Meltem Demirkıran / İstanbul,
“Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan dilinə uyğunlaşdırma: Rəqsanə Babayeva
Tony Gatlif 2006-cı ilin noyabrında verdiyi müsahibəsində öz kinosunu bu sözlərlə ifadə edirdi:
“Mənim xoşuma gələn şeylər duyğular, yola çıxmaq, kəşflərdir... Mənim üçün kino insanları səyahətə çıxarmaqdır, amma təşkil olunmamış bir səyahətə.”
Mənsubiyyətsiz məkanlarda kök salmağa və özünə bir vətən tapmağa çalışan insanların həyata musiqi ilə bağlanması onun kinosunun ən səciyyəvi xüsusiyyətlərindən biridir. Filmlərində qəhrəmanların həm coğrafi sərhədləri, həm də öz daxili dünyalarını kəşf etdikləri fiziki və mənəvi səyahətlər ön plana çıxır.
Avtomobil həm bir nəqliyyat vasitəsi, həm də köçərinin daimi evidir. O, mənsubiyyətsizliyin simvoludur. Bir yerə aid ola bilməyən insan isə daim yollara çıxır. Yollar qəhrəmanların bir yerdən digərinə çatmaq məqsədindən başqa, özünü axtarışlarının da əksidir. O yollar bəzən sevgiyə, bəzən ümidsizliyə, bəzən isə çıxılmazlığa aparır. Amma nə olursa-olsun, insanın özü ilə daşıdığı ürəyi kimi onun ayrılmaz hissəsinə çevrilir.
Yol onun üçün sadəcə coğrafi istiqamət və ya iki nöqtə arasındakı məsafə deyil, başlı-başına müstəqil bir ölkədir. Bu ölkənin rəsmi dili isə musiqidir və Gatlif musiqini hekayənin əsas ünsürünə çevirir. Kamerasını sabit bir anlatının hüdudlarından kənara daşıyan Gatlif üçün kino ekranda donub qalan bir hekayə deyil, daim hərəkətdə olan canlı bir orqanizmdir. Dünya kinosu təşkil olunmamış səyahətlərin, köksüzlüyün və mənsubiyyətsizliyin ən gur səsini onun coşqun və üsyankar ritmlərində tapır.
Roman mədəniyyətinin kinodakı səsi: Tony Gatlif
“Qara torpaq, açıl, məni də oğlumun yanına al! Həyatımı al! Çox uzun müddət yollarla getdim. Hətta xoşbəxt qaraçı insanlara da rast gəldim.”
Tony Gatlif 1948-ci ildə Əlcəzairdə dünyaya gəlib. Uşaqlığını yoxsulluq içində və islah müəssisələrində keçirdikdən sonra Fransaya köçüb. Həyatını köçərilərə, Roman mədəniyyətinə və əzilən azlıqlara həsr edən ustad rejissor 2 sentyabr 2026-cı ildə Fransada yeni bir tarixi film layihəsi üzərində çalışarkən keçirdiyi səhhət problemi səbəbindən 77 yaşında dünyasını dəyişib.
“Film haqqında düşünməyə başlayanda musiqini də düşünürəm. Musiqi filmin onurğa sütunudur. Ssenarini yazarkən və çəkiliş məkanlarını müəyyənləşdirərkən musiqini də eyni vaxtda qururam”, — deyən Gatlif üçün musiqi səhnəni müşayiət edən bir vasitə deyil, filmin birbaşa baş qəhrəmanı idi. Bəzən bir hayqırtı, bəzən isə bir sözə çevrilirdi.
Bu anlayışın ən konkret və möhtəşəm nümunəsi Roman musiqisinin Hindistandan Fransaya qədər uzanan çoxəsrlik köç yolunu həm ağı, həm də bayram ovqatında təqdim etdiyi “Latcho Drom” (1993) sənədli filmi oldu. Film yalnız bir mədəniyyəti tanıtmaqla kifayətlənmir, musiqinin coğrafi sərhədləri aşan bir müqavimət forması olduğunu da bəyan edirdi.
Dinləyicinin yaddaşına həkk olunan və demək olar ki, şah əsər hesab edilən “Vengo” (2000) filminin saundtrekində yer alan “Naci en Alamo” mahnısına Kudsi Ergunerin neyi ilə müşayiət etməsi onun Şərqlə Qərb, flamenko ilə ənənəvi melodiyalar arasında yaratdığı qüsursuz bağın göstəricisi idi.
Şərqdən Qərbə uzanan bu kədərli və üsyankar bağ 2017-ci ildə çəkilən “Djam” (Aman, həkim) filmində İstanbul küçələrinə və rebetiko musiqisinin ritmlərinə qədər gəlib çatdı. Türkiyədən Melike Şahin kimi güclü səslərin melodiyaları ilə zənginləşən bu film onun sərhədləri musiqi vasitəsilə aşmaq fəlsəfəsinin ən coşqun nümunələrindən biri kimi yaddaşlarda qaldı.
Rejissorun bədii yaradıcılığının şah əsəri hesab edilən “Gadjo Dilo” (Dəli yadelli – 1997) və “Swing” kimi filmlərində qaraçı musiqiçilərə geniş yer verməsi musiqinin gücü ilə mövcud stereotipləri və qərəzləri aradan qaldırmağa xidmət edirdi.
Köklərini kəşf etmək istəyən iki gəncin Fransadan Əlcəzairə səyahətindən bəhs edən “Exils” (Sürgünlər – 2004) filmi Gatlifə Kann Film Festivalında “Ən yaxşı rejissor” mükafatını qazandırdı. Baş rolunda Birol Ünelin də yer aldığı “Transylvania” isə yol və axtarış mövzuları ilə ön plana çıxırdı. Film 2006-cı il Kann Film Festivalının bağlanış filmi kimi kino tarixinə düşdü.
Gatlif üçün kino pasportların öz əhəmiyyətini itirdiyi, insanların yalnız ürəkləri və musiqiləri ilə danışa bildikləri, təşkil olunmamış bir azadlıq məkanı idi.
“Ədəbiyyat və incəsənət”
(07.09.2026)


