İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. O, mərhum Xalq artisti Nəsibə Zeynalovanın atasıdır.
1865-ci ildə Bakıda doğulan Cahangir Zeynalovun atası Məşədi Rza Zeynal oğlu ilə birgə tacirlik ediblər. Cahangir bəy ibtidai təhsil alıb, rus və fars dillərini mükəmməl bilib, geniş mütaliəsi olub. Tetara böyük sevgisi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb.
Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi olub, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxıb.
Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itən həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılıb.
1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik edib. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutub, onlara pul yardımı edib. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırıb. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirib.
Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq edib, tamaşalar hazırlayıblar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılıb və xərci Kərbəlayı özü ödəyib.
XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman dram artistləri şirkətinin ("Şirkət" də deyilib) təşkilində Zeynalovun müstəsna rolu olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi.
"Səfa"nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranıb. "Səfa"nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi.
O, dəfələrlə, "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasma seçilib. Hətta 1914-cü ildə sədr vəzifəsini Cahangir Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutublar. Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley ("Yomi ali") keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyətinin Qurban bayramı günündə (30 noyabr 1910) Tağryev teatrında keçirdiyi yubiley təntənəsində rəsmi hissə olub.
Fasilələrdə xanəndə və sazəndələr çalıb-çağırıb, Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası oynanılıb, Mirzə Həbib rolunu Cahangir Zeynalov ifa edib. Yubiley münasibətilə "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya kopeyna" qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap edib.
Yubiley gecəsi "Nicat" tərəfindən Səməd bəy Acalov, Gürcü nəşri-maarif cəmiyyətindən Nasidze, bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə, "Maloross", "Kulturnıy soyuz", "Prosvita", "Nəşri-maarif", "İttihad", "Yəhudilər" cəmiyyətləri, "Yeni Fyüzat", "Molla Nəsrəddin" məcmuələri, "Səda", "Tərcüman" qəzetləri aktyoru təbrik edib, ona qiymətli hədiyyələr bağışlayıblar.
Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi möhtərəm aktyorların səhnəyə gəlişində Kərbəlayı Cahangirin böyük xidmətləri olub. O, "Nicat", "Səfa", "Müsəlman artistləri ittifaqı"nın, Hacıbəyov qardaşlarının "Opera və dram truppası"nın aralarındakı xoşagəlməz ləcliyi, çəkişmələri aradan qaldırmış, onları ümumi mədəniyyətin tərəqqisi naminə birləşməyə çağırıb
Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəyib, ancaq amansız ölüm bu arzuya kölgə salıb. Üç yaşında valideyni Cahangir Zeynalovu itirmiş Nəsibə Zeynalova sonralar atasının bünövrəsmi qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı kimi tarixiləşdi.
Cahangir Zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Hacı Qəmbər, "Ağa Kərim xan Ərdəbili"də Ağa Kərim xan, "Müsibəti-Fəxrəddin"də Vəli və s.
1918-ci ilin 17 martında erməni daşnakiarı Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gediblər. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə "Ardahan" gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub.
Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi yaranıb və Kərbəlayı Cahangir də həmin azara tutulub. Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz, 4 noyabr 1918-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.09.2026)


