Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, get-gedə Sarayevo Film Festivalı öz nüfuzunu artırır, qitənin ən prestijli Kann, Venesiya və Belin kinofestivallarını haqlamağa çalışır. Bu da biz kinosevərləri fərəhləndirir. Daha çox nüfuzlu kinofestival və daha çox zövq, əyləncə. Üstəlik, ölkəmizin da uğur qazana bilməsi üçün daha çox şans.
32-ci Sarajevo Film Festivalında “Everytime” qalib gəldi. Yaradıcı heyət - Emily Watson, Diego Luna, Woody Harrelson və Asghar Farhadi “Sarayevo ürəyi”ni – festivalın baş mükafatını aldılar.
İndi də keçək təfərrüata.
Sarayevo avqustun 14-dən 21-dək yenidən dünya kinosunun diqqət mərkəzinə çevrildi. Şəhərin müharibənin izlərini hələ də daşıyan küçələrində keçirilən 32-ci Sarajevo Film Festivalı yalnız yeni filmlərin nümayiş olunduğu sənət tədbiri deyil, həm də Balkan kinosunun və dünya kino mədəniyyətinin mühüm görüş məkanı olduğunu bir daha nümayiş etdirdi.
Festivalın əsasmükafatı — “HeartofSarajevo” (“Sarayevo ürəyi”) — avstriyalı rejissorSandraWollnerin “Everytime” (tərcüməsi “hər dəfə” sözünə uyğun gəlir) filminə təqdimedildi. Avstriya-Almaniya müştərək istehsalı olan film ən yaxşı bədii film nominasiyasında qalib gəldi və 16 min avro məbləğində mükafat qazandı. Münsiflər qərarın yekdilliklə qəbul edildiyini açıqladılar.
Deməyin ki 16 min nə puldur. Əsas – qalibiyyətdir, tarixə düşməkdir.
Bir qədər tarixə rakurs edək. Sarayevo Film Festivalının özünəməxsusluğu onun tarixindən başlayır. Festival 1992–1995-ci illərdə Bosniya müharibəsi davam edərkən bir qrup kino həvəskarı tərəfindən yaradılıb. Şəhər mühasirədə olduğu bir vaxtda kinonun yaşadılması ideyası sonradan festivalın əsas mənəvi simvollarından birinə çevrildi.
Bu səbəbdən Sarayevoda film nümayişi adi kino nümayişindən daha artıq məna daşıyır. Burada kino həm sənətdir, həm yaddaşdır, həm də müharibədən sonra cəmiyyətin özünü yenidən qurmasının mədəni ifadəsidir.
Bu il festivalın açılışı Oskar mükafatlı polşalı rejissor Pawel Pawlikowskinin “Fatherland” filmi ilə baş tutdu. Film Pawlikowskinin Soyuq müharibə trilogiyasının son hissəsi kimi təqdim edildi. Rejissor filmin Sarayevo üçün xüsusilə uyğun olduğunu vurğulamışdı: əsərdə tarix, münaqişə və Avropanın yaxın keçmişi mühüm yer tutur.
Builki festivalın əsas müsabiqə proqramı kifayət qədər geniş idi. 51 film “Heart of Sarajevo” mükafatları uğrunda müxtəlif müsabiqələrdə yarışdı.
Bədii film müsabiqəsində doqquz film yer alırdı. Onların arasında Sandra Wollnerin “Everytime”, Ana Urushadzenin “Supporting Role”, Florin Şerbanın “You Don't Belong Here”, Visar Morinanın “Shame and Money”, Dina Dumanın “Skateboarding Is Not for Girls” və digər filmlər vardı.
Maraqlı məqamlardan biri də əsas bədii film müsabiqəsində doqquz filmdən altısının qadın rejissorlar tərəfindən çəkilməsi idi. Bu, festivalın region kinosunda qadın müəlliflərin rolunun artmasına verdiyi əhəmiyyəti də göstərirdi.
Sənədli film müsabiqəsində isə 305 təqdimat arasından 22 film seçilmişdi. Proqramda dünya, beynəlxalq və regional premyeralar yer alırdı.
Əsas qalib: “Everytime”
Festivalın əsas qalibi Sandra Wollnerin “Everytime” filmi oldu.
