Çağdaş ingilis kinosunun simalarından biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İngiltərə kinomatoqrafiyası bu gün əlamətdar bir günü qeyd edir - Yan Makşeynin (Ian McShane) doğum günüdür.

O, İngiltərənin tanınmış aktyorlarındandır, çağdaş ingilis kinosunun simalarından biridir. O, xüsusilə mürəkkəb, sərt, sirli və bəzən mənfi obrazları canlandırması ilə məşhurdur. Altı onillikdən artıq davam edən sənət fəaliyyəti ərzində həm kino, həm televiziya, həm də teatrda çalışıb.

 

Makşeyn 29 sentyabr 1942-ci ildə İngiltərənin Blekbern şəhərində anadan olub. Atası Harry McShane peşəkar futbolçu olub və vaxtilə “Manchester United” klubunda çıxış edib. Yan əvvəlcə atasının yolunu davam etdirərək futbolçu olmağı düşünürdü. Lakin məktəbdə müəllimi Lesley Ryder onun aktyorluğa marağını üzə çıxarıb və bu istiqamətdə inkişaf etməsinə kömək edib.

Daha sonra Londondakı Royal Academy of Dramatic Artda aktyorluq təhsili alıb. Burada gələcəkdə məşhurlaşacaq aktyorlar Entoni Hopkins və Con Hurt ilə birlikdə təhsil alıb. Makşeyn peşəkar kino fəaliyyətinə 1962-ci ildə “The Wild and the Willing” filmi ilə başlayıb. Həmin dövrdə hələ RADA-da tələbə idi. Daha sonra klassik və tarixi obrazlar da daxil olmaqla müxtəlif rollar ifa edib

Onun erkən dövrünün diqqət çəkən rollarından biri “Wuthering Heights” ekranlaşdırmasında Hitklif obrazı idi. O, həmçinin “Jesus of Nazareth” mini-serialında Yəhuda İskariot rolunu canlandırıb.  Yan Makşeynin ən tanınmış erkən televiziya obrazlarından biri Lovejoy serialının baş qəhrəmanı Lovejoydur. Serial 1986-cı ildə yayımlanmağa başlayıb.

Makşeyn burada antik əşyalarla məşğul olan, ağıllı, hazırcavab və bir qədər macəraçı Lovejoy obrazını canlandırıb. O, serialın bəzi bölümlərinin rejissoru və prodüseri kimi də fəaliyyət göstərib. Serial 1991–1994-cü illərdə yenidən yayımlanıb.

Makşeynin karyerasının ən mühüm dönüş nöqtələrindən biri HBO-nun “Deadwood” serialı olub. Burada o, Al Swearengen adlı sərt, təhlükəli və olduqca mürəkkəb xarakterli personajı canlandırıb. Obraz aktyora böyük şöhrət gətirdi və onun ən məşhur rollarından birinə çevrilib. Makşeyn bu roluna görə 2005-ci ildə Qızıl Qlobus mükafatında “Televiziya serialında ən yaxşı aktyor” mükafatını qazandı. Həmçinin “Emmy” və “Screen Actors Guild” mükafatlarına namizəd göstərilib.

Müasir tamaşaçılar onu xüsusilə “John Wick” film seriyasından tanıyırlar.

Makşeyn burada Winston Scott obrazını canlandırıb. Winston “Continental” otelinin rəhbəridir və John Wick dünyasında mühüm nüfuza malik sirli personajdır. Aktyor ilk dəfə 2014-cü ildəki “John Wick” filmində bu rolda görünüb və sonrakı filmlərdə də obrazı canlandırıb

Makşeynin səsi də onun yaradıcılığının mühüm hissəsidir. Dərin və xarakterik səsi sayəsində animasiya və digər layihələrdə səs aktyoru kimi də böyük uğur qazanıb.

O, “Kung Fu Panda” filmində Tai Lung obrazını səsləndirib. Həmçinin “Coraline”, “Shrek the Third” və “The Golden Compass” kimi layihələrdə də səsi ilə iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.