Onun potensialından kifayət qədər istifadə edilmədi... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları "Qayınana" filmindən Sevda kimi tanıyır. Cənnət xalanın gəlini, diş həkimi Sevda. O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilib. Özü də bu rolunu çox sevib. Bəzən bütün ömür bir rola sığışır aktrisa üçün...

 

Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb. M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrənib. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başlayıb.

 Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar ifa edib. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bilib.

Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacarıb. Tanilə Əhmədova qeyd etdiyimiz "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə elə bir portret yaradıb ki xalqın sevimlisinə çevrilib.

Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunku gətirməyib. Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmayıb. Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər.

 

Filmoqrafiya

- Arşınmalçı - Alverçi

- Evlənmək istəyirəm - Epizodik rol

- Əlavə iz - Bağırova

- İlıq dənizdə buz parçası - Gəlin

- İşarəni dənizdən gözləyin - Qadın

- Qayınana - Sevda

- Qəribə adam - Aytən

- Sevinc buxtası - Leyla

- Səndən xəbərsiz - Sərvinaz

- Şir evdən getdi - Şəfiqə müəllimə

- Təhminə - Ad günündəki qonaq

- Tələ - Rübabə Babayeva

 

Mükafatları

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı ilə təltif olunub.

 

Ömrü boyu kinoda yeni filmlərə çəkiləcəyini gözləyən aktrisa 1990-cı ildən sonra xəyal qırıqlığına uğrayıb, depressiyaya məruz qalıb və sonuncu dəfə 1993-cü ildə “Təhminə” filmində epizodik rola çəkilərək sənətdən uzaqlaşıb. Filmlərə çəkilməmək aktrisanın maddi durumuna da pis təsir edib. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb, heç kəslə görüşməyib.

2014-cü ildə mətbuat Tanilə Əhmərovanın baxımsızlıqdan əziyyət çəkdiyini yazırdı.

Hələ o zaman 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etmədiyini bildirirdi. Səhhəti gün-gündən pisləşən aktrisa 2015-ci ilin yanvarında ikinci dəfə insult keçirir. Həmin vaxtlar həmkarları sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda Tanilə Əhmərovanın vəziyyətinin ağır olduğunu, yeriyə bilmədiyini bildirir, müvafiq qurumları ona kömək etməyə çağırırdılar. Amma bu çağırışlara səs verən olmur.

Özünə qarşı bu biganəlik onu hamıdan üz döndərməyə məcbur edib. Qapısını nəinki həmkarlarının, hətta jurnalistlərin də üzünə bağlayıb. Mətbuata müsahibə verməyib. Ölüm gününədək heç kimlə görüşmək istəməyib.

Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat edib.

Tanilə Əhmərova ilə birlikdə “Qayınana” filmində oynamış Xalq artisti, mərhum Fuad Poladov deyir:

 “Tanilə Əhmərova həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Xatirimdə çox yaraşıqlı, həlim bir xanım kimi qalıb. Çox gözəl aktrisa, özünəməxsus rolların ifaçısı idi. Bunlardan biri də “Qayınana” filmindəki Sevda roludur. Filmdəki rolu həyatdakı obrazına çox uyğun gəlirdi. Azərbaycan kinosunda öz imzasını qoydu Tanilə xanım. Uzun müddət xəstə yatdı. Mən də bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir. Dünən vəfat etdiyini eşidəndə çox pis təsir etdi mənə”.

Bu isə Xalq artisti İlham Namiq Kamalın dedikləridir:

 “Tanilə xanım çox bacarıqlı, istedadlı aktrisa idi. Təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Onun kinodan kənar düşməsinin günahkarı sözsüz ki, rejissorlardır. Tanilə Əhmərovanın kinodan kənar düşməsi ilə Azərbaycan filmləri bir çox maraqlı obrazlar itirib”.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.