Avstriya-Almaniya istehsalı olan 121 dəqiqəlik film “Heart of Sarajevo”nun ən böyük mükafatını qazandı. Münsiflər filmin poetik və qeyri-adi kino dilini xüsusi qiymətləndiriblər.
Rejissor Sandra Wollner Avropa art-haus kinosunun diqqət çəkən müəlliflərindən biridir. “Everytime”in Sarayevoda qələbəsi filmin bundan əvvəl də beynəlxalq festivallarda əldə etdiyi uğurları davam etdirdi.
Ən yaxşı rejissor – Ana Urushadze
Ən yaxşı rejissor mükafatı bizləri daha çox ilgiləndirəcək. Çünki 3 ölkənin istehsalı olan bir filmin ölkələrindən ikisi – Gürcüstan və Türkiyə bizim qonşularımızdır (qonşumuz olmayansa Estoniyadır). Həmin o film “Supporting Role” adlanır və filminin müəllifi gürcü Ana xanım Urushadzeyə adını tarixə yazdırdı. Münsiflər onun gündəlik həyatla yuxu atmosferini birləşdirən qeyri-adi kino dilini və həyatla kino arasındakı münasibətə maraqlı yanaşmasını yüksək qiymətləndirdilər. Urushadze 10 min avro məbləğində mükafat aldı.
Ən yaxşı aktrisa
Festivalın ən yaddaqalan nəticələrindən biri aktrisa Eva Kostićin uğuru oldu. Şimali Makedoniya, Serbiya və Sloveniya istehsalı olan “17” filmindəki roluna görə 17 yaşlı Kostić ən yaxşı aktrisa seçildi.
Münsiflər onun ifasını cəsarətli, emosional və güclü aktyor debütü kimi qiymətləndirdilər. Bu mükafat festivalın yeni nəsil aktyorların üzə çıxarılmasına verdiyi əhəmiyyəti də göstərir.
Ən yaxşı aktyor
Ən yaxşı aktyor mükafatını isə Rumıniya istehsalı “You Don't Belong Here” filmindəki roluna görə Adrian Văncică qazandı.
Ən yaxşı sənədli film
Sənədli film müsabiqəsində əsas “Sarayevo ürəyi” Biljana Tutorov və Petar Glomazićin “To Hold a Mountain” (“Planina”) filminə verildi.
Serbiya, Fransa, Monteneqro, Sloveniya və Xorvatiyanın birgə istehsalı olan film dağda yox olmaq təhlükəsi ilə üzləşən həyat tərzini və iki qadının bu mübarizəsini izləyir.
Film eyni zamanda Oskar mükafatına uyğunluq qazandıran Sarajevo Film Festivalı mükafatlarından birini əldə etdi.
Festivalın ən dramatik sənədli filmlərindən biri Helena Maksyomun “Don't Ask Me If I Killed” əsəri idi. Rumıniya, Niderland, Almaniya və Ukraynanın birgə istehsalı olan filmə xüsusi qeyd verildi. Filmin müəllifi həm rejissor, həm də əsgərdir və əsər Donetskdə cəbhə həyatını kino dili ilə təqdim edir.
Münsiflər filmin müharibə reallığını insan taleyi üzərindən göstərməsini və gündəlik cəbhə həyatını güclü kino təcrübəsinə çevirməsini xüsusi vurğuladılar.
Beləliklə, Sarayevo Film Festivalının proqramında müharibə mövzusu yalnız Balkanların keçmişi ilə məhdudlaşmadı; müasir Avropanın ən ağır münaqişələrindən biri də sənədli kino vasitəsilə festival ekranlarına gətirildi.
“Sarayevo ürəyi” dünya ulduzlarına
32-ci festivalın ən çox diqqət çəkən tərəflərindən biri fəxri mükafatların dünya kinosunun müxtəlif nəsillərini və coğrafiyalarını bir araya gətirməsi oldu.
Emily Watson, Diego Luna, Woody Harrelson, Asghar Farhadi və Emir Hadžihafizbegović “Honorary Heart of Sarajevo” — fəxri “Sarayevo ürəyi” mükafatına layiq görüldülər.
Britaniyalı aktrisa Emily Watson həm fəxri mükafat aldı, həm də festivalın əsas bədii film müsabiqəsinin münsiflər heyətinə rəhbərlik etdi.
