Teatrımızın ilk milli peşəkar aktrisalarından biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

19-cu əsrin sonları. Azərbaycan teatrının təşəkkül tapmağa başladığı zamanlar. O dövrdə dünyaya gələn əksər uşaq üçün teatr sirli-sehirli bir aləm idi və hamısının ən gizli arzusu burada təmsil olunmaq idi. Elə balaca Əzizənin də...

 

Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım Məmmədova 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdülbağı Zülalov dövrünün tanınmış xanəndəsi olub. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib.

1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər.

Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər.

 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb və 1930-cu illərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ Teatrı) oynayıb.

Bakı Türk İşçi Teatrında Anatoli Qlebovun "İncə" (Zeynəb Əkrəmzadə), Hacıbaba Nəzərli və Süleyman Rüstəmin "Yanğın" (İncə qarı), Süleyman Rüstəmin "Qana qan" (Səkinə), Vladimir Kirşonun "Küləklər şəhəri" (Qadın) tamaşalarında oynayıb.

Akademik Milli Dram Teatrında oynadığı əsas rollar bunlardır: Tükəzban ("Vaqif", Səməd Vurğun), Sonanın anası, Pəri xanım ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Cəfər Cabbarlının dramlarında Gülsüm ("1905-ci ildə"), Fatmanisə və Xanımnaz ("Almaz"), Şərəbanı ("Yaşar"), Gülgəz ("Oqtay Eloğlu"); Güllü ("Qardaşlar", Rəsul Rza), Sədaqət xala ("Yadigar", İslam Səfərli) filmlərində müxtəlif epizod rollara çəkilib.

Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib.

 

Filmoqrafiya

- Abbas Mirzə Şərifzadə

- Ağasadıq Gəraybəyli

- Almaz - rol: Telli

- Bakının işıqları

- Bir məhəllədən iki nəfər

- Dəcəl dəstə - Yusufin anası

- Əsl dost

- Görüş

- Hacı Qara

- İsmət

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Şərəf nişanı" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.