Balaca qızların böyük qənimləri Featured

Leyla Səfərova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Salamlar dəyərli oxucular. Bugün həm öz həyatımdan danışmaq, həm də yeni kəşf etdiyim, özü köhnə bir filmi sizlərə duyurmaq istədim.

 

Mən bakılı olmasam da, Bakı şəhərinin kəndlərindən birində doğulub böyümüşəm. Bizim evdə mənim balacalığımdan etibarən hansı universiteti qazanacağımın xəyalları qurulub, hədəf - dərslərimdən heç birinin 5-dən aşağı olmaması olub mənim üçün. Mən başqa həyatlar da olduğunu ilk dəfə 5-ci sinfə keçəndə öyrəndim. Sinif yoldaşlarımın sentyabrda ilk dərsə gəlməməsi, müəllimlərin öz aralarında pıçıldaşması zamanı. Balaca qızların təhsili başa çatmışdı. Adını yazmağı bilməsi, rəqəmləri sayması kifayət idi “ərə getməsi” üçün. Müəllimlər yalvar-yaxar ailəsini razılaşdırıb həmin balaca qızlardan birini məktəbə geri qaytarmışdılar, digərindən isə heç kim bir xəbər ala bilmədi.

Hazırda artıq bu hadisələr tədricən azalıb, ya da gözümüz görmür deyə azaldığını zənn edirik. Lakin hələ də tam mənada bitmiş deyil. Mənim yaradıcılığımın böyük qisminin qadınlara, uşaqlara qarşı zorakılıqlara həsr olunduğunu çox adam bilir artıq. Kiminə görə abardıram, kiminə görə çox diqqətliyəm, bilmirəm. Bəzən elə düşünürəm ki, Allah elə məhz bunun üçün göndərib dünyaya məni. Bəlkə sizə gülməli gələcək amma, mən bu haqda danışmasam, qadın hüquqlarını vurğulamasam, uşaqları qorumasam sanki mənə Allah tərəfindən verilən bir vəzifədən imtina edəcəkmişəm kimi hiss edirəm özümü bəzən. Sanki rəbbimiz səs olum deyə verdi mənə danışma, yazma qabiliyyətini və mən də son nəfəsimə, son səsimə qədər danışmağa davam etməliymişəm.

 

Bugün bir film izlədim. “Halam geldi”.

Mövzusunu tam detallı danışıb həyəcanını qaçırtmaq istəmirəm, amma film cahil bir kütlənin qız uşaqları üzərindəki hegemonluğundan, məhv edilmiş həyatlardan bəhs edir. Kimiləri baş qaldırır, qarşı çıxır, kimiləri qismətinə boyun əyir, amma sonda yenə məğlub balacalar, körpələr olur, özlərini qorumağa gücləri yetmir. Balaca qızlar ilk gəncliyə addım atdıqları gün öz qohumları ilə zoraki “dini nigahla” evləndirilir, hamilə buraxılır, gözünü açmağa belə imkam vermədən təhsildən yayındırılır. Film baş qəhrəmanın bu gedişatı dəyişdirmə çabası ilə bağlıdır. Bacarıb bacarmadığını filmə baxsanız öyrənə bilərsiniz:) Sadəcə bunun üçün yox, maariflənmək üçün də baxmalısınız fikrimcə.

Hazırda dünyanın çox yerində qız uşaqları üçün təhsil ocaqları var. Amma olmayan yerlər də az deyil. Məsələn, bilirdiniz ki, Əfqanıstanda qadınların bütün təhsil hüquqları əllərindən alınıb? Eyni zamanda yaşama hüquqları da, çünki heç bir qadının nə oxuma nə işləmə haqqı olduğundan, qadınları yoxlanış edə biləcək xanım həkimlər yoxdur.

Pakistanda qanunən qadın hüquqları tanınsa da, hələ də nigah və “namus” zorakılıqları davam edir.

Və daha neçə belə ölkələr… Heç birimiz təkbaşına nəyisə dəyişdirməyə qadir deyilik, amma bir olsaq, birlik olsaq övladlarımıza təmiz, sağlam bir gələcək verə bilərik bəlkə. Tək təmənnam budur…

Sağlıcaqla qalın. Xoş seyirlər…

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.