“Biri ikisində” Təranə Vahid Ramiz Həsənoğlu barədə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Təranə Vahidin Ramiz Həsənoğlu yaradıcılığı barədə qeydləri təqdim edilir.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

Təranə VAHİD

“GÜNAHSIZ ABDULLA”, 62 DƏQİQƏLİK ŞEDEVR VƏ 42 İL

 

“Bu tamaşa bir teleağı idi bütün dünyanın günahsız bəndələrindən ötrü...”

                                                                                      Aydın Talıbzadə

 

...1984-cü il...  Mart ayının sonuncu səhəri...  Ucqar dağ kəndində çiskinli  havadır. Adamların ovqatı  onsuz da dünəndən korlanıb, “Günhasız Abdulla”ya baxandan...

Uzaq Borçalı mahalının Sarvan qəzasında iynənin ucu boyda  günahı olmayan Abdullaya  haqsızlıq olunub.  Adam gözgörəti şərə düşüb.  Bütün KƏND Abdullanın müsibətindən danışır...

İllər sonra bu tamaşaya təkrar-təkrar baxıb məğzini anladıqca, bu təkrarsız teletamaşanın uğurunun səbəbini, köklərini aradıqca tanınmış   teatrşünas  Aydın Talıbzadənin “Ustad və ayna” kitabından ““Günhasız Abdulla”nın qapalı orbiti”nə boylanıram. Mənə elə gəlir ki, heç kim bu tamaşanı Aydın Talıbzadə qədər uğurlu təhlil etməyib, qaranlıqdakı gizlinlərin üstünə belə gur işıq salmayıb,  günah və günahsızlığı sənətşünaslıq süzgəcindən belə məharətlə keçirməyib. Nəhayətdə, bu tamaşanın tərifini verib: “Azərbaycan teleteatrı üçün 62 dəqiqəlik ŞEDEVR”.

Şedevr hələm-hələm yaranmır, bu sənət əsərinin təməlini gürcü yazıçısı   Mixail Cavaxaşvili qoyub.   Unikal rejissor  Ramiz Həsənoğlu bu əsəri oxuyandan sonra istedadlı insanları ətrafına toplayaraq  kefi istəyən bir teletamaşa hazırlayıb. Nəticədə bu tamaşa  42 ildir insanları gizlində və aşkarda göz yaşına boğur...

İllər sonra şair, tərcüməçi, dramaturq Dilsuz Mustafayev “Günahsız Abdulla”nı belə xatırlayır:

“Bu əsərin müəllifi gürcü ədəbiyyatının  klassiki  Mixail  Cavaxaşvilidir.  Cavaxaşvilinin, demək olar ki, bütün əsərlərində azərbaycanlı obrazı var.

Mən televiziyada işləyən vaxtlarda Ramiz Həsənoğlu təklif elədi ki, “Günahsız Abdulla” povesti əsasında ssenari yazım. Bu teletamaşa Ramiz Həsənoğlu ilə bizim ilk işimiz olsa da, sözün düzü, uğurlu alındı. Teletamaşanın musiqisini  bəstəkar Cavanşir Quliyev yazdı.

Abdulla rolunu Mikayıl Mirzə oynayırdı və mənə elə gəlir ki, onun heç bir oyunu “Günahsız Abdulla”dakı qədər uğurlu alınmayıb. Çünki Mikayıl Mirzənin xarakteri ilə o obrazın xarakterində  üstü-üstə düşən məqamlar vardı.

“Günahsız Abdulla”da Mikayıl Mirzədən daha çox, Ramizin hərəkətləri yadımda qalıb. Necə həyəcan keçirirdi, necə aşağı-yuxarı gedib-gəlirdi, necə əli ilə üzünü tuturdu. Kaş o məqamları  gizli  kamera ilə çəkib saxlamaq mümkün olaydı.  Mən Ramizi  sakit adam kimi tanıyırdım. İş prosesində gördüm ki,  o öz hisslərinə hakim ola bilmir,  hisslərinin əsiri olur. Mən o məqamları görmüşəm, o məqamlar mənim üçün maraqlıdır”.

Bəstəkar Cavanşir Quliyev:

“Əslində, o zaman biz böyük bir iş görəcəyimizi düşünmürdük. Ramiz televiziyanın rejissoru idi, bu tamaşa da onun planlı işlərindən biri idi. Bu teletamaşadan əvvəl “Topal Teymur” teletamaşasında  birlikdə işləmişdik, ikinci işimiz “Günahsız Abdulla” oldu. O illərdə mənim teatr aləmində çoxlu rejissor, aktyor dostlarım vardı. Hərdən qədimi meydan teatrı barədə danışırdılar.   “Günahsız Abdulla”nın  meydan teatrı üslubunda tamaşaya qoyulması mənə daha maraqlı göründü.

İllər ötür, xatirimdə qalan odur ki,  bu teletamaşada çox həvəslə işlədik. Lazım olandan da artıq həvəs göstərirdik. Nəticədə  çox duyğulu tamaşa alındı. Düşünürəm ki, nə yaxşı o vaxt Ramiz bu tamaşanı hazırladı. Yoxsa Mikayıl Mirzədən nə qalacaqdı?

