman keçdikcə mürəkkəb və yaddaqalan obrazlar yaradan aktyora çevrilib. Mortensenin karyerasında ən mühüm dönüş nöqtəsi 2001–2003-cü illərdə çəkilən Üzüklərin hökmdarı (The Lord of the Rings) trilogiyası olub. O, əsərin əsas qəhrəmanlarından biri olan Araqorn (Aragorn) obrazını canlandırıb.

 

Filmlər C. R. R. Tolkinin (J. R. R. Tolkien) eyniadlı fantastik əsərinə əsaslanıb. Araqorn cəsur döyüşçü, sədaqətli dost və gələcəkdə kral olmaq taleyi ilə üzləşən bir qəhrəmandır.

Mortensen bu obrazı yalnız fiziki gücü ilə deyil, həm də xarakterindəki təmkin, məsuliyyət, mərhəmət və liderlik xüsusiyyətləri ilə təqdim edib. Onun ifası tamaşaçıların yaddaşında qalıb və aktyorun beynəlxalq şöhrətini möhkəmləndirib.

 

Trilogiyanın filmləri:

- Üzüklərin hökmdarı: Üzük qardaşlığı (The Lord of the Rings: The Fellowship of the Ring, 2001)

- Üzüklərin hökmdarı: İki qala (The Lord of the Rings: The Two Towers, 2002)

- Üzüklərin hökmdarı: Kralın qayıdışı (The Lord of the Rings: The Return of the King, 2003)

Bu trilogiya kino tarixinin ən məşhur fantastik layihələrindən birinə çevrilib.

 

Ən məşhur filmləri

1. Zorakılığın tarixi (A History of Violence, 2005)

Mortensen bu kriminal dramda sakit həyat sürən, lakin keçmişi ilə bağlı sirlərlə üzləşən Tom Stall obrazını canlandırır. Film insanın keçmişi, kimliyi və zorakılığın nəticələri haqqında düşündürür.

2. Şərq vədləri (Eastern Promises, 2007)

Bu filmdə aktyor Londondakı rus cinayətkar dəstələri ilə əlaqəsi olan Nikolay Lujin obrazını oynayır. Rol ona böyük tənqidi diqqət qazandırıb və Oskar mükafatına namizədlik gətirib

3. Apaluza (Appaloosa, 2008)

Vestern janrında çəkilən filmdə Mortensen silahlı qanun keşikçisi Everett Hiç obrazını canlandırır. Əsər dostluq, ədalət və sərhəd bölgələrində qanunun qorunması mövzularını əhatə edir.

4. Yol (The Road, 2009)

Fəlakətdən sonrakı dünyada oğlunu qorumağa çalışan atanın hekayəsidir. Mortensenin yaratdığı obraz ata sevgisini, fədakarlığı və sağ qalmaq mübarizəsini ön plana çıxarır.

5. Təhlükəli metod (A Dangerous Method, 2011)

Mortensen psixoanalizin banilərindən Ziqmund Freydi (Sigmund Freud) canlandırır. Film psixologiya, insanın daxili dünyası və Karl Yunqla (Carl Jung) münasibətlərdən bəhs edir.

 

Mortensen yalnız aktyor kimi deyil, rejissor və ssenarist kimi də fəaliyyət göstərir. 2020-ci ildə ekranlara çıxan Falling onun ilk tammetrajlı rejissor işi olub. Filmdə özü də baş rolu ifa edib.

2023-cü ildə çəkilmiş The Dead Don't Hurt filmində də rejissor, ssenarist və aktyor kimi iştirak edib. Bu əsər vestern janrına aid olub, XIX əsrdə Amerika Qərbində yaşayan insanların həyatını və münasibətlərini təsvir edib.

Onun rejissorluq fəaliyyəti şəxsi yaradıcılıq baxışını ekrana gətirmək və insan münasibətlərini daha dərindən araşdırmaq istəyini nümayiş etdirib. Mortensenin yaradıcılığı kino ilə məhdudlaşmır. O, şeir yazıb, kitablar nəşr etdirib, fotoqrafiya və rəssamlıqla məşğul olub. 2002-ci ildə Perceval Press adlı nəşriyyatını yaradıb. Bu nəşriyyat vasitəsilə öz əsərlərini, eləcə də az tanınan yazıçıların və sənətkarların yaradıcılığını oxuculara çatdırmağa çalışıb.

Onun maraq dairəsinə aşağıdakılar daxildir:

- Şeir və ədəbiyyat: insanın daxili dünyası, həyat və duyğular haqqında yazılar.

- Fotoqrafiya: müxtəlif ölkələr, insanlar və gündəlik həyat səhnələri.

- Rəssamlıq: fərdi üslubda yaradılmış rəsmlər və vizual əsərlər.

- Musiqi: bəstəkarlıq və musiqi layihələrində iştirak.

 

Bu fəaliyyətlər Mortensenin incəsənətə yalnız aktyorluq baxımından yanaşmadığını göstərir.

Viggo Mortensenin aktyorluğu müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilib. O, üç dəfə “Oskar” mükafatına namizəd göstərilib:

- 2008 — Şərq vədləri (Eastern Promises) filmi.

- 2017 — Kapitan Fantastik (Captain Fantastic) filmi.

- 2019 — Yaşıl kitab (Green Book) filmi.

 

Hər üç namizədlik baş rolda ən yaxşı aktyor nominasiyası üzrə olub. O, həmçinin BAFTA və “Qızıl qlobus” mükafatlarına da namizəd göstərilib. 2007-ci ildə Eastern Promises filminə görə Britaniya Müstəqil Film Mükafatlarında ən yaxşı aktyor mükafatını qazanıb.  Qeyd etmək vacibdir ki, Oskara üç dəfə namizəd göstərilməsi onun bu mükafatı qazandığı anlamına gəlmir. Bu sarıdan aktyorun bəxti hələ ki gətirməyib.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.