İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Lesley Hornby, daha çox Twiggy adı ilə tanınan məşhur ingilis model, aktrisa, müğənni və televiziya simasıdır. O, 1960-cı illərin moda dünyasının ən tanınmış simalarından biri olmaqla yanaşı, sonradan aktyorluq və musiqidə də uğur qazanıb. Milli Portret Qalereyası onu 1960-cı illərin görünüşünü müəyyənləşdirən və dünyanın ilk supermodellərindən biri kimi təqdim edir.
Lesley Hornby 19 sentyabr 1949-cu ildə İngiltərənin London şəhərinin Neasden bölgəsində anadan olub. O, fəhlə ailəsində böyüyüb. Atası Norman Hornby dülgər, anası Nellie isə fabrikdə işləyib. Lesley üç bacının ən kiçiyi idi. Uşaqlıqdan geyim və modaya maraq göstərib. Anası ona tikiş tikməyi öyrədib. Bu maraq sonradan onun peşəkar həyatında mühüm rol oynayıb.
Lesley yeniyetmə yaşlarında çox arıq bədən quruluşuna malik idi. Ona əvvəlcə müxtəlif ləqəblər verilsə də, nəticədə “Twiggy” adı məşhurlaşıb. “Twiggy” sözü ingiliscədə nazik budağa bənzər arıq quruluşu ifadə edən ləqəb kimi başa düşülüb. 1960-cı illərin ortalarında onun qısa saç düzümü, iri gözləri, uzun kirpikləri və qeyri-adi görünüşü moda dünyasında tamamilə yeni obraz yaradıb
Onun həyatını dəyişən hadisələrdən biri 16 yaşında Londondakı House of Leonard saç salonuna getməsi olub. Burada saçları qısa və fərqli formada kəsildi. Fotoqraf Barry Lategan onun şəkillərini çəkib. Bu fotoları moda jurnalisti Deirdre McSharry görüb. Bir müddət sonra Daily Express qəzetində Lesley haqqında məqalə dərc edilib və o, “The Face of 1966” — “1966-cı ilin siması” elan edilib
Bu hadisədən sonra Twiggy çox qısa müddətdə Britaniyadan kənarda da tanınmağa başladı. 1960-cı illərin moda ikonası Twiggy xüsusilə Mod adlı 1960-cı illər moda estetikasının əsas simalarından birinə çevrildi. Onun görünüşü əvvəlki dövrün daha yetkin və klassik qadın model obrazından fərqlənirdi. Qısa saçları, iri gözləri, güclü göz makiyajı və incə bədən quruluşu onu asanlıqla tanınan simaya çevirib.
Twiggy yalnız model olaraq qalmaq istəmirdi. Daha sonra kino və teatr sahəsinə keçib. Onun ən məşhur rollarından biri Ken Russellin 1971-ci ildə çəkdiyi “The Boy Friend” filmində olub. Bu film onun aktyorluq karyerasında böyük uğur qazandırıb. O, həmin filmdəki fəaliyyətinə görə iki Golden Globe mükafatı qazanıb:
Ən yaxşı qadın aktyor — musiqili və ya komediya filmi
Ən perspektivli yeni qadın aktyor
Bu uğur onun yalnız model deyil, həm də istedadlı aktrisa olduğunu göstərib. Twiggy sonrakı həyatında da moda sənayesindən uzaqlaşmadı. 2000-ci illərdən etibarən Marks & Spencer şirkətinin reklam kampaniyalarında mühüm simalardan biri olub. Onun iştirakı şirkətin həmin dövrdəki imicinin yenilənməsinə kömək edən amillərdən biri kimi qiymətləndirilib.
Twiggy Britaniya mədəniyyətinə və incəsənətinə uzunmüddətli töhfələrinə görə 2019-cu ildə Dame Commander of the Order of the British Empire (DBE) fəxri adına layiq görülüb. Buna görə onun adı qarşısında Dame titulundan istifadə olunur.
“Ədəbiyyat və incəsənət”
(19.09.2026)


