Mir Cəlalın "Dirilən adam" romanı əsasında qoyduğu tamaşa ona uğur gətirdi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında danışdığımız rejissor 1979–80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. Qırx ildir ki, teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışıb. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib.

Kim?

Əlbəttə ki Oruc İzzətoğlu - Oruc Qurbanov.

 

Oruc Qurbanov 24 iyul 1949-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Atası Qurbanov İzzət Nüsrət oğlu 1954-cü ildə "Paris kommunası" zavodunda iş vaxtı faciəvi surətdə həlak olub. İzzətoğlu orta təhsilini 8 saylı internat məktəbində alıb. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" ixtisası üzrə təhsil alıb.

Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub. Ailəlidir, dörd uşağı var. Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib.

On iki cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Qafqaz Müsəlmanlar İdarəsi Elmi-dini şurasında müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb.

2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın "Dirilən adam" romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu tamaşa ilin ən uğurlu tamaşası və Oruc İzzətoğlu ilin ən yaxşı rejissoru kimi "Qızıl Dərviş" mükafatına layiq görülub.

2007-ci ildə Musiqili Komediya Teatrında Ə. Əmirlinin "Yeddi məhbusə anası" tamaşasına quruluş verib. 2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin "Geriyə baxma, qoca" romanı əsasında yazıçı Elçinlə birgə Qarabağ tarixinə həsr edilmiş eyniadlı dram əsərini başa çatdırıb .

 Akademik Milli Dram Teatrında İzzətoğlunun quruluşunda tamaşaya qoyulması nəzərdə tutulub. Molla Nəsrəddinin 800 illiyi münasibətilə "Molla Nəsrəddinin Teymurləngi ram etməsi" kino-ramanını və teatr üçün eyni adlı xalq məzhəkəsini yazıb.

Musiqili Komediya Teatrının dəvəti ilə 2007-ci ildə C. Quliyev, Ə. Əmirlinin "Yeddi məhbusə anası", 2009-cu ildə müəllifi olduğu "Diqqət! Şəhərdə manyak var!" liberettosuna quruluş verib. Son ədəbi işi "Ağa Məhəmməd şah Qacar" kinoromanıdır. 2002-ci ildə H. Əliyevin fərmanı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb. 2017-ci ildə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

 

Teatr yaradıcılığı

- M. F. Axundov "Hacı Qara" (rejissor və rəssam) Tədris teatrı

- J. B. Molyer "Skapenin kələkləri" (rejissor və rəssam) Tədris teatrı

- C. Cabbarlı "Solğun çiçəklər" (rejissor və rəssam) Tədris teatrı

- S. M. Qənizadə "Xor-xor" (rejissor) Lənkəran Dram teatrı

- A. P. Çexov "Yubiley" (rejissor) Lənkəran Dram teatrı

- A. P. Çexov "Elçilk" (rejissor) Lənkəran Dram teatrı

 

Kino yaradıcılığı

1. "Haray" tammetrajlı bədii film (ideya müəllifi və rejissor) Kinostudiya 1994

2. "Haqqa doğru" sənədli-bədii film (rejissor) "Günay RTV" 1995

 

Televiziya tamaşaları

- H. Cavid "Afət" (rejissor) Azərbaycan televiziyasında

- C. Cabbarlı "Oqtay Eloğlu" (rejissor)

- Elçin "Dəyişmə" (ssenari müəllifi və rejissor)

 

Radio tamaşalar

1. Əzizə Türkan "Pəncərədə işıq" (ssenari müəllifi və rejissor)

2. Maks Friş "Rip van Vinkl" (tərcüməçi, ssenari müəllifi və rejissor)

3. Prosper Merime "Karmen" (tərcüməçi, ssenari müəllifi və rejissor)

 

Romanlar

- "Nuh Peyğəmbər" roman-əsatir. (2003-cü ildə çap olunub)

- "Xudayarnamə" satirik roman (birinci kitab)

- "Xudayarnamə" satirik roman (iknci kitab)

- "Molla Nəsrəddinin Teymurləngi ram etməsi"

- "Əlvida deməyə tələsmə" avtobioqrafik roman

- "Ağa Məhəmməd şah Qacar" kinoroman

 

Povestlər

1. "Ölülər"

2. "Ölümlə rəqs" ("Azərbaycan" jurnalında çap olunub).

3. "Çarəsız oğru"

4. "Millət atası" Sənədli povest (Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsinə). "Günay" qəzetində azərbaycan və rus dilində çap olunub.

 

Hekayələr

- "Əlifba" ("Ulduz" jurnalında çap olunub).

- "Ana dili"

 

Dram əsərləri

1. "Peyğəmbər" iki hissəli xalq faciəsi

2. " Əzabkeş Zeynəb" iki hissəli faciə (Zaman dini teatrında tamaşaya qoyulub).

3. " VII İmam Museyi-Kazım" iki hissəli faciə

4. "Həzrət Əlinin qətli" iki hissəli faciə

 

Ədib 23 dekabr 2022-ci ildə 73 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.