"215 KL"in, “Spase”nin yaradıcısı, gözəl sənədli filmlərin müəllifi Nicat Əliyev

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında danışacağım rejissor televiziya tariximizdə iz qoyubdur. Əlbəttə ki. Bu, az iş deyil.

Söhbət Nicat Əliyevdən gedir.

 

Rejissor Nicat Əliyev 15 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib. 17 yaşından AzTV-də rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə N. K Çerkasov adına Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) daxil olub.

Televiziya rejissoru ixtisası üzrə məzun olduqdan sonra AzTV-də rejissor vəzifəsində çalışmağa davam edib. 1991-ci ildə respublikamızda ilk müstəqil studiyalardan sayılan "215 KL" eksperimental studiyasının rəhbəri olub. 1997-ci ildə "SPACE" Müstəqil Televiziya kanalının yaradılmasında iştirak edib və həmin kanalda efir direktoru vəzifəsində çalışıb.

Azərbaycan Televiziyasının Amerika bürosunun rəhbəri olub. "Xəbərlər" informasiya proqramı üçün həm Şimali, həm də Cənubi Amerikadan siyasi xəbərlər, soydaşlarımızın fəaliyyəti və okeanın o tayında yaşayan müxtəlif xalqların mədəniyyəti haqqında süjetlər hazırlayıb.

2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

 

Filmoqrafiya

1. Bir dəfə görmək… - Sənədli etnoqrafik televiziya filmində qədim Naxçıvan, Qarabağ, Kəlbəcər və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri təqdim edilir.

2. Təkəlduz — Film Azərbaycanda geniş yayılmış bədii tikmə sənəti növü olan təkəlduz haqqındadır.

3. Armudu - Azərbaycan xalqının hər gün məişətdə istifadə etdiyi armudu stəkan haqqındadır.

4. Həvəskarlar və ya peşəkarlar - Film Azərbaycan futboluna həsr olunmuşdur.

5. Sabaha hava haqqında məlumat − Gürcüstanda təbii fəlakət zamanı insan həyatlarını xilas edərkən qəhrəmancasına həlak olmuş azərbaycanlı əsgər haqqındadır.

6. Maestro — Azərbaycan Dövlət filarmoniyasının işçisi, çəkməçi Əli haqqındadır.

7. Yubiley - Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadənin baş tutmayan yubileyinə həsr olunmuş bu filmdə sənətkarın həyatının tamaşaçılara məlum olmayan dramatik məqamları öz əksini tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.