Sumqayıt teatrında “M.S.S” hazırlanır Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “ M. S. S. – mən səni sevirəm” pyesi əsasında “M.S.S.” tamaşası hazırlanır.

 

“M.S.S.” adı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ümüd Abbaszadə, bəstəkarı Telman Qəniyev, quruluşçu rəssamları Arif Müzəffərov və Nizami Dadaşev, rejissor assistentləri isə Ləman Məmmədli və Fazilə Rzayevadır.

Səhnə əsərində obrazları Əməkdar artistlər İlahə Səfərova, Xatirə Süleymanova, Sədaqət Nuriyeva və Elmira Kərimova, aktyorlar Şəhla Məmmədova, Gülnarə Qədirova, Vəfa Qurbanova, Mətləb Səfərli, Rövşən Əsgərov,Yeganə Məmmədvəliyeva, Sevda Cəlilova, Şəms Abdullayeva, Emil Həmidov, İlahə Səfərova, Məryəm Hüseynli, Günəş Bağırova, Kamran Muradlı və Elmir Mehtiyev canlandırırlar.

Tamaşanın süjet xətti məktəb mühiti, müəllim və şagird münasibətləri, insan həyatında iz buraxan duyğular və gözlənilməz ayrılıqlar üzərində qurulub.

Əsərin əsas qəhrəmanı Sabah müəllimə üçün məktəb yalnız çalışdığı məkan deyil, həyatının mühüm bir hissəsidir. O, burada illər ərzində şagirdləri ilə mənəvi bağ qurub, onların həyatına toxunub və məktəbi öz dünyasının ayrılmaz parçasına çevirib. Lakin gözlənilməz xəstəlik Sabah müəllimənin həyatında hər şeyi dəyişir. Sevdiyi şagirdlərdən və illərlə qurduğu dünyadan ayrılmaq məcburiyyətində qalan müəllimənin gedişi məktəbdə dərin iz buraxır. Bu ayrılıq uşaqlar üçün də həyatın, sevginin və insan münasibətlərinin fərqli tərəflərini anlamağa səbəb olur.“M.S.S.”də müəllim və şagird münasibətləri yalnız təhsil çərçivəsində deyil, insan həyatında yaranan mənəvi bağlılıq kontekstində təqdim edilir.

Tamaşanın premyerası yaxın aylarda nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.