Münsiflər heyətində onunla birlikdə xorvat rejissor Igor Bezinović, Şimali Makedoniyadan aktrisa Sara Klimoska, Avropa Film Akademiyasının rəhbəri Matthijs Wouter Knol və yunan rejissor Athina Rachel Tsangari yer alırdı.
Diego Luna: Meksikadan Sarayevoya
Meksikalı aktyor, rejissor və prodüser Diego Luna da festivalın fəxri qonaqlarından biri idi. Luna dünya tamaşaçısına həm kino, həm televiziya, həm də teatr fəaliyyəti ilə tanınır. O, festivalda özünün Kann Film Festivalında premyerası keçirilmiş yeni rejissor işi “Ashes” filmini təqdim etdi və ustad dərsi keçdi.
Onun Sarayevoya gəlməsi festivalın yalnız Avropa kinosu ilə məhdudlaşmadığını, Latın Amerikası və dünya kinosu ilə əlaqələrinin də genişləndiyini göstərdi.
Əsgər Farhadiyə xüsusi ehtiram
İran kinosunun ən məşhur rejissorlarından biri Asghar Farhadi üçün festivalda xüsusi retrospektiv proqram təşkil edildi. İki dəfə “Oskar” mükafatına layiq görülmüş Farhadi Sarayevo Film Festivalının artıq tanış simasıdır: o, 2018-ci ildə festivalın bədii film müsabiqəsinin münsiflər heyətinə rəhbərlik etmişdi. Bu dəfə isə onun yaradıcılığı “Tribute To” proqramında geniş retrospektivlə təqdim edildi və rejissor fəxri “Sarayevo ürəyi” ilə təltif olundu.
Woody Harrelson və Sarayevoda kino söhbəti
Amerikalı aktyor Woody Harrelson da festivalın fəxri qonaqları arasında idi. O, Sarayevoda ustad dərsi keçərək uzun illik kino karyerasından danışdı.
Harrelsonun festivaldakı çıxışı yalnız filmlərinin müzakirəsi ilə məhdudlaşmadı. Aktyor karyerasının müxtəlif mərhələlərini, Hollivuddakı seçimlərini və sənət həyatında qarşılaşdığı mühüm qərarları tamaşaçılarla bölüşdü.
Festivalın ən simvolik finalı
32-ci Sarajevo Film Festivalının bağlanışı da onun tarixi missiyasına uyğun seçilmişdi.
Festivalın film proqramı Danis Tanovićin Oskar mükafatlı “No Man’s Land” filminin bərpa olunmuş versiyasının nümayişi ilə başa çatdı.
Bu seçim təsadüfi deyildi.
“No Man’s Land” Balkan müharibəsinin absurdluğunu və insan faciəsini dünya kinosunun yaddaşına həkk etmiş filmlərdən biridir. Filmin Sarayevoda festivalın sonunda yenidən nümayiş etdirilməsi həm Bosniyanın kino tarixinin, həm də festivalın yarandığı tarixi şəraitin simvolik xatırlanması idi.
Sarayevo niyə bu qədər önəmlidir?
32-ci Sarajevo Film Festivalının nəticələri göstərir ki, Sarayevo artıq sadəcə regional kino festivalı deyil.
Onun əsas gücü Şərqi və Cənub-Şərqi Avropa kinosunu dünya kino sənayesi ilə birləşdirən körpü olmasındadır. Burada gənc rejissorlarla dünya şöhrətli aktyorlar, tələbə filmləri ilə Oskar mükafatlı əsərlər, Balkanların keçmişi ilə müasir dünyanın problemləri eyni proqramda görüşür.
Festivalın 2026-cı il proqramında 51 müsabiqə filmi, çoxsaylı dünya və regional premyeraları, sənədli filmləri və tələbə işlərini bir araya gətirməsi də bunu təsdiqləyir.
Sarayevo Film Festivalının əsas mesajı isə bəlkə də bütün bu rəqəmlərdən daha sadədir: müharibənin dağıtdığı şəhərdə kino yaşamağa davam etdi və illər sonra həmin şəhər dünyanın ən mühüm kino görüşlərindən birinin ünvanına çevrildi.
Bu baxımdan 32-ci Sarajevo Film Festivalının əsas qalibi təkcə “Everytime” deyil. Əsl qalib Sarayevonun özüdür — yaddaşını itirmədən sənəti gələcəyə daşıyan şəhər.
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)


