1919-cu ildə yenicə yaranmış Hökumət Teatrosuna işə düzəlir… Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Nəriman ata" pyesini tamaşaya Bakıdan dəvət olunmuş rejissor Tofiq Kazımov hazırlayır. İlk tamaşa 4 fevral 1967-ci ildə göstərilir. Cahangir bəy rolu İsmayıl Talıblının son səhnə obrazı olur. Xəstəliklə əlaqədar may ayından daha səhnəyə çıxmır...

 

Azərbaycan SSR xalq artisti İsmayıl Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib.

 

1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.

 

Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona birbirinin ardınca sanballı rollar tapşırılıb.

 

Aktyor yeni sənət ocağında Luis Sinkierin "Yüz faiz" (Mak Qurmik), Aleksey Tolstoyun romanı əsasında "Roma-novların son günləri" (Dmitri Pavloviç və General Alekseyev), Vasili Şkvarkinin "Casus" (Stradvorski), Vladimir Marqaretin "Fahişə" (Dormua), Cəlil Məmmədquluzadənin "Anamın kita-bı" (Mirzə Məhəmmədəli), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" (Hatəmxan ağa), Viktor Hüqonun "Notrdam kilsəsi" (Qvazimoda), Jan Batist Molyerdən təbdil olan "Cancur Səməd" (Nüsxəbənd Abbasəli), Cəfər Cabbarlının "Sevil" (Atakişi) pyeslərinin tamaşalarında maraqlı rollarda çıxış edib. İsmayıl Talıblı Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb.

 

Onların daha sanballıları və yaradıcılıq baxımından daha zənginləri bunlardır:

1. Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)

2. Jorj Danden ("Jorj Danden", Jan Batist Molyer)

3. Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə)

4. Yaqo ("Otello", Vilyam Şekspir)

5. Səttarxan ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi)

6. Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim xan, İmamyar, Balaxan ("Sevil", "Od gəlini", "A1maz", "Nəsrəddin şah", "Yaşar" və "Aydın", Cəfər Cabbarlı)

7. Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol)

8. Azər baba, İbrahim xan ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun)

9. Süleyman ("Həyat", Mirzə İbrahimov)

 

Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə görürük ki, onun ifasında realist obrazlar daha çoxdur. Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb.

 

Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi "Onu bağışlamaq olarını?" filmində Mirzə Veysəl roludur. Teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərib. Neçə-neçə istedadlı gənc onun qayğıneşliyi ilə həvəskarlıqdan peşəkar səhnəyə ayaq açıb.

 

Filmoqrafiya

- Onu bağışlamaq olarmı?

- Telefonçu qız

 

Məşhur aktyor sənətdəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti və xalq artisti  fəxri adları ilə təltif olunub. İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib və oradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb. Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.