Abbas Kiarostami: Səssizliyin içində yazılmış bir film Featured

MeltemDemirkıran, Türkiyə.

Dilimizə uyğunlaşdıran: Rəqsanə Babayeva.

“Ədəbiyyat və incəsənət”

 

Bəzi rejissorlar hekayə danışır, bəziləri isə tamaşaçını həmin hekayənin içinə dəvət edir. Abbas Kiarostami ikinci qrupa aiddir. Onun kinosunda cavablardan daha çox suallar, hadisələrdən daha çox anlar, dialoqlardan daha çox isə sükut danışır. Elə buna görə də Kiarostamini yalnız rejissor kimi təqdim etmək kifayət etmir. O, eyni zamanda ssenarist, fotoqraf, şair və kinonun sərhədlərini yenidən düşünən çoxşaxəli bir sənətkardır.

 

Kiarostaminin filmlərində adi görünən hadisələr zaman keçdikcə poetik bir nəqlə çevrilir. Bir uşağın dəftərini sahibinə çatdırmaq cəhdi, avtomobildə keçən bir yolçuluq, bir gəncin ümidsiz sevgisi və ya küləyin müşayiət etdiyi səssiz gözlənti... Gündəlik həyatın kiçik detalları kimi görünən bu anlar, Kiarostaminin kamerasında insan ruhuna toxunan ümumbəşəri hekayələrə çevrilir. O, böyük dramlar yaratmaq əvəzinə, həyatın onsuz da içində mövcud olan duyğunu görünən edir.

Bu poetiklik təsadüfi deyil. Kiarostami xüsusilə klassik İran poeziyasından və müasir şairlərin misralarından ilham alan sənətkardır. Şeirin yaratdığı boşluqları kinoya daşıyır, hər şeyi izah etmək əvəzinə tamaşaçının təxəyyülünə geniş bir meydan açır. Buna görə də onun filmlərini izləyərkən yalnız görüntülərə deyil, görüntülərin arasındakı sükuta da qulaq vermək lazımdır. Onun kinosunda deyilməyənlər çox vaxt deyilənlərdən daha güclü təsir bağışlayır.

Kiarostaminin kamera dili də bu baxışın davamıdır. Uzun planlar, təbii işıq, peşəkar olmayan aktyorlar, sadə kadr quruluşu və real məkanlar sayəsində o, həyatın axarına müdaxilə etmir. Kamera həyatı idarə edən deyil, ona şahidlik edən bir göz kimidir. Bu yanaşma tamaşaçını passiv izləyici olmaqdan çıxarır, mənanı tamamlayan yol yoldaşına çevirir.

Onun əsərlərində təbiət sadəcə fon deyil. Yol, ağac, külək, torpaq və üfüq xətti obrazların duyğularını tamamlayan səssiz nəqlçilərdir. İnsanla təbiət arasındakı münasibət Kiarostami kinosunda sözlərdən daha qüvvətli bir bağ yaradır. Bəlkə də elə buna görə onun filmləri illər keçsə də köhnəlmir. Çünki o, insanın ən fundamental duyğularını sadə, lakin dərin bir dillə ifadə edir.

Abbas Kiarostaminin ən böyük uğuru kinonu təmtəraqlı texniki vasitələrdən uzaqlaşdıraraq onun mahiyyətinə qaytarmasıdır. O, sübut etdi ki, kino yalnız izlənilən bir sənət deyil, həm də hiss edilən, üzərində düşünülən və tamaşaçı tərəfindən tamamlanan bir təcrübədir. Bu gün dünyanın bir çox rejissoru onun estetik baxışından ilham almaqda davam edir. Lakin Kiarostaminin əsl irsi istifadə etdiyi kamera bucaqları və ya planlar deyil, həyatın ən adi anlarında belə poeziyanı görə bilmək cəsarətidir.

Bəlkə də elə buna görə Abbas Kiarostaminin filmləri başa çatanda hekayə də bitmir. Əsl film salonun işıqları yandıqdan sonra tamaşaçının düşüncəsində yenidən başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.