Macaulay Culkin — “Kevin” obrazının arxasındakı həyat Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Macaulay Carson Culkin 26 avqust 1980-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. O, aktyor və musiqiçi kimi tanınır və xüsusilə “Home Alone” (“Evdə tək”) filmindəki Kevin McCallister rolu ilə dünya şöhrəti qazanıb.

 

Culkin səhnəyə çox erkən yaşlarında çıxıb. Uşaqlıq illərində müxtəlif teatr tamaşalarında, reklam çarxlarında və televiziya layihələrində iştirak edib.

 Onun kino karyerasının ilk mühüm mərhələlərindən biri 1989-cu ildə “Uncle Buck” filmindəki rolu olub. Məhz bu film onun aktyor kimi diqqət çəkməsinə böyük təsir göstərib.

Culkinin həyatını dəyişən film isə 1990-cı ildə çəkilən “Home Alone” oldu. Filmdə o, ailəsi Milad tətilinə gedərkən təsadüfən evdə tək qalan Kevin McCallister adlı səkkiz yaşlı uşağı canlandırıb. Kevin evini iki oğrudan qorumaq üçün müxtəlif tələlər hazırlayıb və film bütün dünyada böyük uğur qazanıb. Bu rol Culkinin 1990-cı illərin ən məşhur uşaq aktyorlarından birinə çevrilməsinə səbəb olub.

1992-ci ildə “Home Alone 2: Lost in New York” filmində Kevin roluna yenidən qayıdıb. Bundan sonra onun uşaqlıq dövrünün ən diqqətçəkən filmləri arasında “My Girl” (1991), “The Good Son” (1993), “The Pagemaster” (1994) və “Richie Rich” (1994) yer alıb.

Culkin çox gənc yaşında inanılmaz dərəcədə məşhurlaşıb. Lakin uşaq yaşında əldə etdiyi şöhrət onun şəxsi həyatına da ciddi təsir göstərib. 1994-cü ildə “Richie Rich” filmindən sonra aktyorluğa fasilə verib. O, daha adi həyat yaşamaq və təhsilinə diqqət ayırmaq istəyib. Bir müddət ekranlardan uzaq qaldıqdan sonra 2000-ci illərin əvvəlində aktyorluğa qayıdıb.

Onun dönüşündə ən diqqətçəkən filmlərdən biri “Party Monster” (2003) olub. Bu layihədə Culkin uşaqlıq filmlərindəki sevimli və məsum obrazlarından tamamilə fərqli, daha qaranlıq xarakteri canlandırıb. Ardınca “Saved!” (2004) və başqa müstəqil layihələrdə rol alıb.

Culkin yalnız aktyorluqla kifayətlənməyib. 2013-cü ildə The Pizza Underground adlı komediya musiqi qrupunda fəaliyyət göstərib. Qrup The Velvet Underground mahnılarına pizza mövzusunda parodik yanaşmaları ilə tanınırdı. Qrup 2016-cı ildə fəaliyyətini dayandırıb. Culkin son illərdə yenidən kino və televiziya layihələrində daha fəal görünməyə başlayıb.

 2021-ci ildə “American Horror Story: Double Feature” serialında rol alıb. 2022-ci ildə “The Righteous Gemstones” serialında və “Entergalactic” animasiya layihəsində iştirak edib. 2023-cü ildə isə onun uşaqlıq şöhrətinin ən böyük simvollarından biri olan Hollywood Walk of Fame-də öz ulduzuna layiq görülüb. Mərasimdə “Home Alone” filmində onun anasını canlandıran Catherine O'Hara da iştirak edib.

2025-ci ildə Culkin “Zootopia 2” layihəsində səsləndirmə rolunda iştirak edib və eyni zamanda “Fallout” serialının ikinci mövsümünün aktyor heyətinə qoşulub.  Hazırda onun həyatında mühüm yer tutan şəxs aktrisa Brenda Songdur. Cütlüyün iki övladı var və onlar ailə həyatlarını mümkün qədər mediadan uzaq saxlamağa çalışırlar.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.