Nağaraçı, kunq-fu çempionu, sonra da aktyor Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Teatrımızda nəsil dəyişməsi həmişə ağır gedən bir proses olub. Yəni, gənclər gəldi, qocalar dərhal getsin kimi bir anlayış heç zaman mövcud olmayıbdır. Əlbəttə ki, ən azından ona görə ki, teatr həyatı göstərən bir nəsnədir, həyatda isə gənclər və qocalar birgə yaşayırlar. Yaşlıları səhnədən çıxarmaq yaşlı insan obrazlarını ssenaridən götürmək demək olardı...

Haqqında danışacağım aktyor iki nəslin keçidində yer alıbdır, bu gün özünün 45 illik yubileyini qeyd edir. Çox maraqlı və unikal adamdır. Elə başlığa çıxardığım sözlər buna işarədir.

 

Elnur Kərimov 1981-ci il sentyabr ayının 11-də Bakı şəhərində doğulub. Atası Umbay Kərimov Bakıda, 2 nömrəli avtobus parkında işləyib. Anası Solmaz Kərimova isə 1969-cu ildən Azərnəşrdə korrektor vəzifəsində çalışıb. 3 yaşından bacı və qardaşları ilə birlikdə Yuri Qaqarin adına Pionerlər Sarayında rəqs və xüsusi ilə nağara dərnəyində musiqi ilə məşğul olub.

 1986 ci ildə Yuri Qaqarin adına Pionerlər Sarayının 50 illik yubileyində Heydər Əliyev Sarayında nağarada solo "çırtma qaytağı" ilə çıxış edib. 1988-ci ildən "Dənizçilər Klubu" Mədəniyyət Sarayının ansamblına ən gənc nağara ifaçısı kimi dəvət alıb. 1989-cu ildə Krasnovodsk və Şevçenko şəhərlərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri"ndə iştirak edib.

1989-cu ildə xüsusi istedadına görə indiki Əfsər Cavanşirovun qərarı ilə İncəsənət Gimnaziyasına imtahansız qəbul edilib. Burada "simli alətlər", "nəfəs alətləri", "vokal", "aktyorluq" kimi müxtəlif sənət dərsləri alıb. Gimnaziyada təhsil aldığı müddətdə "Şəhriyar" yubiley tamaşasında, Şəhriyar, "Məhəmməd Füzuli" yubileyində Füzuli, Məmmədkamal Kazımovun quruluş verdiyi Sultan Məcid Qənizadə "Xor-Xor" tamaşasında "Rüstəm bəy" rollarını ifa edib.

Ənvər Əblucun quruluş verdiyi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında "Qoçu Əsgər" rolunu oynayıb. Gimnaziya şagirdlərinin ifasındakı "O olmasın, bu olsun" tamaşası AzTV-nin qızıl arxivində saxlanılır. Gimnaziyada təhsil aldığı müddət ərzində Kunq Fu To`A idman növü ilə məşğul olub və paytaxt birincisi olub. İncəsənət Gimnaziyasında aktyorluq təhsili aldıqdan sonra 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Universitetdə Gülşad Baxşıyevadan teatr sənətinin, Ənvər Vəliyevdən səhnə danışığının və Ənvər Əblucun kino incəliklərini öyrənib. Bir il sonra 2000-ci ildə Gənc Tamaşaçılar Teatrına dəvət alıb. 2000-ci ildə Gənc Tamaşaçılar Teatrında təcrübə keçən Elnur həmin ildən aktyorluq fəaliyyətinə başlayıb. 2001-ci il fevral ayının 14-də "Qarışqa şıllaq atdı" tamaşasında Elbənd rolunda uğur qazanaraq, teatrın kollektivinə qəbul edilib.

Sonralar teatrda bir çox tamaşalarda həm epizodik, həm də baş rollarda çıxış edibr. Teatrda oynadığı rollar silsiləsinə Xeyir ("Xeyir və Şər"), Ərköyün qaz balası ("Ana qaz"), Məmməd ("Cənnətin üç alması"), Tülkü ("Tıq-tıq, tuk-tuk"), Əlibala ("Əlibala və qırx quldur"), Mirzədadaş ("Dələduz") və s. obrazlar daxildir.

İlk dəfə 2003-cü ildə İsi Məlikzadənin əsəri əsasında hazırlanmış, quruluşçu rejissor Nicat Feyzullayevin "Küçələrə su səpmişəm" filmində Bəhmən rolunda çıxış edib. 2007-ci ildə isə Oqtay Mirqasımovun quruluşu əsasında "Günaydın, mələyim" filmində Rəhman obrazını canlandırıb. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının Bədii Şurasına üzv seçilib.

Müxtəlif televiziya kanallarında "Bərəkətli olsun" (Space TV), "Düşərgə" (İctimai TV), "Səhər görüşləri" (AzTV), kimi verilişlərin aparıcısı kimi fəaliyyət göstərib. 2021-ci ildən Bakı Dövlət Sirkində çalışır. Çalışdığı müddətdə "Zəfər Sərgisi", "Dəmir Yumruq" kimi layihələrdə yaxından iştirakçı olub

Layihələrin uğurla keçirilməsində töhfələri var. Bakı Dövlət Sirkində keçirilən "Hünər Meydanı" layihəsində həm aparıcı həm də təşkilatçı kimi fəaliyyəti olub. 2022-ci il Beşinci Xarıbülbül Musiqi Festivalı nın aparıcısı olub.

 

Filmoqrafiya

- Mən sənin dayınam

- Dronqo

- Küçələrə su səpmişəm

- Yol yoldaşları

- Ana qaz

- Günaydın, mələyim!

- Qardaşımdan yaxşısı yox idi

- Əzizim Fellini

- Əlavə təsir

- Buta

- Qaynana

- Həddən artıq uyğunluq

 

Əsas rolları

1. Aqil — ("Mənim ağ göyərçinim" T. Vəliyeva)

2. Ömər İtməz — ("Məhəbbət br bəladır" Ə. Orucoğlu)

3. Əlibaba — ("Əlibaba və qırx quldur" Ərəb x.nağılı)

4. Vəzir — ("Ələddinin sehrli çırağı" Ərəb x.nağılı)

5. Tuk-tuk — ("Tık-tık və Tuk-tuk" A. Şaiq)

6. Əlləz — ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)

7. Elbənd — ("Qarışqa şıllaq atdı Q. İlkin)

8. Təbriz — ("Büllur sarayda" İ. Əfəndiyev

 

Mükafatları

2009–2019 Teatrların inkişafı dövlət proqramı çərçivəsində, "ASSİTEJ" milli mərkəzinin xətti və Gənc Tamaşaçılar Teatrının truppası ilə Rusiya Federasiyası Kalmıkiya Respublikasına qastrolunda "İki ölkə arasında mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə" Kalmıkiya Respublikasının ölkə rəhbərliyinin xüsusi, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən mükafat, diplom və döş nişanı ilə təltif olunub.

İki ölkə arasında Teatr sahəsindəki uğurlarına görə "Stanislavski" 150 illik yubiley medalına layiq görülüb. Şimali Osetiya "Txapsayev adına Milli Dram Teatrı"nın diplomu ilə təltif olunub. Hal-hazırda Gənc Tamaşaçılar Teatrı Həmkarlar Komitəsinin "Gənclərlə iş üzrə" katibidir. Mədəniyyət işçiləri Həmkarlar İttifaqının mükafatına, 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına, 3 dəfə Prezident Mükafatına layiq görülüb

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.