O, qapını çırpmadan getməyi bacarır Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Akademik Milli Dram Teatrının rəhbərliyindən getdi, amma sənətdən getmədi. O teatrı dərindən bilən rejissordur.

 

Mehriban Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas təhsilini rejissor Mehdi Məmmədovun və Elmira Şabanovanın kursunda alıb.

Hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Vilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1988-ci il iyunun 11-də diplom müdafiəsi kimi Akademik Milli Dram Teatrının Kiçik səhnəsində J.P.Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb.

1988-ci ildə təhsilini başa vuraraq təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990) pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.

1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən həmin teatrda quruluşçu rejissordur. Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb. Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.

 

"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.

AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017–2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022–2023-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. 2023-2026-cı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsində fəaliyyət göstərib.

 “Bədii rəhbər” vəzifəsi ləğv olunduğu üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsindən 2026-cı il yanvar ayında azad edilib. Hazırda quruluşçu rejissor kimi fəaliyyəti davam edir. Həmçinin 2026 ci ilin 4 fevralından Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bədii rəhbəri kimi də fəaliyyət göstərir.

2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adını alıb. 12 dəfə Prezident Mükafatına layiq görülüb. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.

27 may 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub. 2024-cü ilin iyulunda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.

 

Tamaşaya qoyduğu əsərlər

"Akademik Milli Dram Teatrı"

- "Dəfn edilməmiş ölülər" (Jan Pol Sartr) (1988)

- "İnsan səsi" (Jan Kokto) (1989)

- "Min illərin işığı" (Kamil Abdullayev)

- "Müəmmalı bir qətlin üç versiyası" (Rünoske Akutaqava)

- "Poçt şöbəsində xəyal" (Elçin)

- "Afət" (Hüseyn Cavid)

 

Lənkəran Dövlət Dram Teatrı

- "Sənsiz" (Şıxəli Qurbanov) (1989)

- "Yağışdan sonra" (Bəxtiyar Vahabzadə) (1989)

- "Çarəsiz sərnişinlər" (Stanislav Stratiyev) (1990)

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

- "Nuri-Didə Ceyhun" (Əli Əmirli) (2018)

 

Azərbaycan Dövlət Yuğ Teatrı

- "Müəmmalı bir qətl" (Rünoske Akutaqava) 2018 ci il

- "Mənəm…mən" (Nəsimi) İ. Fəhmi 2019 cu il

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

- "Cəza" (T. Vəliyeva) 2017

- "Kod adı: VXA"(M. Ələkbərzadə) 2022

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.