Teletamaşanın baş qəhrəmanı Mikayıl idi. Abdulla rolunu çox gözəl oynayırdı, sanki bu rol ona biçilmişdi.

Dediyim kimi, teletamaşada meydan teatrının ünsürləri vardı, hər şey tamaşaçının gözünün qabağında baş verirdi. Səhnə dəyişəndə  belə,  gözünün qabağında dəyişirdi. Onun televiziyada tətbiqini ilk dəfə Ramiz həyata keçirdi. Və o zamankı mütəxəssislərin dediklərinə görə, teletamaşa uğurlu alınmışdı. Alınmasaydı,  30 ildən sonra biz o tamaşa barədə danışmazdıq ki...

O ki qaldı musiqiyə, tamaşaçılar yəqin ki, diqqət ediblər tamaşanın musiqisində bir dənə də olsun musiqi aləti yoxdur. Hamısı insan səsləridir.  Rejissorla belə qərara gəldik ki, tamaşanın musiqisini yalnız insan səsləri ilə həll eləyək. Əslində, dünyanın ən gözəl musiqisi elə insan səsidir. Çünki insan səsinin rəngləri çoxdur. Bu hikmətin bir daha şahidi olduq və əmin olduq ki, insan səsiylə, hətta tamaşanın da musiqisini qurmaq olar.

Tamaşada Abdullaya  yerə-göyə sığmayan  haqsızlıq edilir.  Onu ifadə eləmək üçün çox duyğusal, emosional musiqi lazım idi. Tamaşada  xor,  duet, solo oxumaqlar var.

Musiqini çəkilişlərdən əvvəl yazdıq, çünki elə səhnələr var idi ki, musiqinin fonunda çəkilməli idi. Azərbaycan televiziyasının xorunu sərəncamımıza verdilər. Brilliant Dadaşova o zaman yeni-yeni oxumağa başlayırdı və onu hələ heç kim tanımırdı. Tamaşaya tanınmayan  səs lazımdır, əgər belə olmasa, tamaşanın sirri itir, rejissorun məqsədi puç olur.

Tamaşadakı  mahnılardan bir neçəsini Brilliant oxudu, kişi səsləri ilə olan mahnıları  məcbur olub özüm oxudum. Çünki müğənni kimi məni kimsə tanımırdı. O üzdən musiqiləri çəkilişdən əvvəl bəstələdim,  lentə alındı və ondan sonra  çəkilişlər başladı.

Hər dəfə bu tamaşaya baxanda, ruslar demiş, deyirəm “neujeli” bu tamaşanı biz hazırlamışıq (Gülür). Əcaba, bu bizimmi işimizdir?  İnsan gənc olanda çox enerjili olur, çox müsbət hisslərlə irəli baxdığından əlindən çıxan işlər də elə işıqlı, həyatsevər, enerjili  olur”.

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu:

“Tamaşanın ideyası, deməzdim,  birdən-birə yarandı. 1981-ci ildə Riqada teletamaşalar festivalı keçirilirdi mən də ora bir tamaşa aparmışdım. Bu festivalda Gürcüstandan gələn  Tomaz Qodezişvili ilə tanış oldum. Onlar festivala Cavaxaşvilinin  “Uçqun” romanı əsasında səhnələşdirilmiş gözəl bir tamaşa gətirmişdilər.

Festivalın bağlanışında Riqa televizyasında çəkilişlər oldu, hərə bir fikir söylədi, mən də təklif elədim ki, qarşılıqlı təcrübə mübadiləsi olsun, məsələn, gürcü əsərini  bizim rejissor tamaşaya qoysun, onlar bizim əsəri tamaşaya qoysunlar. O görüşdən sonra Tomaz məsləhət gördü ki,  Cavaxaşvilinin  “Günhasız Abdulla” əsərini oxuyum.

Bakıya dönəndən sonra  bu povesti tapıb oxudum. Məqsədimiz bu idi ki, mən bu əsəri Gürcüstan televiziyasında, gürcü aktyorları ilə hazırlayım,  gürcü rejissoru da gəlib bizim televiziyada  dramaturqlarımızdan birinin əsərini tamaşaya qoysun. Təəssüf ki, bu arzumuz həyata keçmədi, amma televiziyanın o vaxtkı rəhbəri Elşad Quliyev razılıq verdi ki, bu tamaşanın çəkilişlərinə başlayaq.

Dilsuza təklif elədim ki,  bu əsəri tərcümə eləsin. Tərcümə elədi və  finalı dəyişdi. Final belə idi ki, Abdulla məhbəsdən qaçıb Mustafanı öldürür. Bunu tuturlar təzədən mühakimə eləyirlər və sonda bəraət qazanır.

Dilsuza dedim ki, gəl bunu öldürək. Belə də oldu, yadımdadır ki, tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu”.

