Bütün diqqətlər Venesiyaya: “Qızıl Şir” uğrunda mübarizə qızışır Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hazırda bütümn dünya kinosevərlərinin diqqəti İtaliyayadır. Bu möcüzələr ölkəsinin su üzərində qərarlaşan Venesiya şəhərinə, daha dəqiqi, Lido adasınadır. Sentyabrın 2-də başlayan və 12-dək davam edəcək 83-cü Venesiya Beynəlxalq Film Festivalı artıq ən mühüm mərhələsinə daxil olub.

Diqqətlər buraya.

 

Dünyanın ən qədim və nüfuzlu kino festivallarından biri sayılan Venesiya festivalı bu il də yeni filmlərin premyeraları, ulduzların qırmızı xalı keçidləri və “Qızıl Şir” uğrunda rəqabətlə dünya kinosunun əsas hadisələrindən birinə çevrilib.

Festivalın əsas müsabiqəsində maksimum 21 tammetrajlı film iştirak edir. Filmlər “Qızıl Şir” uğrunda yarışır və müsabiqənin münsiflər heyətinə amerikalı aktrisa və rejissor Maggie Gyllenhaal rəhbərlik edir.

Budəfəki müsabiqə tanınmış rejissorların yeni işləri ilə xüsusilə diqqət çəkir. Proqramda Martin McDonagh, Hirokazu Kore-eda, Lee Chang-dong, Werner Herzog, Nanni Moretti və digər tanınmış kino müəlliflərinin filmləri yer alır.

Müsabiqənin diqqətçəkən filmləri arasında Martin McDonaghın “Wild Horse Nine”, Robert Pattinsonun rol aldığı “Primetime”, Lee Chang-dongun “Possible Love”, Nanni Morettinin “It Will Happen Tonight”, Hirokazu Kore-edanın “Look Back” və Danny Boyle-un “Ink” filmləri var.

Xüsusilə “Possible Love” festivalın ilk günlərində böyük maraq doğurub. Lee Chang-dongun filminin nümayişindən sonra təxminən 6 dəqiqəlik alqış aldığı bildirilib.

Festivalın gündəmində olan əsərlərdən biri də rejissor Lance Oppenheimın “Primetime” filmidir. Robert Pattinson burada ABŞ televiziyasında yayımlanan “To Catch a Predator” proqramının aparıcısı Chris Hansen obrazını canlandırır.

Film real televiziya hadisələrindən çıxış edərək televiziya reytinqləri, tamaşaçının marağı və etik sərhədlər məsələlərini gündəmə gətirir. “The Guardian” filmin Venesiya premyerasından sonra Pattinsonun performansını və ekran əsərinin etik mövzusunu ayrıca təhlil edib.

Festivalın artıq ən çox müzakirə olunan hadisələrindən biri isə 93 yaşlı amerikalı aktrisa Ellen Burstynə fəxri “Qızıl Şir” mükafatının təqdim edilməsidir.

Yarım əsrdən artıq davam edən karyerası olan Burstyn “Oscar”, “Tony” və iki “Emmy” mükafatının sahibidir. Venesiyada ona verilən “Qızıl Şir” kino sənətinə ömürboyu töhfəsinin qiymətləndirilməsi kimi təqdim olunub.

Maraqlıdır ki, aktrisa festivalda yalnız fəxri qonaq kimi iştirak etmir. O, Maggie Gyllenhaalın “Flesh Impact” adlı qısametrajlı filmində Merilin Monro obrazını canlandırır. Bundan başqa, Burstyn Kornél Mundruczónun “Place to Be” filmində də rol alıb.

Qeyd edim ki, festival yalnız ənənəvi kino ilə məhdudlaşmır. Venice Immersive bölməsində virtual reallıq və immersiv layihələr təqdim olunur. Bu proqram sentyabrın 2-dən 12-dək Venesiya İmmersiv adasında keçirilir.

Beləliklə, Venesiya festivalı artıq sadəcə filmlərin nümayiş etdirildiyi məkan deyil, kino, rəqəmsal texnologiya, aktyorluq sənəti və yeni rejissor axtarışlarının bir araya gəldiyi beynəlxalq platformadır.

İndi isə yazımın əsas hissəsinə keçid alıram:

“Qızıl Şir”ə kim daha yaxındır?

Festival hələ başa çatmadığından qalib haqqında danışmaq tezdir. Lakin ilkin reaksiyalar müəyyən filmləri ön plana çıxarıb. Hazırkı tamaşaçı və tənqidçi qiymətləndirmələrində “Possible Love” və “Primetime” kimi filmlər yüksək mövqelərdə görünür.

“Qızıl Şir”in sahibinin kim olacağı isə sentyabrın 12-də, festivalın bağlanış mərasimində məlum olacaq.

Venesiyanın builki festivalı bununla da payız kino mövsümünə mühüm start verir: qarşıdakı aylarda burada nümayiş olunan filmlərin bir hissəsinin “Oscar” və digər böyük kino mükafatlarının yarışında da ön plana çıxması gözlənilir.

 

Mənbə: Euronews

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.