Haşiyə: İllər sonra teatrşünas Aydın Talıbzadə tamaşa barədə belə yazacaqdı: “Ramiz Həsənoğlu yaradıcılığında öz güclü energetikasına görə ikinci belə tamaşa yoxdur”.

– Mənim bioqrafiyamda o tamaşa çox möhkəm yer tutur. İllər  keçir, o tamaşalar tarixə çevrilir, tamaşadakı insanların çoxu artıq həyatda yoxdu. Həyatda olanlara da allah cansağlığı versin, yaşa dolublar. Mən o illəri nostalji hisslərlə xatırlayıram...

Tamaşanın musiqisi barədə isə onu deyə bilərəm ki, Cavanşirlə danışdıq ki, bu hadisə Azərbaycandan bir az kənarda, ancaq azərbaycanlıların məskunlaşdığı  bölgədə  baş verdiyindən  bayatılardan,  holavarlardan gələn bəzi xallarla yanaşı, gürcü elementlərindən də istifadə edək. Cavanşir bunları ustalıqla tamaşaya tətbiq elədi və çox gözəl nəticə alındı.

Çox qəribədir ki, Dilsuz şair olsa da,  bu tamaşaya şeir yox,  bayatılar seçdi. Və o bayatılar da, mənə elə gəlir ki, çox uğurlu seçilmişdi.

Aktyor seçmək də həmişə mənə çətin olub. Mən aktyor ailəsindənəm. Bilirəm o aktyorlar nələr çəkir. Aktyor seçimində səhv etdiyim məqamlar da olub, bu səhvlərimə görə Allah məni bağışlasın.

O tamaşadan bir il əvvəl  Mikayıla “Topal Teymur”da Şair Kirmani rolunu  vermişdim. Fikirləşirdim ki, Abdulla rolunda kim olsun, kim olsun, kim olsun, baxıb görürdüm ki, o piramidanın başında Mikayıl Mirzə dayanır. Heç bir tərəddüd eləmədən rolu Mikayıla verdim.

Mənim iş prinsipim belədir ki,  çox dəqiq operatorla, aktyorla, rəssamla işimi qururam. Və hamı bilir ki, mən nə istəyirəm. Xüsusi ilə  aktyorlar. Mikayılda isə bir qədər fərqli idi. Mən onun fəhminə inanırdım. Üstəlik, bu tamaşanı meydan teatrı əsasında  qururdum, meydan teatrının prinsiplərindən biri də odur ki, aktyora  bir az sərbəstlik, meydan vermək lazımdır və Mikayıl bunu məndən xahiş elədi. Mən də ona meydan verdim... ”

          “Günahsız Abdulla” – Mikayıl Mirzə

2004-cü ildə Xalq artisti Mikayıl Mirzə Aydın Talıbzadənin “Ustda və ayna” kitabının təqdimatında ona uğur gətirən bu teletamaşa, Ramiz Həsənoğlunun yaradıcılığı barədə çoxdan ürəyində gəzdirdiyi sözləri deməyə fürsət tapacaq, bu tarixi  çıxışı lentin yaddaşına köçüb əbədiləşəcəkdi:

          “...Tale elə gətirdi ki, Ramiz mənə Abdulla rolunu təklif elədi gördüm ki, dəhşət bir roldur. Kiçik bir əsərdi, amma burda yerin, göyün günahları var.  Ramizə dedim ki,  mənə meydan ver. Dedi, sənə meydan verəcəm. Ona görə də bu tamaşanı Ramiz meydan ruhunda qurdu. Bu tamaşa  Azərbaycan televiziyasında yeni bir mərhələ idi. Bu Azərbaycan teatrının modeli idi. “Günahsız Abdulla” Azərbaycan teatrı tarixində  yaranmış möcüzə tamaşalardan biri idi. Yaradıcısı Ramiz idi...

...Sonda mən özümü boğmurdum, Aydın çox gözəl deyib kitabda, əslində, günahlarımı boğurdum. Mən Mustafanı boğduğum kəndiri əlimdə gətirmişdim. Və orda variantlar var idi, özümü nə cür boğum.  Birinci dublda  kəndir əlimdədir necə ki, şərf mənim əlimdə oyuncaq idi, indi əlimdə kəndir idi bir də gördüm  kəndir dolanıb ey mənim boynuma. Artıq mən boğulmuşam Ramiz sənətində, Ramiz kəndirində...”

 “GünhasızAbdulla”dan danışarkən teletamaşanın operatoru  Eldar Məmmədovun, rəssam Rəfael Əlizadənin, eləcə də tamaşada iştirak edən Sofa Bəsirzadənin, Hamlet Qurbanovun, Ramiz Məlikovn, Səidə Quliyevanın adını çəkməli, hər bir aktyorun tamaşanın  uğurunda  payı olduğunu xatırlamalıyıq.

...40 ildə  “Günahsız Abdulla” unudulmadı və deyəsən, qarşıdakı 40 ildə də unudulmaycaq.  Lentin yaddaşından Mikayıl Mirzənin səsi gəlir: “...Eşq olsun sənə, pultda qal, Ramiz!!!”

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.